Accessibility links

İsa Qəmbər bələdiyyə seçkiləri və “Yeni Müsavat”ın təsisçiliyindən imtina barədə  



“Müsavat” partiyasının başqanı İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində bələdiyyə seçkiləri ilə bağlı mövcud durum, partiyanın seçkilərdə iştirakı, qanunvericilikdəki problemlər və “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməsinin səbəbləri ilə bağlı suallara cavab verib. Cənab Qəmbər hesab edir ki, “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməsi “reallığa daha uyğun bir qərardır və mətbuat azadlığına xidmət etmiş olacaq”.

Sual: Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz?
Cavab: Təəssüf ki, demokratiyaya, insan haqlarına mənfi münasibəti ilə dünya miqyasında tanınan Əliyev rejimi həmin siyasətini davam etdirir. Bizim və bir sıra beynəlxalq təşkilatların tövsiyələrinə, müraciətlərinə baxmayaraq qanunvericilikdə mənfi cəhətlər, boşluqlar qalmaqda davam edir. Hətta, bu bərbad “Seçki Məcəlləsi”nə görə də, bizim iştirak etmək cəhdlərimizə hakimiyyət tərəfindən ciddi problemlər yaradılır. Elə, təkcə bu gün, bir sıra rayonlardan “Müsavat” partiyasının bələdiyyə üzvlüyünə namizədlərinə qarşı ciddi təzyiqlər barədə çoxsaylı məlumatlar almışıq. Hakimiyyət üzvləri, onların əlaltıları bəzən birbaşa, bəzən isə bizim namizədlərin yaxın adamları vasitəsi ilə onlara təzyiqlər edir, namizədliklərini geri götürməsini tələb edirlər. Biz artıq bununla bağlı xüsusi bəyanatla çıxış etmişik.
Sual: “Müsavat” partiyasının seçkilərdə iştirakına münasibətiniz necədir? Yəni, neçə dairədə namizədləriniz irəli sürülüb, neçə bələdiyyə üzvlüyünə iddianız var? Ümumilikdə vəziyyəti necə qiymətləndirirsiniz?
Cavab: Bələdiyyə seçkiləri ilə bağlı qanunda bir sıra ziddiyyətli məqamlar var. Məcəllə elə hazırlanıb ki, heç bir partiyanın üzvü olan şəxsin öz namizədliyini irəli sürməsi, partiya üzvü olan şəxsin namizədliyini partiya üzvü kimi və ya partiya siyahısında irəli sürməsindən qat-qat asandır. Bu absurddur. Çünki, əgər, partiya siyasi fəaliyyət forması kimi mövcuddursa, partiyalarda birləşmiş insanların siyasi fəaliyyət göstərməsi, seçkilərdə namizədliklərini irəli sürməsinə müəyyən üstünlüklər yaradılmalıdır ki, bunun bir məntiqi mənası olsun. Ancaq, partiya siyahısını təqdim etmək, ayrıca namizədi təqdim etməkdən qat-qat çətindir. Məcəlləyə çoxlu mənasız prosedurlar, təkrar addımlar yerləşdirilib. Bu da problemlər yaradır. Ona görə də qərara gəlmişik ki, bələdiyyə seçkisində siyasi partiya kimi iştirak etmək, efir vaxtından istifadə edə bilmək, partiya kimi seçki təşviqat kampaniyasını aparmaq üçün zəruri olan bələdiyyələrdə namizədlərimizi irəli sürək, qalan hallarda isə partiya üzvlərimizə sərbəstlik verək ki, onlar öz namizədliklərini fərdi qaydada irəli sürsünlər. Bu gün “Müsavat” partiyasının bələdiyyələrdə irəli sürülmüş namizədlərinin sayı minlərlədir və ölkə bələdiyyələrinin 90 faizini əhatə edir. Yəni əhalinin 90 faizinin yaşadığı məntəqələrdə bələdiyyə üzvlüyünə namizədlərimiz irəli sürülüb. Burada da bir maraqlı məqam var. Məsələn, 3 milyon əhalisi olan Bakı şəhərində bir neçə on bələdiyyə olduğu halda, nisbətən kiçik bir rayonda 50-70 bələdiyyə var. Yəni Bakıdan əhalisi 10-15 dəfə az olan rayonun bələdiyyəsi Bakıdan bir neçə dəfə çoxdur. Yəqin ki, bütün bu problemlərə baxmayaraq “Müsavat” partiyası hakimiyyətin də müqavimətini qıraraq seçkidə partiya olaraq iştirak etməyə nail olacağıq.
Sual: “Müsavat” partiyası seçkilərə hansı şüarla gedir? Əsas şüarı və məqsədləri nədir?
Cavab: Bizim yaxın dövr üçün siyasi mövqeyimiz və tələblərimiz bəllidir. Ancaq, konkret bələdiyyə seçkisində bələdiyyələrin statusunun yüksəldilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində təkliflərimiz olacaq. Ölkənin iqtisadiyyatının inkişafı, regional inkişafı ilə bağlı müəyyən təkliflər platformamızda əksini tapacaq.
Sual: Dünən Siz “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina etməyinizlə bağlı bəyanatla çıxış edibsiniz? Bu bəyanat nə ilə bağlıdır? Mətbuat azadlığı ilə bağlıdır, yoxsa qəzetə qarşı müəyyən iddialarınız var?
Cavab: “Yeni Müsavat” qəzetinin 20 illiyi ilə bağlı bir tədbir keçirilirdi. Mən qərarımı orada bəyan etdim. Həmin tədbirdə qəzetin baş redaktoru Rauf Arifoğlu da bildirdi ki, mən son on ildə dəfələrlə qəzetin təsisçiliyindən imtina etmək və qəzetin təsisçiliyinin qəzetin rəhbərliyinə təhvil verilməsi barədə fikrimi bildirmişəm. Ancaq, qəzet rəhbərliyinin mövqeyini nəzərə alaraq təsisçiliyimi davam etdirmişəm. Artıq qəzetin 20 yaşı tamam olub. Bu, bir igidin ömrüdür. Mən hesab etdim ki, qəzet faktiki cəhətdən müstəqil olduğu kimi, hüquqi cəhətdən də müstəqil olmalıdır. Ona görə də, təsisçilikdən imtina edərək, təsisçiliyi qəzetin rəhbərliyinə vermək qərarımı bəyan etdim. Təbii ki, bizim üçün ən önəmli olan söz azadlığı, mətbuat azadlığıdır. Biz hesab edirik ki, bu qərardan sonra “Yeni Müsavat” qəzeti faktiki cəhətdən olduğu kimi, hüquqi cəhətdən də tam müstəqil fəaliyyət göstərəcək. Hesab edirəm ki, bu reallığa daha uyğun bir qərardır və mətbuat azadlığına xidmət etmiş olacaq.

XS
SM
MD
LG