Accessibility links

Praqada Qarabağa dair aparılmış danışıqlara Bakıdan baxışlar


Azərbaycan və Ermənistan prezidentlərinin dünən baş tutan Praqa danışıqlarının gərgin keçdiyi bildirilir.

Bununla yanaşı, vasitəçilər ilin sonuna qədər baza prinsipləri üzərində əsaslı razılaşma əldə olunacağını gözləyirlər.

İki prezidentin təkbətək görüşü ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə Avropa İttifaqının sammiti çərçivəsində təşkil olunmuşdu.

İlham Əliyev və Serj Sərkisyanla habelə Praqada səfərdə olan Türkiyə prezidenti Abdulla Güllə də ayrı –ayrılıqda danışıq aparıb.

Bütün bu danışıqların təfərrüatı barədə müxtəlif fikirər səslənməkdədir.

Dünən yaydıqları bəyanatlarında Minsk Qrupunun həmsədrləri növbəti dialoqların ilin sonuna qədər baza prinsipləri üzərində əsaslı razılaşmaya aparacağına ümidlərini izhar ediblər.

Bakının siyasi dairələrində isə danışıqların hazırkı mərhələsi barədə müxtəlif fikirlər səslənməkdədir.

Siyasi təhlilçi Zəfər Quliyev deyir ki, Praqa görüşlərindən əvvəl danışıqların həllinə müəyyən ümidlər yaranmışdı. Ancaq ümumi atmosfer bu görüşün də əvvəlkilərdən fərqlənmədiyini nümayiş etdirib. Cənab Quliyev Amerikanın səsinə bunları deyib:

“Faktiki olaraq, Praqada prezidentlər heç nəyə nail olmadılar. Həm Ermənistan, həm də Azərbaycan öz mövqelərində qaldı. Düzdür həmsədrlər hesab edir ki, konseptual baxımdan mövqelər bir qədər yaxınlaşdı. Ancaq hər görüşdən sonra hansısa bir pozitivlik axtarıb tapmaq olar. Amma real addım mən şəxsən görmürəm. Ümumiliyyətlə mənə elə gəlir ki, hələlik geosiyasi zəmin tam yetişməyib”.

Maraqlıdır ki, Praqa danışıqlarının ardından tələsik olaraq prezidentlərə, növbəti görüşə hazırlaşmaları təklif olundu.

Dövlət başçılarının gələn ay Sankt-Peterburqda bir ayara gələcəyi deyilir.

Gələn ay habelə Franda prezidentinin Bakı və Yerevana səfərləri nəzərdə tutulub. Biz cənab Quliyevdən bütün bu təmasların nədənsə xəbər verib-vermədiyini soruşduq.

“Bir şey aydın görünür ki, indiki mərhələdə ABŞ və Avropa Birliyinin timsalında Fransa ciddi aktivlik göstəririlər. O cümlədən, Türkiyə də münaqişənin həlli üçün fəallıq nümayiş etdirir. Tezliklə Türkiyə baş nazirinin Bakıya və Moskvaya səfərləri nəzərdə tutulub. Lakin Moskvanın mövqeyi bir az müəmmalı görünür. Bu ölkənin Cənubi Qafqazdakı maraqları Qərblə toqquşur. Belə bir şəraitdə inandırıcı görünmür ki Moskva Qərbin təşəbbüsü ilə məsələnin həllində maraqlı ola”.

Vaxtı ilə Azərbaycanın Rusiyada səfiri olmuş politoloq Hikmət Hacızadə də Qarabağ ətrafında aparılan hazırkı təmaslardan heç nə gözləmir.

Amerikanın səsinə müsahibəsində o deyib ki, əslində əsas dialoq Bakı ilə Yerevan arasında yox, ABŞ və Rusiya səviyyəsində aparılmalıdır.

“Rusiya ilə Qərb arasında 10-a qədər böyük problem var və Qarabağ da onların içində gedir. Əgər moskva ilə Vaşinqton öz aralarında barışıq barədə böyük qərar qəbul etsələr, o zaman bütün problemlər, o cümlədən İraq, Şimali koreya və eləcə də regional konfliktlər həll olunmağa başlayacaq. Amma böyük bir razılıq olmasa, Qarabağ da indiki kimi qalacaq”.

Bununla yanaşı, cənab Hacızadə hesab edir ki, regional fəallıq Azərbaycana iştirak etdiyi bir çox layihələrdən çıxış edərək, Qarabağ mövzusunu beynəlxalq diqqətə çıxarmağa imkan yaradır.

Lakin bu o vaxt nəticə verəcək ki, böyük dövlətlərin münaqişənin həllinə yönələn maraqları bir-birini tamamlasın.



XS
SM
MD
LG