Vaxtı ilə Türkiyənin Azərbaycada və ABŞ-da səfiri olmuş sabiq türk diplomatı, Ankaradakı Avrasiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Faruk Loğoğlu Amerikanın səsinə müsahibəsində Bakı-Ankara münasibətlərində son zamanlar yaranmış problemlərin həlli yollarından danışıb. Müsahibəni təqdim edirik:
Sual: Cənab Loğoğlu, Azərbaycan-Türkiyə münasibətlərində son zamanlar problemlər yaşandığı barədə mətbuat yazırdı. Ancaq bu, rəsmi səviyyədə dilə gətirilmirdi. Lakin bu gün Türkiyəyə səfəri əsnasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov iki ölkənin münasibətlərini böhranlı qiymətləndirib. Haqqında danışılan böhranı siz necə təsvir edərdiniz?
Cavab: Həqiqətən də, son həftələrdə Türkiyə-Azərbaycan münasibətlərində bir sıxıntı yaşadıq. Bunun təzadları hələ tam keçməyib. Xüsusilə də iki ölkə mətbuatında bu böhran və sıxıntı reallıqdan daha böyük şəkildə təqdim olunurdu. Rəsmilərin verdiyi bəyanatlar da vəziyyəti düzəltməkdənsə, sanki həqiqətən də iki ölkə arasında böyük bir problem olması təsəvvürünü gücləndirdi.
Sual: Vaxtı ilə Bakıda çalışmış Türkiyə səfiri kimi, siz indi yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Hər iki ölkə necə bir davranış nümayiş etdirməlidirlər?
Cavab: Mən buna inanıram ki, Türkiyə ilə Azərbaycan bir-birilərinə çox yaxındırlar və iki ölkənin maraqları bir çox məsələdə bir-birini tamamlayır. Türkiyə üçün Azərbaycan vazkeçilməz, dəyərli bir qonşu və qardaş ölkədir. Mən bir şeyi deyə bilərəm ki, Türkiyə heç vaxt Azərbaycanı Ermənistan üçün fəda etməz. Ankara Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, işğal olunmuş bütün ərazilərinin geri qaytarılması mövqeyində sonadək duruş gətirmək iqtidarındadır. Mən iki ölkə arasındakı hazırkı mərhələnin tezliklə aşılacağına inanıram. Gələn həftə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya gedəcək və orada prezident İlham Əliyevlə görüşəcək. Mən iki ölkənin əvvəllər olduğu kimi, birlikdə hərəkət edəcəklərini düşünürəm.
Sual: Bir məqama aydınlıq gətirməyinizi istərdim. Azərbaycan rəsmiləri ehtiyat edirlər ki, Avropa Birliyinə üzvlük şanslarını artırmaq naminə Türkiyə Ermənistanla sərhədlərini açmaq qərarı verə bilər. Lakin Türkiyə rəhbərləri dəfələrlə Azərbaycanı arxayın ediblər ki, Ankara Ermənistanla müzakirələrini Dağlıq Qarabağla paralel şəkildə aparır. Bu diplomatik ifadələrin arxasında dayanan anlaşılmazləqlar nədir?
Cavab: Bu anlaşılmazlıqları Azərbaycan prezidenti cənab İlham Əliyev çox açıq şəkildə ifadə etdi ki, məlumat vermək başqa şeydir, məsləhətləşmək başqa. Mən Türkiyənin gərəkli məlumatları Azərbaycanla tam və daimi olaraq bölüşdüyünə heç bir şebhə etmirəm. Amma bu müddətdə bütün məqamlar üzrə məsləhətləşmənin olub-olmadığını deyə bilmərəm. Məncə, indi Türkiyə hökuməti baş nazir və president bu sahədəki çatışmazlıqları dolduracaqlar. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması lazımdır, çünki nəticədə o da bizim qonşumuzdur. Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi Ermənistan-Azərbaycan münasibətlərinə fayda verəcək. Lakin bu, Dağlıq Qarabağa paralel şəkildə getməlidir. Şəxsən mən Ankara ilə Yerevan arasında aparılan müzakirələr əsnasında bu məsələnin müzakirə edildiyinə heç bir şübhə bəsləmirəm.