Accessibility links

AB-Ukrayna razılaşmasını Rusiya qəbul etmir


Rusiya Ukrayna ilə məsləhətləşmələrini təxirə salıb. Rusiya dünən Kiyevlə Avropa Birliyi arasında Ukraynanın qaz boru kəməri sisteminin inkişaf etdirilməsinə dair əldə olunan razılaşmanı nəzərdən keçirmək istəyir.
Dünən Rusiya prezidenti Dmitri Medvedyev Moskvada Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib ki, gələn həftə Rusiya və Ukrayna baş nazirləri arasında keçirilməsi planlaşdırılan məsləhətləşmələr Kiyevlə AB arasında əldə olunmuş razılaşma barədə ətraflı məlumat verilənə kimi təxirə salınmalıdır.
Cənab Medvedyev deyib ki, saziş baş nazir Vladimir Putinin haqlı suallar qaldırmasına səbəb olub: “Razılaşmanın əsas faktoru nəql olunan qazın həcmidir. Aydındır ki, bu qaz Rusiyadan başqa heç bir ərazidən gələ bilməz. Bu məsələni isə Moskvayla heç kəs müzakirə etməyib”.
Cənab Putinin bəyanatına baxmayaraq, Rusiya enerji naziri Serqey Şmatko Brüsseldə Avropa Birliyi ilə Ukrayna arasında razılaşmanın imzalandığı konfransda iştirak edib.
Nadir hallarda birlik nümayiş etdirən Ukrayna baş naziri Yuliya Timoşenko və prezident Viktor Yuşenko AB-ə qaz şəbəkəsinin modernləşdirilməsi barədə 7.5 milyard dollarlıq plan təklif edib. Avropa rəsmiləri qitənin enerji təhlükəsizliyini təmin edəcək və Ukrayna iqtisadiyyatına yardım göstərəcək planı alqışlayıblar.
Moskva Enerji və Maliyyə İnstitutunun direktoru Vladimir Feyqin Amerikanın səsinə bildirib ki, Avropanın Ukrayna boru xətti sisteminə marağı yanvarda Moskva ilə Kiyev arasında yaşanan qaz müharibəsindən sonra daha da artıb: “Təklif üçün maliyyə dəstəyi təmin olunacaq, çünki məsələ Avropanın təklükəsizliyi, iş yerləri, sənayeləri və əhalinin rifahı ilə bağlıdır”.
Rusiyanın Avropaya satdığı qazın 80 faizi Ukrayna ərazisindən nəql olunur və təklif olunan planla bu faizin artması ehtimalı var. Kiyevdəki Razumkov Mərkəzində enerji eksperti Volodimir Omelçenko deyir ki, belə artım Moskvanın Ukrayna ərazisindən yan keçən “Şimal Axını” və “Cənub Axını” layihələrinin əleyhinə ola bilər. “Həm Şimal və Cənub axını layihələrini həyata keçirib, həm də Ukraynanın tranzit imkanlarını artırmağın mənası yoxdur, Belə ki, əlavə tranzitdən istifadə üçün kifayət qədər qaz mövcud deyil və heç Avropanın bu qədər qaza ehtiyacı da yoxdur”.
Şimal və Cənub Axınları tamamlanandan sonra bu boru xəttlərindən ildə 85 milyard kub metr qaz nəql olunması gözlənilir. Ukrayna isə hazırda 120 milyard kub metr qaz nəql edir.
Həftənin əvvəli Kiyevlə Brüssel arasında razılıq əldə olunandan cəmi bir neçə saat sonra cənab Putin bu sazişi qeyri-peşəkar, lazımsız və qeyri-ciddi adlandırıb. Baş nazir Birliyi Rusiyanın AB ilə münasibətlərini yenidən nəzərdən keçirməsi ilə hədələyib.
Volodimir Omelçenko deyir ki, Kiyev Avropa ilə məhsuldar əməkdaşlıq imkanı tapıb.
Avropa Birliyi ilə Ukrayna arasında bağlanmış, Ukraynanın Rusiyadan asılılığını azaldacaq sazişdə xərclər barədə rəqəmlər qəti deyil. Bununla yanaşı, saziş istehsalçı və istehlakçılar üçün vahid qaydaları müəyyən edir. Razılaşma habelə Ukrayna qaz şirkətlərinin rəhbərliyində bürokratik əngəlləri və korrupsiyanı azaltmaq üçün islahat aparılmasını nəzərdə tutur. Bu, xarici investorların təhlükə riskini azaldır.

XS
SM
MD
LG