Accessibility links

İsrail və HƏMAS arasında atəşkəslə bağlı danışıqlar dalana dirənib


İsrail və Fələstinin islamçı HƏMAS qruplaşması arasında qarşıdurmanın davam etdiyi vaxt insanlar Rəfahda İsrailin hücumu nəticəsində həlak olan fələstinlilərin cəsədlərinin saxlandığı Əbu Yusif Əl-Nəccar xəstəxanasında matəm saxlayır, 5 may.
İsrail və Fələstinin islamçı HƏMAS qruplaşması arasında qarşıdurmanın davam etdiyi vaxt insanlar Rəfahda İsrailin hücumu nəticəsində həlak olan fələstinlilərin cəsədlərinin saxlandığı Əbu Yusif Əl-Nəccar xəstəxanasında matəm saxlayır, 5 may.

İsrail və HƏMAS arasında Qəzzada on minlərlə insanın ölümü və bir milyondan çox fələstinlinin evlərini tərk etməsinə səbəb olan təxminən 7 aydır davam edən qarşıdurmanın necə dayandırılmasına dair danışıqlarda bazar günü çıxılmaz vəziyyət yaranıb.

HƏMAS lideri İsmayıl Haniyə Qahirədə bildrib ki, Fələstin silahlı qruplaşması İsrailin “təcavüzünü” dayandıracaq və İsrailin Qəzzadan çıxmasını təmin edəcək, HƏMAS-ın isə İsrail tərəfindən həbs edilən yüzlərlə məhbusun əvəzində təxminən 100 girovu azad edəcəyi hərtərəfli atəşkəs istəyir.

Haniyə bəyanatında İsrailin baş naziri Benyamin Netanyahunu “təcavüzü davam etdirməkdə və münaqişənin miqyasını genişləndirməkdə, vasitəçilər və müxtəlif tərəflər vasitəsilə hər hansı bir razılaşmanın əldə edilməsi istiqamətində göstərilən səyləri sabotaj etməkdə” günahlandırıb.

Qüdsdə Netanyahu döyüşlərin dayandırlımasına dair Aralıq dənizi boyu dar bir bölgə olan Qəzzaya nəzarəti HƏMAS-ın əlində saxlayacaq və yəhudi dövləti üçün davamlı təhlükə yarada biləcək hər hansı razılaşmanı rədd edib.

O deyib ki, “İsrail istək nümayiş etdirsə də, HƏMAS hələ də ilk növbədə bütün qüvvələrimizi Qəzza zolağından çıxarmaq, müharibəni dayandırmaq və HƏMAS-ı hakimiyyətdə saxlamaq tələbi də daxil olmaqla, öz ekstremal mövqelərində qalır”.

“İsrail bunu qəbul edə bilməz” - deyə Netanyahu bildirib. “Həmas öz qətliamlarını, təcavüzünü və adam oğurluğunu təkrar-təkrar həyata keçirmək vədini yerinə yetirə biləcək”, o əlavə edib.

Altı həftəlik atəşkəs və həbsdə olan fələstinlilərin müqabilində bəzi girovların dəyişdirilməsi üçün təzyiq göstərən Netanyahu dəfələrlə Qəzza-Misir sərhədi yaxınlığındakı Rəfahda HƏMAS-ın qalan dörd batalyonunun kökünü kəsmək üçün atəşkəs razılaşmasının əldə olunub-olunmamasından asılı olmayaraq qurudan hücuma keçəcəyini vəd edib.

Tel-Əviv sakini şəhərin Dizengoff meydanında əlində silah tutan İsrail əsgəri və oktyabrın 7-də fələstinli islamçı HƏMAS qruplaşmasının ölümcül hücumu zamanı oğurlanan girovları əks etdirən plakatların önündən keçir, 5 may 2024.
Tel-Əviv sakini şəhərin Dizengoff meydanında əlində silah tutan İsrail əsgəri və oktyabrın 7-də fələstinli islamçı HƏMAS qruplaşmasının ölümcül hücumu zamanı oğurlanan girovları əks etdirən plakatların önündən keçir, 5 may 2024.

İsrailin əsas silah təchizatçısı olan Birləşmiş Ştatlar Netanyahuya artıq İsrailin havadan bombardmanları altında olan Rəfaha yeni hücuma qəti şəkildə qarşı olduğunu bildirib.

Qahirədə Fələstin rəsmiləri bildiriblər ki, Həmas liderləri Misir və Qətər vasitəçiləri ilə atəşkəs danışıqlarının ikinci gününü keçiriblər, lakin heç bir nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.

Vasitəçilik səylərinə yaxın olan bir fələstinli rəsmi bildirib ki, HƏMAS nümayəndə heyəti Qahirəyə razılığa gəlmək əzmində gəlib, lakin “nəyin bahasına olursa olsun” şərti ilə deyil”.

Misir mənbələri əvvəlki sülh danışıqlarında da iştirak edən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsun cümə günü Qahirəyə gəldiyini bildirib. Digər Qərb dövlətləri və İsrail kimi HƏMAS-ı terror qruplaşması kimi tanıyan Vaşinqton İsraili razılşmanın əldə edilməsinə çağırır.

İsrail bir mənbənin bildirdiyinə görə yüzlərlə fələstinli məhbusun azad edilməsi və bir neçə həftəlik atəşkəs müqabilində 20-33 girovun geri qaytarılmasını nəzərdə tutan şərtləri ilkin olaraq təsdiqləyib.

Minlərlə israilli şənbə günü etiraz aksiyası keçirərək, baş nazir Benyamin Netanyahudan HƏMAS ilə qalan girovların evlərinə qaytaarılmasını nəzərdə tutan atəşkəs razılaşmasını qəbul etməyi tələb edib.

Danışıqların keçirildiyi vaxt sakinlər və səhiyyə rəsmiləri İsrail təyyarələri və tanklarının gecə boyu Fələstin ərazisinə zərbələr endirməkdə davam etdiyini, nəticədə çoxlu sayda insanın öldüyünü və yaralandığını bildiriblər.

Müharibə HƏMAS-ın oktyabrın 7-də İsrailin hesablamalarına görə 1200 nəfərin öldürüldüyü və 252 nəfərin girov götürüldüyü hücumundan sonra başlayıb.

HƏMAS-ın idarəçiliyi altında olan Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əks hücumu nəticəsində 34,600-dən çox fələstinli ölüb, 77,000-dən çox insan yaralanıb. İsrail ölənlərin sayına öldürülən minlərlə HƏMAS militantının daxil olduğunu bildirir.

İsrailin bombardmanı sahilyanı ərazinin çox hissəsinin dağımasına və humanitar böhrana səbəb olub.

Forum

XS
SM
MD
LG