Azərbaycan Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin
müdiri NovruzMəmmədov "Amerikanın səsi" radiosuna müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin
nizamlanması prosesindəki çətinliklər, Türkiyə-Ermənistan protokolları və
bayraqlardan danışıb. Şöbə müdiri qərb dövlətlərini Ermənistana təsir
etməməsini pisləyir. O həmçinin Azərbaycan - Türkiyə münasibətlərində bütün
məsələlərin həll ediləcəyini bəyan edib.
Sual: Azərbaycan-Ermənistan danışıqlarında nə vaxt razılıq əldə edilə
bilər? Son danışıqlardan irəliləyiş olmadığı qeyd edilir. Eyni zamanda, Azərbaycan
prezidenti həm də ümumilikdə danışıqlarda irəliləyişin olduğunu bildirib. Bu
irəliləyiş nədən ibarətdir?
Cavab: Son razılaşmanın nə vaxt baş tutacağı ilə bağlı suala
həmsədrlər düzgün, konkret və əsaslandırılmış cavab verə bilər. Çünki
danışıqlar prosesini onlar aparır. Çox təəssüf ki, onların səyləri də müəyyən nəticə
vermir. Həmsədrlər papaqlarını qarşılarına qoyub düşünməlidir ki, bəlkə düzgün
yol və ya prinsip seçməyiblər. Özünüz həll edin, özünüz razılaşın, biz sizi
dəstəkləyirik prinsipi beynəlxalq hüquqda yoxdur. Yəni, müəyyən mənada, iki
tərəf arasında vasitəçilik edən həmsədr institutunun bir platforma olmalıdır.
Belə başa düşürəm ki, həmsədrlərin platformasında müəyyən problemlər var.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan danışıqları aparır və bugünkü beynəlxalq
prinsiplər xatirinə konstruktiv addımlar atırıq, münaqişənin sülh yolu ilə
həlli üçün əlimizdən gələni etməyə çalışırıq. Amma Ermənistan tərəfi
konstruktivlik göstərmir və elə addımlar atır ki, bəzən müəyyən mərhələlərdə
əldə edilmiş kiçik nailiyyətlər də sonralar heç olub gedir. Yəni nəticə əldə
edilmir. Bunu, Azərbaycan prezidenti açıq deyib. Necə ola bilər, Ermənistan
tərəfi bir neçə il və ya bir neçə ay əvvəl əldə edilmiş müəyyən razılaşmanı, bu
gün yenidən müzakirə və ya mübahisə mövzusuna çevirir? Necə olur ki,
Türkiyə - Ermənistan protokollarının imzalanmasına dəvət edilməmiş ABŞ, Fransa,
Rusiya, Avropa İttifaqı, Sloveniya və İsveçrənin xarici işlər nazirləri imzalanma
mərasimində tərəflərin arxasında dayanıb, təzyiq göstərə-göstərə, kiminsə
maraqları çərçivəsində, kiminsə maraqlarına hər şeyi qurban verib dedilər ki,
protokolu mütləq imzalayın. Onlar tərəflərlə saatlarla danışıqlar apardılar və
mütləq protokolları imzalayın dedilər.
Amma, Ermənistan-Azərbaycan münaqişəsi həm çəkisinə, həm
əhəmiyyətinə, həm də miqyasına görə, Türkiyə-Ermənistan sərhədlərindən qat-qat
artıq və mühüm bir hadisədir. Amma çox təəssüf ki, bu gün qərbdə buna göz
yumurlar. Yəni münaqişənin həlli üçün, o dərəcədə də konkret və effektiv addım
atmaq istəmirlər. Ona görə də, münaqişənin nə vaxt başa çatacağı ilə bağlı
sualı həmsədrlərə, ABŞ prezidenti və dövlət katibinə, Fransa prezidentinə
və xarici işlər nazirinə, Rusiyaya ünvanlayın. Rusiya yenə bununla bağlı
müəyyən addımlar atır. Mən bilirəm ki, son danışıqlarda Rusiya prezidenti Ermənistan prezidentini
inandırmaq üçün, mövqeyinin düzgün olduğunu ona sübut etmək üçün çox böyük səylər
göstərib. Ancaq buna baxmayaraq, nəticə yoxdur. Deməli, təzyiqlər kifayət qədər
deyildir.
Sual: Həmsədrlərin ümumi platforması necə olmalıdır?
Cavab: Həmsədrlərin ümumi platforması beynəlxalq hüquq və onun
normalarına əsaslanmalıdır. Ermənistan Azərbaycanın ərazisini işğal edib.
Dağlıq Qarabağ tutaq ki, bu gün müəyyən mübahisələrə səbəb olur, hansı ki, Azərbaycanın
suverenliyinə daxildir və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ona, status
veriləcək. Amma Dağlıq Qarabağın ətrafındakı 7 rayon hansı hüquqi-siyasi əsasla
işğal altında saxlanılır? Bunu düşünmək lazımdır. Beynəlxalq hüquq burada öz
sözünü deməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub. 7 rayona ermənilərin
heç bir iddiası yoxdur. Həmin rayonlardan köçkün düşmüş yüz minlərlə insanın geri
qaytarılmasına heç kim bir mövqe bildirmir. Söhbət bundan gedir.
