Accessibility links

Viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan komitəsinin iclası keçirilib


Viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan komitəsinin iclası (Mənbə: Avropa Ittifaqının Bakı nümayəndəliyi)
Viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan komitəsinin iclası (Mənbə: Avropa Ittifaqının Bakı nümayəndəliyi)

Bakıda viza rejiminin sadələşdirilməsi üzrə Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası keçirilib.

Bu barədə Avropa İttifaqıın Azərbaycandakı missiyasının rəhbəri Peter Mixalko noyabrın 23-də X hesabında yazıb.

“Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasından 10 il ötür ki, bu da adamların rahat səyahət etməsinə imkan yaradır. Avropaya səfərlərin sayı pandemiyadan əvvəlki səviyyəni ötüb”, Mixalko qeyd edib.

Rəsmi Bakı Avropa İttifaqı-Azərbaycan birgə komitəsinin 7-ci iclası barədə hələ məlumat yaymayıb.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi Sazişi (VRSS) və Readmissiya Sazişi (RS) ətrafında danışıqlar 7 fevral 2012-ci il və 5 iyul 2013-cü il tarixlərini əhatə edən müddətdə Bakıda və Brüsseldə 4 rəsmi danışıqlar raundu çərçivəsində baş tutub.

Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi 29 noyabr 2013-cü ildə Vilnüsda keçirilən Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində imzalanıb.

28 fevral 2014-cü ildə Aİ ilə Azərbaycan ölkədə icazəsiz yaşayan şəxslərin readmissiyası üçün saziş imzalayıb.

Sazişlər 1 sentyabr 2014-cü ildə qüvvəyə minib.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi Sazişi Azərbaycan vətəndaşlarının, xüsusilə də tez-tez səfərdə olan vətəndaşların Aİ ölkələrinin əksəriyyətinə sərbəst şəkildə səfər etmələrinə şərait yaradan qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Qısa müddətli viza ilə 180 günü əhatə edən müddətdə 90 günədək qalmaq mümkündür. Sazişə əsasən viza haqları 60 avrodan 35 avroyadək azalıb, bəzi vətəndaş kateqoriyaları isə tamamilə haqlardan azad olmalıdır. Üzv dövlətlər tərəfindən tez-tez səfərdə olan şəxslərin bəzi kateqoriyaları üçün bir ildən beş ilədək müddəti olan çoxgirişli vizaların veriləcəyi planlaşdırılıb. Diplomatik pasportu olan şəxslər viza öhdəliklərindən azaddırlar. Sazişlə həm də müəyyən kateqoriyadan olan ərizəçilər, o cümlədən rəsmi nümayəndə heyətləri, 12 yaşdan aşağı uşaqlar, təqaüdçülər, tədqiqatçı və tələbələr üçün viza haqqının alınmaması təmin edilir.

Readmissiya sazişləri Aİ-na üzv dövlətlər və Azərbaycanın hakimiyyət qurumları üçün aydın öhdəlik və prosedurlar təyin edir. Onlar tərəflərin ərazisində qeyri-qanuni yaşayan şəxslərin nə zaman və necə geri qaytarılmasını tənzimləyir. Onlar yalnız hər iki tərəfin vətəndaşlarının qeyri-qanuni yaşamasını deyil, eləcə də müraciət edilən tərəflə aydın bağlantısı olan (məsələn, viza və ya yaşamaq üçün icazə) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qeyri-qanuni vəziyyəti ilə bağlı məsələləri əhatə edir.

Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edildiyi kimi readmissiya sazişlərinin tətbiqi zamanı İnsan Hüquqlarına tam şəkildə hörmət göstəriləcəyinə dair zəmanət verilir.

Forum

XS
SM
MD
LG