Birləşmiş Ştatların baş prokuroru Alberto Qonsales Misirə səfəri zamanı ABŞ-nın bundan sonra terrorizmdə şübhəli bilinən şəxsləri işgəncə təcrübəsinin mövcud olduğu ölkələrə yollamayacağını bildirib. Bu gün Qahirədə daxili işlər və ədliyyə nazirləri ilə görüşən Qonsales deyib ki, ABŞ terrorizm şübhəlilərini işgəncə olmayan ölkələrə ekstradisiya etməyə borcludur.
İnsan hüquqları təşkilatları Birləşmiş ştatların məhbusları gizli olaraq başqa ölkələrə ekstradisiya etdiyi, və bir sıra ölkələrdə, o cümlədən Misirdə məhbusların işgəncəyə uğradığını bildirib.
Baş prokuror Misiri demokrasiya istiqamətində nail olduğu irəliləyişə görə təbrik edib.
Xatırladaq ki, Aprel və May aylarında Misir polisi dinc nümayişləri qəddarcasına dağıtdıqdan sonra yüzlərlə məhbus hələ də həbsdə saxlanılır.