Azərbaycanın bu gün, qərb dövlətlərindən ədalət gözləməyinin səbəbi budur. Qərb
dövlətlərindən sual edilir, bax burada ədaləti müdafiə etməyəcəksənsə, onda
hansı məqamda ədaləti müdafiə etmək lazımdır? Yəni platforma belə olmalıdır ki,
Ermənistanın mübahisəsi, müharibəsi Dağlıq Qarabağla bağlıdırsa, Azərbaycan
bunun danışıqlar yolu ilə həlli üçün qarantiya verir. O biri rayonları mütləq
azad etməlisən. Çünki sən işğalçı dövlətsən. Bax, bunu Ermənistana heç kim
demir.
Sual: Azərbaycan prezidenti bildirib ki, Türkiyə - Ermənistan
sərhədlərinin açılması ilə Ermənistan -Azərbaycan münaqişəsinin həlli paralel aparılmalıdır.
Dövlət başçısının fikrincə, bu problemlər arasında rəsmi olmasa da, qeyri-rəsmi
əlaqə var. Paralel nizamlanma necə olmalıdır?
Cavab: Azərbaycan prezidenti paralellik məsələsini diplomatik
dillə çox konkret deyib. Birinci, ona görə ki, Türkiyə hökuməti 1993-cü ildə Kəlbəcərin
işğalına etiraz olaraq Ermənistanla sərhədlərini bağlayıb. Məgər, bu rəsmi
əlaqə deyilmi? İndi, kiminsə maraqlarına uyğun olaraq, bunu bir-birindən
ayırırlarsa, burada beynəlxalq hüququn və ya mənim nə günahım var. Çox təəssüf
ki, bu gün dünyada hər kəs ədaləti tapdalaya-tapdalaya gedir. Hər kəs öz
marağına uyğun addımlar atır.
İkincisi, əgər ədalətsizlik yoxdursa, elə isə, Ermənistan-Azərbaycan münaqişəsinin
nizamlanmasına məsul olan Minsk qrupunun həmsədrləri və həmsədr ölkələrin
xarici işlər nazirləri İsveçrədə Türkiyə-Ermənistan protokolları imzalanan
zaman olmalarının əhəmiyyəti, ehtiyacı, vacibliyi və zərurəti nədə idi? Onlar
nə üçün oraya gəlmişdilər? Deməli, belə nəticə çıxır ki, bunların hamısı
Ermənistanın tərəfindədir və yalnız Ermənistana dəstək verirlər.
Sual: Türkiyə-Ermənistan arasındakı uzunmüddətli gərgin münasibətlər iki
illik danışıqlardan sonra protokolların imzalanması ilə demək olar ki, həllini
tapdı. Azərbaycanla aparılan 18 illik danışıqların yekunlarını necə
gözləyirsiniz? Qərb dövlətləri tərəfindən təzyiqlər və təsirlər olarsa,
danışıqlarda bir irəliləyiş gözləyirsinizmi?
Cavab: Mən qərb dövlətlərinin mövqeyi ilə bağlı şərt formasında danışmaq
istəmirəm. Amma, dünyanın aparıcı dövlətlərinin təzyiqindən sonra iki illik
danışıqların nəticələri protokolların imzalanması ilə başa çatdı. Bir tərəfdən
Türkiyəyə təsir göstərdilər, digər tərəfdən isə Ermənistan bir şou qurdu ki,
guya narazı deyil. Çox çətin bir vəziyyətdə, iqtisadi böhranın uçurumunun
dibində olan bir vəziyyətdə, bütün qərb dövlətləri çalışdı və çalışır ki,
Ermənistanı bu vəziyyətdən çıxarsın, onun yaşamasını, firəvanlığını təmin
etsin. Bu səbəbdən də istəsələr də, istəməsələr də tərəfləri buna məcbur
etdilər. Bax, belə bir proses çox əvvəllərdən Ermənistan-Azərbaycan
münaqişəsinin həlli ilə bağlı olmalı idi. Çox təəssüf ki, bunu etmirlər.
Sual: Türkiyə bayraqları ilə bağlı münasibət necə olacaq? Bursa
valisinin bugünkü bəyanatında Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan
bayraqlarına diqqətsizlik edənlərin cəzalandırıldığı bildirilir. Bakıda necə,
1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş Türkiyə
əsgərlərinin abidəsi önündən götürülmüş bayraqlar yerinə qaytarılacaqmı, və ya
bayraqları götürənlər cəzalandırılacaqmı?
Cavab: Türkiyə ilə Azərbaycan arasındakı məsələlər iki qardaş və dost
ölkə arasındakı məsələlərdir. Düşünürəm ki, burada da, - həm daxildə, həm də
xaricdə olan bəzi qüvvələr iki dövlət arasında soyuqluq, gərginlik yaratmağa çalışır.
İki dövlət arasında bütün məsələlər həll olunacaq. Burada bir narahatçılıq
yoxdur. Yenə təkrarlayıram, bu iki dövlət arasında gərginlik yaratmaq
istəyənlər niyyətlərinə çatmayacaq. Türkiyə və Azərbaycan qardaşlıq, dostluq
öhdəliklərini çox gözəl bilir. Ona görə də onlar dil tapacaqlar.