“Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşə razılıq verib. Çox yəqin ki, prezidentlərin görüşü Avropa şəhərlərindən birində olacaq. Hazırda görüşün vaxtı protokol baxımından dəqiqləşdirilir. Bu gün və ya sabah bu barədə açıqlama verəcəyik. Həmsədrlər bu istiqamətdə iş aparır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün jurnalistlərə bildirib.
Nazir danışıqlarda yeni təklifin olmadığını deyib. “Biz artıq beş ildir ki, əsas prinsipləri müzakirə edirik və onun üzərində müzakirə indi də davam etdirilir. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi vaxtilə müzakirə edilib qərara gəlinmiş məsələni yenidən müzakirəyə çıxarıb. Bu səbəbdən də belə danışıqları aparmaq çox çətindir. Minsk qrupunun həmsədrləri son dəfə Bakıya, Yerevana və sonra Bakıya səfər etdi. Çünki biz Ermənistan tərəfin hansısa irəliləyişə hazır olduğunu müəyyən etmək istəyirik: İrəliləyiş istəyir, yoxsa danışıqlar xatirinə danışıqlar aparır”.
Cənab Məmmədyarov Azərbaycan-Ermənistan danışıqları ilə bağlı gələcək plandan da danışıb. “Prezidentlər Avropa şəhərlərinin birində görüşə razılıq verib. Bundan sonra dekabrın 1-2-də Afinada ATƏT xarici işlər nazirlərinin görüşü olacaq. Həmin görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb müzakirələri davam etdirəcək”.
Nazir “Amerikanın səsi” radiosunun hazırda iki ölkə arasında razılaşdırılmayan məsələlərlə bağlı sualının cavabında deyib ki, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar mərhələli həll prosesini əhatə edir. “Mərhələlər belədir ki, ilk öncə işğal olunmuş ərazilərdən qoşunlar çıxarılmalıdır, sonra bütün kommunikasiyalar bərpa edilməlidir, reabilitasiya prosesi keçirilməlidir, məcburi köçkünlər geri qaytarılmalıdır, dinc yanaşı yaşamaq üçün şərait yaradılmalıdır, sülh və stabillik yaradılmalı, iqtisadiyyat bərpa edilməlidir və s. Bundan sonra, Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Azərbaycan tərəfi hər dəfə deyib və yenə də təkrarlayır ki, Dağlıq Qarabağda birlikdə yaşayacaq Azərbaycan və erməni icması statusu birgə müəyyənləşdirəcək. Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdiriləcək. Bunun üçün çoxsaylı təcrübə də var. Məsələn, Tatarıstan, Başqırdıstan Rusiyanın ərazi bütövlüyü çərçivəsində statusunu müəyyənləşdirib, macarlar Slovakiyada öz statuslarını alıb. Biz bu istiqamətdə də iş aparırıq. Amma çətindir. Çünki, erməni tərəfi istəyir ki, status məsələsini indidən dəqiqləşdirsin. Amma mən inanmıram ki, biz bu gün axırıncı mərhələni həll edə bilərik”.
O, “Amerikanın səsi”nin danışıqlarda çətinlik yaradan məqamlarla bağlı sualının cavabında bildirib ki, hazırda bütün məsələlər müzakirə edilir. “İşğal edilmiş torpaqlardan qoşunların çıxarılması əsas məsələdir. Əgər bu baş verməzsə, sülhdən danışmaq mümkün deyil. Çünki qoşunlar çıxarılmalıdır ki, kommunikasiyalar bərpa edilsin. Bu baş verməsə, iqtisadi əlaqələrdən və digər münasibətlərdən danışmaq da mümkün deyil. Buna görə də birinci mərhələdə qoşunlar işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Məhz bu, sonrakı mərhələlərə yol açır. Amma Ermənistan istəyir ki, qoşunları çıxarmazdan əvvəl digər şərtləri müəyyənləşdirsin. Məhz bu, hazırda danışıqların mövzusudur”.
Cənab Məmmədyarov ATƏT ekspertlərinin Ağdam-Laçın-Gorus-Naxçıvan-Türkiyə avtomobil yolunun Laçın hissəsində ölçmələr aparıb-aparmaması ilə bağlı sualın cavabında deyib ki, ATƏT hazırda Laçın yolunun hansı mexanizm üzrə istifadə olunacağı ilə bağlı arayış hazırlayır. Amma arayış hələ təqdim olunmayıb.
Nazir həmçinin Dağlıq Qarabağa müvəqqəti status verilməsi məsələsinin də danışıqların mövzusu olduğunu bildirib. “Danışıqlarda azərbaycan və erməni icmasının Dağlıq Qarabağda birgə yaşaması üçün şəraitin yaradılması müzakirə mövzusudur. Bunun üçün polis, icra hakimiyyəti və digər qurumlar olmaldır”, - deyə o qeyd edib.