Accessibility links

Süleyman Əliyarlı: “Türkmənçay müqaviləsi zor hesabına bağlanmışdı”


Bu il Azərbaycanı İranla Rusiya arasında bölən Türkmənçay müqaviləsinin 180-ci ildönümü tamam olur. Tarixçi professor Süleyman Əliyarlının sözlərinə görə, Rusiya İmperiyasının Cənubi Qafqazda yürütdüyü istilaçılıq siyasətinə Azərbacyan xanlıqları mqavimət göstərmiş və bəzi hallarda ümummilli maraqlardan çıxış etməyə səy göstərmişlər. Cənab Əliyarlının müqavilənin tarixi barədə xidmətimizə verdiyi müsahibəsinin tam mətninin təqdim edirik.


Sual: Türkmənçay sülh müqaviləsindən 180 il keçir. Bu müqavilə Azərbaycan xalqının tarixində hansı rolu oynayıb?

Cavab: Türkmənçay müqaviləsi Azərbaycan türklərinin doğulan hər bir nəslinin ürəyində sanki bir qılınc zərbəsinin izi kimi iz buraxıb. Çünki, o zaman bir millət olaraq və bir məmləkət olaraq Azərbaycan ikiyə parçalanmışdı.

Sual: Müqaviləni doğuran tarixi şəraitlə bağlı nə deyə bilərsiniz?

Cavab: Tarixi şərait o zaman Avropa dövlətlərinin müstəmləkə siyasətinə bütöv Asiya və Afrika ölkələrini və xalqlarını tabe etmək siyasətinə Çarlıq Rusiyasının aktiv şəkildə qoşulması ilə səciyyələndirilir. Çarlıq Rusiyasının xarici siyasəti “Pyotrun vəsiyyəti” deyilən bir bəlgə üzərində qurulmuşdu. Pyotr öz vəsiyyətində gələcək Rusiya çarlarına yazırdı ki, dünya ağalığını əldə etmək və Rusiyanı böyük dövlətə çevirmək üçün Rusiya Çarlarının paytaxtı İstanbul olmalıdır. O, vəsiyyətdə İstanbulu Konstantinopol kimi yazır: “Buna görə də əvvəlcə Türkiyənin nəfəsini kəsmək, məhv etmək, ondan sonra isə İranın başını kəsmək lazım idi. Sonra isə Hindistana girmək və Hind okeanına – isti sulara çıxmaq”. Bu böyük məramlara yetişmək üçün Qafqazı işğal etmək məsələsi qoyulurdu, buna görə də Çarlıq Rusiyası İran və Osmanlı Türkiyəsi ilə xarici siyasətində həmin məramı yerinə yetirmək üçün çalışmalarda bulunurdusa, bununla yanaşı, ilkin şərt kimi Qafqazın işğalı, istilası ilə məşğul olmuşdu və istədiyi mərama çatmışdır. Başlıca olaraq, beynəlxalq münasibətlər nisbətində Çarlıq Rusiyası əslində Qafqazı İngiltərənin, Osmanlı dövlətinin aşağı-yuxarı müəyyən dirənişi nəzərə alınmazsa, heç bir müavimət olmadan ələ keçirib. Çünki İran dövləti Qacarlar sülaləsi zamanında elə bir amil deyildi ki, dirəniş göstərə bilsin. Bir faktor isə Azərbaycan xanlıqlarının mövcudluğu idi: Azərbaycan xanlıqları XVIII yüzilliyin ikinci yarısında bu irəliləyişə dirəniş göstəriblər. Ancaq bu dirəniş istənilən kimi olmayıb və ola da bilməzdi.

Sual: Rusiya və İranın o zaman Azərbaycanın ərazisini bölməklə bağlı müqavilə imzalaması üçün hüquqi əsasları var idi? Çünki tarixi nəzəriyyələrdən də məlumdur ki, o zaman indiki Azərbaycan ərazisində - həm İranda olan azərbaycanlıların yaşadığı ərazidə, həm də müstəqil Azərbaycan Respublikasının ərazisində və Gürcüstan, Rusiya və Ermənistanda olan azərbaycanlıların yaşadığı ərazidə xanlıqlar mövcud idi. Xanlıqların hər birinin sərhədləri, qoşunları, pul vahidləri var idi və özləri dövlət statusunda idi. Yəni bu xanlıqlar İranın siyasi sərhədlərinə daxil idimi ki, İran və Rusiya belə bir müqaviləni imzaladı.
Cavab: Belə bir mövzunun açıqlanması üçün xanlıqların rolunu və statusunu kifayət qədər aydın şəkildə təsəvvür etmək lazımdır. Xanlıqların bəziləri - ən güclüləri İran Azərbaycanında Fətəli xanın zamanında Urmiya xanlığı, sonra 3 Şimali Azərbaycan xanlığı – Şəki xanlığı, Qarabağ xanlığı və Quba xanlığı əslində çox zaman örtülü olaraq Azərbaycan torpaqlarının və xanlıqların birləşdirilməsi siyasətini yeridirdilər.

Bu xanlıqlar əslində hələ Səfəvi dövləti dağıldıqdan sonra XVIII əsrin birinci yarısında Qacar səltənətindən asılılığı qəbul etmirdilər, ya da bəzən bunu formal olaraq yazıda və danışıqlarda etiraf etsələr də, onlar davranışlarında, siyasətdə müstəqil və suveren dövlətlər kimi özlərini aparırdılar. Qarabağ xanlığının səfiri Musa Peterburqda suveren dövlətin və Rusiya ilə yaxşı münasibətdə olan Qafqaz hökmdarlarından biri kimi qəbul edilmişdi və onun qəbulu haqda Katerina Qraf Fatyomkinə yazırdı ki, hətta bizim hərbi donanmanı göstərin və bizə yaxın dövlət başçısına göstəriləcək ehtiramları rəsmi protokol üzrə göstərin. Beləliklə, Rusiya yürüşlərinin ilkin çağlarında məhz Azərbaycan xanlıqları və Gürcü çarlıqları ilə birbaşa münasibətdə olub. İlkin dövlətlərarası sənədlər Rusiya-İran arasında deyil, Rusiya ilə Qarabağ xanı ilə bağlanırdı. Məsələn, Çiçianov Qarabağ hökmdarı İbrahim xanla 1805-ci il 14 may tarixində müqavilə imzaladı. Bu, Kürəkçay müqaviləsi adlanırdı.

Qacar sülaləsinin nümayəndəsi olaraq Fətəli şah hökuməti Rusiyadan tələb etdi ki, qoşunlarını İrandan çıxartsın. Rusiya da təbii ki, rədd etdi belə bir notanı. Ondan sonra İran ilə Rusiya arasında savaş qaçılmaz oldu.

Sual: Bunu hüquqi yox, savaşdan doğan bir müqavilə hesab etmək olarmı?

Cavab: Heç şübhə yoxdur ki, bu müqavilənin arxasında indiki dillə söyləmiş olursaq, beynəlxalq hüquq normalarına uyğun gələcək bir şey yoxdur. Bu müqavilə zor hesabına bağlanıb.

XS
SM
MD
LG