Accessibility links

Əli Əhmədov: Müxalifət partiyalarının seçkilərdə fəal iştirakını arzulayırıq


Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. “Yeni Azərbaycan” partiyasının sədr müavini Əli Əhmədov “Amerikanın səsi” radiosuna müsahibəsində seçki prosesi, bələdiyyələrin tərkibi, müxalifətin seçkilərdə iştirakı ilə bağlı sualları cavablandırıb.

Sual: Bələdiyyə seçkilərində “Yeni Azərbaycan” partiyası nə qədər namizəd irəli sürüb? Seçkilərin gedişini necə qiymətləndirirsiniz?
Cavab: Bu il Azərbaycanda 1700-dən çox bələdiyyələrə təxminən16 000-dən çox üzv seçiləcək. YAP 16 000-nə yaxın bələdiyyə üzvlüyünə namizəd irəli sürüb. Onların əksəriyyəti namizədlik üçün lazım olan seçici imzalarını toplayaraq Dairə Seçki Komissiyalarına təqdim edib və namizəd kimi qeydə alınmaqdadır. Güman edirəm ki, namizədliyə iddialı partiya üzvlərinin əksəriyyəti qeydiyyata alınacaq.
YAP-ın bütövlükdə seçkilərin uğurlu keçməsi üçün apardığı işi də müsbət qiymətləndirirəm. Partiyanın yerli təşkilatlarının hamısı seçki prosesinə cəlb olunub. Məqsədimiz seçki kampaniyasını həmişə olduğu kimi, bu dəfə də, uğurla həyata keçirməkdir.
Sual: Seçkilərdə iqtidar partiyasının əsas şüarı nədir?
Cavab: Azərbaycan cəmiyyətində bələdiyyələrlə bağlı tənqidi münasibət mövcuddur. Bu da bələdiyyələrin bəzi hallarda işinin səmərəlilik əmsalının lazımi səviyyədə olmaması ilə bağlıdır. Ona görə də, bizim seçkilərdə irəli sürdüyümüz başlıca şüar bələdiyyələrin işinin keyfiyyətcə yeniləşdirilməsi və yaxşılaşdırılmasından ibarətdir. Xalqa xidmətin keyfiyyətinin yüksəldilməsi bizim şüarın əsas qayəsini təşkil edir.
Sual: “Yeni Azərbaycan” partiyası bələdiyyələrin idarə edilməsində qadınların rolunun artırılmasını bəyan etmişdi. Namizədlərinizin tərkibi necədir?
Cavab: Yalnız qadınların deyil, həm də gənclərin bələdiyyələrin idarə edilməsində sayının az olduğunu müəyyən etmişdik. Apardığımız təhlil nəticəsində məlum oldu ki, qadınlar 4 faizə qədər, gənclər isə 5 faizdən azacıq yuxarı bələdiyyələrdə təmsil olunur. Seçkilərdə həm qadınların, həm də gənclərin bələdiyyələrdə təmsilçilik dərəcəsini yüksəltməyi qarşımıza məqsəd qoymuşuq. İrəli sürdüyümüz namizədlərin 35 faizə qədərini qadınlar və gənclər təşkil edir. İnanıram ki, YAP-ı bələdiyyələrdə təmsil edəcək insanlar arasında qadınlar və gənclərin xüsusi çəkisi artacaq.
Sual: Seçkilərdə müxalifətin vəziyyətini necə qiymətləndirirsiniz? YAP seçkilərdə özünə konkurent hansı partiyaları və ya namizədləri görür?
Cavab: Bələdiyyələrə 16 minədək insan seçiləcək və burada kimlərinsə YAP-la rəqabət aparacağından söhbət gedə bilməz. Biz arzu edərdik ki, müxalifət partiyaları seçkilərdə yaxından və fəal iştirak etsin. Bu istiqamətdə dəfələrlə çağırışlarımızı səsləndirmişik. İstərdik ki, seçki kampaniyası sağlam rəqabət əsasında baş tutsun. Amma, təəssüflər olsun ki, müxalifət partiyalarının seçkilərdə fəal iştirakı ilə bağlı ciddi addımları müşahidə olunmur. Bir neçə gün öncə Mərkəzi Seçki Komissiyasının irəli sürülən namizədlərlə bağlı səsləndirdiyi rəqəmlər də, bu fikri söyləməyə əsas vermir. MSK-nin məlumatında irəli sürülən namizədlərin sayının 16 minə qədər olduğu bildirilirdi. Bu isə YAP-ın irəli sürdüyü namizədlərin sayına uyğun gəlir. Müxalifət partiyaları seçkidə iştirak edəcəyini bəyan etsə də, bunu hələ görmürük. Onlar bundan sonra seçkilərə fəal qoşulsa belə, güman etmirəm ki, YAP-a təhlükə yaradacaq bir rəqib kimi özlərini ortaya qoysunlar. Amma istənilən halda güclü rəqibin seçkilərə qoşulmasını arzulayırıq.
Sual: Seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı YAP-ın təklifləri varmı? Çünki seçki praktikası və seçki prosesi bir qayda olaraq beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.
Cavab: Düşünmürəm ki, Azərbaycanda seçki praktikasının beynəlxalq təşkilatlar tərəfindən tənqid olunan formada, tənqid olunması üçün əsaslar var.
Seçki praktikası və seçki prosesinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər bu sahədə mənzərəni əhəmiyyətli dərəcədə dəyişib. İndi seçkilərin ədalətli, şəffaf, düzgün keçirilməsinə əsas verən hüquqi baza mövcuddur. Praktikanın təkmilləşdirilməsi istiqamətində isə zaman-zaman müxtəlif addımlar atılır. Eyni zamanda, YAP seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı bundan əvvəlki dövrlərdə təkliflərini irəli sürüb və artıq tətbiq olunur. Hesab edirəm ki, seçkilərin şəffaf və düzgün keçirilməsi üçün həm səmərəli seçki praktikası formalaşıb, həm də hüquqi baza mövcuddur.


XS
SM
MD
LG