Accessibility links

Ənn Dörsi: ‘Təsir sahələri’ və ya ‘üstün maraqlar’ ideyası tarix kitablarında qalmalıdır


“Amerikalılar rus, ingilis və Azərbaycan dillərində aparılan söhbətlərə qatılırlar. Amerika Rusiya ilə münasibətlərinin yeni erasını yaşayır. Eyni vaxtda biz Sovet İttifaqının sabiq respublikaları olan dövlətlərlə də əlaqələrimizi dərinləşdirməyə davam edirik. Amma uzun müddətli vərdişlərdən o qədər də asan yaxa qurtarmaq olmur”.

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dersi bu gün Bakı Slavyan universitetinin tələbələri ilə görüşündə bəyan edib.

Səfir deyib ki, “bu universitet Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında olan münasibətlər kimi vacib mövzu barədə danışmaq üçün tam uyğun yerdir”.

Daha sonra diplomat fikrini belə davam etdirib: “Bakı Slavyan Universiteti Sovetlər Birliyi dövründə təsis olunan vaxtdan Rus dilinin tədrisi və tədqiqinin mərkəzi olub. Təbii ki, bu universitet uzun tədris, mübadilə və dialoq tarixinə malikdir. Universitetin altmış illik tarixinin əksər hissəsi boyu Amerika Birləşmiş Ştatları Soyuq Müharibərin yaratdığı divarın o biri tərəfində idi. Lakin Soyuq Müharibə sona çatdı. Artıq arada heç bir divar yoxdur”.

Səfir xatırladıb ki, son iyirmi il ərzində Birləşmiş Ştatların Rusiya ilə tərəfdaşlıq etməsinə baxmayaraq arada çətinliklər və gərgin məqamlar olub:

“Arada anlaşılmamazlıqlar olub. Birləşmiş Ştatların vitse-prezidenti cənab Bayden və prezident Obamanın aydın şəkildə bəyan etdikləri kimi, Amerika Rusiya ilə münasibətləri yenidən başlamaq, və yaxud bizim Prezidentin istifadə etdiyi kompyuter dil ilə desək, proqramları yenidən işə salmaq istəyirik”.

Səfir əlavə edib ki, donmuş vəziyyətdə olan monitor və ya çox lənq işləyən kompyuter insanı qıcıqlandırır və işin davamını mümkünsüz edir.

“Məhz elə bu vaxt biz “yenidən başla” düyməsini basırıq, məhz elə bu vaxt biz kompyuteri söndürüb sonra bütün proqramları yenidən başlayırıq. Əlbəttə, Amerika və Russiya münasibətləri heç bir vaxt tamamilə dondurulmamışdır. Lakin bu ayın əvvəlində prezident Obama prezident Medvedev ilə ilk rəsmi görüş vaxtı dediyi kimi, Amerika-Rusiya “münasibətləri özbaşına gedirdi”.

Səfirin fikrincə, Vaşinqton-Moskva münasibətlərinin irəliləyişi asan olmayacaq. “Elə məqamlar olacaq ki, maraqlar üst üstə düşməyəcək, lakin elə vaxtlar da olacaq ki, bizim maraqlar eyni olacaq.Və bunlar tərəfdaşlığın və əməkdaşlığın zəminini yaradır”.

Səfir Rusiya-Amerika tərəfdaşlığının bir neçə istiqamətini vurğulayıb:

“Birincisi, biz nüvə silahlarının sayını azalda bilərik, ikincisi, birgə işləyərək nüvə silahlarının yayılmasının qarşısını ala bilərik, üçüncüsü biz Əfqanistana dair birgə maraq bölüşürük, dördüncüsü bizim gündəliyimizdə bir sıra qlobal məsələlər mövcüddur: Məsələn, iqlim dəyişikliyi sahəsində daha çox əməkdaşlıq edə bilərik. Biz terrorçuluğa qarşı mübarizədə birgə işləyə bilərik. Və birgə işləyərək global iqtisadi böhranın öhtəsindən gələ bilərik. Bütün bu sahələrdə bizim maraqlarımız üst-üstə düşür”.

