ABŞ prezidenti Corc Buş Şimali Koreya böhranın diplomatik yolla həllinin tərəfdarıdır. Lakin bu prosesin yavaş və müşkül ola biləcəyini deyib. Bu arada Şimali Koreya bu həftə raket sınağı ilə bağlı Yaponiyanın ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvini tələb edib. Şimali Koreyanın Yaponiyadakı elçisi Son İl Ho Pxenyanda müxbirlərə deyib ki, Yaponiya sanksiyaları ləğv etməsə, ölkəsi buna qəti cavab verəcək. O, sanksiyaların fəlakətli nəticələr verəcəyini və bunun məsuliyyətini Yaponiyanın daşıyacağını deyib. Şimali Koreya raket sınaqlarından sonra dünyaya xəbərdarlıq edərək bildirmişdi ki, ona təzyiq göstərən hər bir ölkəyə “fiziki əməllərlə” cavab verəcək. Keçən çərşənbə günü Şimali Koreya 7 raketi sınaqdan keçirdikdən sonra Yaponiya Şimali Koreya bərəsinin altı ay ərzində Yaponiyaya edəcəyi səfərlərini və həmçinin Şimali Koreya rəsmilərinin Yaponiyaya səfərlərinə məhdudiyyətlər qoyub. Yaponiya rəsmiləri bildirirlər ki, Şimali Koreryaya qarşı daha ciddi sanksiyalar tətbiq edə bilərlər. Bu arada Birləşmiş Ştatlar dövlət katibinin yardımçısı Kristofer Hill Şimalı Koreya ilə münasibətə vahid strategiya qəbul edilməsi məsələsini Çinin rəsmilərilə müzakirə edib. O bu gün Seula gedəcək və şənbə günü Cənubi Koreyanın rəsmilərilə görüşəcək. Oradan isə cənab Hillin Tokioyaya səfər edəcəyi gözlənilir.