Accessibility links

Maydan hadisələrindən 10 il sonra ukraynalı fəallar mübarizələrinin hələ də davam etdiyini deyir


Maydan hadisələrindən 10 il sonra ukraynalı fəallar mübarizələrinin hələ də davam etdiyini deyir
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Ukraynada Maydan və ya Ləyaqət İnqilabı kimi tanınan üsyanın başlamasından 10 il keçir. Vətəndaş iğtişaşları dalğasına Rusiyanın dəstəklədiyi prezident Viktor Yanukoviçin Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamamaq qərarı səbəb olub və bu, üç aylıq müqavimət hərəkatına start verib. Amerikanın Səsi 2013-cü ilin noyabrından sonra ölkələri ilə birlikdə həyatları da dəyişən üç Maydan fəalı ilə görüşüb.

Kyivin əsas meydanı “Maydan Nezalejnosti”də (Mütəqillik Meydanı) nümayiş ozamankı prezident Yanukoviç Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina edərək, Rusiya ilə daha yaxın əlaqələrə üstünlük verməsindən sonra başlayıb.

Yuli Terexov o zaman tələbə idi. 2013-cü il 30 noyabr səhər tezdən, Ukraynanın iğtişaş polisi etirazçılara zorakılıqla müdaxilə etdiyi zaman o, Maydan meydanının mərkəzində idi.

“Mən döyülmənin bu qədər fəsadlarının olacağını düşünmürdüm. Amma güzgüyə baxanda, kürəyimin yarısı əzilmişdi,” o deyir.

Etirazçıların zorakılıqla dağıdılması üç ay davam edən əlavə nümayişlərə və yüzlərlə insanın ölümünə səbəb oldu.

“Bura çevik qüvvələr ucbatından beyin sarsıntılarımdan birini aldığım yerdir,” Terexov deyib.

Yuli bütün vaxt ərzində Maydan meydanında olub və inqilab ona əbədi damğasını vurub. Yanukoviç şəhərdən qaçanda etirazçılar inqilablarında qələbə əldə etdiklərini bəyan etdilər. Ancaq onların qələbəsinin ardnca Rusiya Krımı ilhaq etdi və daha sonra ölkənin şərqində Rusiya-Ukrayna müharibəsi başladı. Bütün bunlar Yulinin planlarını dəyişdi.

“Mən məşhur DJ olmaq və elektron rəqs musiqisi yazmaq istəyirdim, amma görürsünüz həyatım necə oldu. Şərqdə müharibə başladı və mən, bütün yoldaşlarım kimi, orduya qoşuldum,” o deyir.

Yuli indi Ukrayna Silahlı Qüvvələrinin kapitanıdır.

Maydan Oksana Sıvakın da həyatını dəyişib. Həmin zaman o, qinekoloq olaraq işləyirdi və xəstə və yaralıları müalicə etmək üçün Maydana getmişdi.

“Dostlarım və mən paltarlarımızın üstünə ağ köynək geyindik və üzərinə qırmızı dodaq boyası ilə xaç çəkdik və birinci barikadaya getdik və mən orada ilk yaralını müalicə etdim,” o deyib.

Oksana bunu idarə olunan xaos kimi təsvir edir. O deyir ki, hər kəs bir şəkildə kimin nə etməli olduğunu açıq-aydın dərk edirdi.

“Bizim hətta cədvəlimiz də vardı: Kyivdən həkimlər Maydana adətən gecə gəlirdi. Başqa şəhərlərdən həkimlər Maydanda olmaq üçün məzuniyyət götürürdülər və gün ərzində orada olurdular,” Maydan aktivisti Oksana Sıvak deyir.

Maydandan sonra Oksana çalışdığı tibbi klinikadan ayrılıb və indi daha çox tibbi qanunvericiliyin təbliği ilə məşğuldur.

“Biz tam-miqyaslı hərbi müdaxilə başlayanda Maydandakı eyni qrup dostlarımızla görüşdük və mən “Tanrım, eyni insanlar!” dedim. Amma dostum “Xeyr, bizdən daha çox var. Bizim uşaqlarımız böyüyüb” deyə cavab verdi.”

Fəallar deyir ki, Maydan İnqilabı hələ də davam edir, çünki onlar Rusiyanın Ukraynanın suverenliyinə hücumuna qarşı döyüşür və ölkələrində Qərb-tipli demokratik islahatlar uğrunda mübarizələrini davam etdirir.

Forum

XS
SM
MD
LG