Accessibility links

Suriya ilə müzakirələr İsrailin nazirlər kabinetinin həftəlik yığıncağının gündəliyinə salınıb


İsrail və Suriya arasında sülh müzakirələri nazirlər kabinetinin həftəlik yığıncağının gündəliyinə salınıb. Baş nazir Ehud Olmert deyib ki, Suriya ilə müzakirələr keçirilməsi məsələsinə olduqca böyük cavabdehlik, ciddilik və lazımi ehtiyatla münasibət göstərilir. O bu danışıqların məqsədinin sülh razılığı əldə edilməsi olduğunu desə də, mətbuatda yazılan məlumata münasibət bildirməkdən imtina edib. Qeyd edək ki, İsrail mətbuatı strateji əhəmiyyət kəsb edən Qolan təpələrinin Suriyaya qaytarılacağına dair məlumat yayıb. Keçən həftə İsrail Türkiyənin vasitəçiliyi ilə Suriya ilə müzakirələr keçirdiyini elan etmişdi. Bu iki ölkə arasında son dəfə danışıqlar 8 il öncə keçirilmiş və İsrailin Qolan təpələrindən geri çəkilməsinə dair mübahisələrə görə heç bir nəticə vermədən dayandırılmışdı. İsrail Qolan təpələrini 1967-ci ilin 6 günlük müharibəsi zamanı zəbt etmişdir. İsrailin baş naziri Ehud Olmert Suriya ilə müzakirələrin ərəb dünyası ilə münasibətlərə yardım edəcəyinə ümid bəslədiyini deyib. Lakin İsralin kabinet üzvlərinin əksəriyyəti buna skeptik münasibət göstərir. Onlar Suriya ilə sülh müzakirələrini səhv addım kimi qiymətləndirir.

XS
SM
MD
LG