Bununla yanaşı, Dersi qeyd edib ki, “ortaq gündəliyin mövcud olması hələ o demək deyil ki, Amerika və Rusiya hər bir şeyə dair razılığı əldə edə biləcək. Arada bir neçə real fikir fərqliliyi və ciddi narahatlıqlar var”.

Məsələn, ABŞ Rusiyanın keçən ilin avqustunda Gürcüstanda həyata keçirdiyi fəaliyyətlərin əleyhinə çıxış etməyi davam edir:

"Biz Rusiyanı atəşkəs rejiminə hörmətlə yanaşmağa, bütün hərbi qüvvələri geriyə çəkməyə və humanitar yardımın Gürcüstanın bütün bölgələrinə çatdırılması üçün imkan yaratmağa çağırırıq. Biz Gürcüstanın suverenliyini ve ərazi bütövlüyünü dəstəkləyirik. Rusiyanın hərəkətləri beynəlxalq hüquqa tam zidd idi, dövlətlərin çoxu həm hərbi əməliyyatlara, həm də diplomatik tanınmaya qarşı çıxdı. Bir zamanlar Moskva tərəfindən idarə olunan bütün demokratik dövlətlərlə bağlı biz eyni siyasət yürüdürük.

Biz inanırıq ki, Azərbaycandan Ukraynaya, Ermənistandan Moldovaya qədər bütün müstəqil və suveren dövlətələr iyirmi birinci əsrdə öz yollarını seçməlidirlər. Nə Rusiyanın, nə Amerika Birləşmiş Ştatlarının, nə də başqa üçüncü dövlətin azad və müstəqil ölkəyə müxtəlif istiqamətləri diktə etməyə haqqı yoxdur. “Təsir sahələri” məfhumu 19-cu əsrdə yaranmış və 20-ci əsrdə inkişaf etmişdir. Amma biz düşünürük ki, “təsir sahələri” və ya “üstün maraqlar” ideyası tarix kitablarında qalmalıdır, çünki, iyirmi birinci əsrdə onlara yer yoxdur. Suveren dövlətlər özləri qərar verməlidirlər -onlar öz seçdikləri ölkələr və qruplarla əlaqə qurmaqda azad olmalıdırlar”.

Səfirin təbirincə, Azərbaycan və Qafqazdan Orta Asiyaya qədər olan qonşularının tarixini oxuduqda, əsas xarakterlər xarici qüvvələrdir.

“Ruslar və Britaniya İmperiyası buranı nəzarətda saxlamaq üçün həmişə rəqabət aparmışlar. Hətta indi də xarici müxbirlər Rusiya, ABŞ və İranın rəqabət apardığı “Yeni Böyük Oyun” haqqında mülahizələr irəli sürməyi sevirlər. Mən bu gün buradan demək istəyirəm ki, heç bir “Yeni Böyük Oyun” yoxdur. Azərbaycanın və bu bölgənin bütün müstəqil və suveren dövlətlərinin gələcəyi bir oyundan asılı ola bilməz. Siz gələcəyinizi özünüz müəyyən etməlisiniz, bunu nə Moskva, nə Vaşinqton, nə də bir başqası edə bilməz. Bu o demək deyil ki, Azərbaycan bir adadır və nə Amerika, nə də Rusiya bura heç bir təsir göstərə bilməz. Ancaq iyirmi birinci əsrdə təsir ideyaların və mədəniyyətlərin gücündən gəlir. Ticarət, sərmayə, təhsil və əməkdaşlıq, bunlar təsir qüvvələridir”.

Səfir daha sonra qeyd edir ki, Azərbaycanın Rusiya ilə qonşu olaraq, güclü və inkişaf edən iqtisadi, mədəni və diplomatik əlaqələrə malik olması təbiidir.

Həmçinin o da təbiidir ki, Azərbaycan öz maraqları dairəsində ABŞ, Avropa və dünyadakı bir çox ölkələrlə müəyyən əlaqələrə malikdir.

“ABŞ Azərbaycanla möhkəm strateji tərəfdaşlığa niyyətlidir”, - deyə Ənn Dersi fikrini yekunlaşdırıb.


XS
SM
MD
LG