Accessibility links

Dəyirmi Masa: İranda daxili siyasi qarşıdurma


Ötən günlər ərzində İranda daxili siyasi situasiya gərginləşməkdə davam edib. Seçkisonrası iğtişaşlarda iştirak ittihamı ilə həbs edilən məhbusların dördüncü kütləvi məhkəməsi başlanıb. Prokuror müxalifətçilərə ən ağır cəza olan ölüm cəzasınn verilməsini tələb edir. Sıralarında yüksək rütbəli sabiq dövlət rəsmiləri yer alan müxalifət isə məhkəmələri şou adlandırır. Bir sıra ekspertlər İranda siyasi durumun İslam İnqilabından bəri indiyədək bu dərəcədə qeyri-sabit olmadığını deyir. Bu mövzuda diskussiya aparmaq üçün bugünkü dəyirmi masa söhbətimizə İran azərbaycanlıları siyasi məhbusların hüquqlarını müdafiə cəmiyyətinin sözçüsü Vahid Qarabağlı, politoloq Qabil Hüseynli və Amerikanın Səsinin Kanadadakı müxbiri İnsafəli Hidayəti dəvət etdik.

İranda son olayları şərh edən Qabil Hüseynli bildirdi ki, hazırda İranın siyasi elitasında dərin çat əmələ gəlib. İranın dövlət aparatında və dini təssisatlarda kifayət qədər mötəbər mövqe tutan xaidmlər Mahmud Əhmədinejadın prezidentliyi ilə barışmaq niyyətində deyillər. Bu qüvvələr seçkisonrası etiraz aksiyalarına qatılmış insanların məhkəmə qarşısına çıxarılmasından olduqca narazıdırlar, və Əhmədinjead hökumətinin repressiyasını özlərinə qarşı yönəlmiş addım kimi qəbul edirlər. Cənab Hüseynli qeyd etdi ki, siyasi elitanın parçalanması və bu qüvvələrin bir-biri ilə münaqişəsi kəskinləşdikdə İslamçı rejimin davamlılığı ciddi suallarla üzləşir.

Hüquq müdafiəçisi Vahid Qarabağlı İran Azərbaycanında nisbi sakitliyin olduğunu bildirsə də, ara-sıra həbslərin davam etdiyini və həbsdə olan azərbaycanlı fəallara qarşı təzyiqlərin davam etdiyini söylədi. Vaxtikən İranda işgəncələrə məruz qalmış İnsafəli Hidayət İran rejiminin dünya ictimaiyyətinə məhəl qoymadığını və siyasi məhbuslarla pis rəftarını davam etdirdiyini bildirdi. Onun sözlərinə görə Mahmud Əhmədinejad hökuməti hesab edir ki, rejim əleyhinə etiraz səslərini ucaldan fəallara zorakılıq tətbiq etməklə hökumət öz sabitliyini qoruya biləcək. İran azərbaycanlılarının son olaylarda siyasi fəallığının süstlüyünü izah edən cənab Qarabağlı bunu İranda etnik azlıqlara ənənəvi ögey münasibətlə əlaqələndirdi. Belə ki, bir neç il bundan öncə İran Azərbaycanında etiraz aksiyları vüsət alanda İranın aparıcı müxalifəti bu hadisələrə reaksiya verməmişdi.

Politoloq Qabil Hüseynlinin fikrincə İran Azərbaycanlılarının son siyasi qarşıdurmada tərəf tutmamasl taktiki səhvdir. Onun sözlərinə görə İranda demokratik hökumətin qurulmasına gətirib çıxara biləcək hər hansı siyasi dəyişiklik Azərbaycan türklərinin və elə də başqa azlıqların maraqlarına xidmət edir. Qabil Hüseynli azərbaycanlıların tarixən İranda cərəyan edən siyasi proseslərdə irəlidə olduqlarını önə çəkərək, Azərbaycan türklərinin hazırda cərəyan edən hadisələrdə də öz sözünü deyəcəyinə ümidvar olduğunu söylədi.

XS
SM
MD
LG