Brüsselə Türkiyənin Avropaya üzvlük prosesini canlandırmaq üçün səfər edən Türkiyənin baş naziri baş nazir Rəcəb Tayyib Ərdoğan, necə deyərlər, Avropanın yumşaq qaz damarından basıb.
Türkiyənin hökumət başçısı deyib ki, ölkəsinin Avropa Birliyinə üzvlük danışıqları bərpa olunmasa, Ankara «Nabucco» kəmərinə verdiyi dəstəyə yenidən baxa bilər.
Türkiyə Avropa Birliyi ilə üzvlük danışıqlarına 2005-ci ildə başlamışdı. Amma sonradan Kipr problemində Avropa ilə anlaşılmazlıq üzündən müzakirələr dayandı.
Hazırda isə Türkiyənin AB-la dialoqunda enerjiyə dair fəslin müzakirəsinə qadağa qoyulub.
Tayyib Ərdoğan deyib ki, vəziyyət belə davam etsə, Türkiyə mütləq Nabukko ilə bağlı mövqeyini dəyişəcək.
2015-ci ilə qədər tikiləcəyi nəzərdə tutulan 12 milyard dollarlıq Nabukko kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Avropa həmin kəməri Rusiya qazından asılılığının aradan qaldırılmasında əsas marşrut sayır.
Əslində bir sıra siyasi ekspertlər Ankaranın üzvlük məsələsində Avropanı Nabukko ilə tərpədə biləcəyini az ehtimal edirlər. Buna baxmayaraq, Ankaradan enerji məsələləri üzrə ekspert, BOTAŞ şirkətinin keçmiş rəhbəri Mete Göknəl "Amerikanın səsi"nə deyib ki, Türkiyə indiki enerji həmləsi ilə Birliyi böyük sınaq qarşısında qoyur. Baxmayaraq ki, ekspertə görə, Nabukko hazırda əvvəlki kimi təsir aləti deyil:
"Bu kəmər, əslində, Avropaya lazımdır. Amma Türkiyə də Avropaya alternativiniz yoxdub deyib, Nabukkoya yenidən baxarsa, itirə bilər. Hərçənd ki, indiki vəziyyətdə Nabukkonun da qazı yoxdur".
Ərdoğanın son bəyanatının Avropa üçün "soyuq duş" sayanlar da var. Bu düşüncənin tərəfdarları diqqəti ona yönəldir ki, 2003-cü ildən gündəmdə olan Nabukkonun çəkilməsi onsuz da maliyyə və digər problemlər baxımından xeyli vaxtdır ki, sual altında idi. Və indi həmin layihədə açar rolu oynamalı olan Türkiyənin bu şəkildə mövqeyini dəyişmək niyyəti, Avropa üçün böyük fəsadlar yarada bilər, xüsusilə də indiki qaz böhranı vaxtında.
Ancaq belə görünür ki, Ankara da xəbərdarlığında ciddidir. Ərdoğan bu il ölkəsinin Avropa İttifaqına qoşulmaq səylərində irəliyə böyük addım atacağına ümid etdiyini bildirib. O əlavə edib ki, bu məsələ hələ də ölkə üçün üstünlük təşkil edir. Belə ki, Türkiyə təşkilata üzvlüklə bağlı danışıqlarda ədalətli və bərabərhüquqlu rəftar istəyir.
Baş nazir əmindir ki, hökumət Avropa İttifaqına üzvlüklə bağlı türklər arasındakı bədbinliyin aradan qaldırılmasına nail olacaq.
Bu gün Ərdoganla görüşdən sonra Avropa Komissiyasınını rəhbəri Hose Manuel Barroso deyib ki, hər iki tərəf əməkdaşlıq məsələlərində nikbindirlər:
"Mən həqiqətən inanıram ki, Tükriyə Ilə Avropa arasında əməkdaşlıq üçün çox gözəl imkanlar var. Bu gün biz enerji məsələsində dialoqumuzu genişləndirmək və dərinləşdirmək qərarına gəldik".
Ərdoğan ölkəsinin Avropa ilə təmaslarını canlandıra bilmək ümidi ilə, son 4 ildə ilk dəfədir ki Brüsselə səfər edir. 2005-cü ildə Birliklə Ankara arasında danışıqlar dayandırıldıqan sonra Türkiyə liderləri bu təşkilatın qapısını açmırdılar...