Accessibility links

Azərbaycan müxalifəti insan haqlarının durumundan narahatdır


Müxalifətdə olan siyasi partiyaları birləşdiyi “Azadlıq” bloku “Söz azadlığını müdafiə” forumu keçirib. Forumda müstəqillik dövründə ölkədə insan haqları, söz və mətbuat azadlığı ilə bağlı problemlərə toxunulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Azərbaycanda söz və mətbuat azadlığına qarşı planlı siyasət aparıldığını deyib. Onun fikrincə, blogerlərin həbsi də bu siyasətin tərkib hissəsidir. “Blogerlərin və jurnalistlərin həbsi hər-hansı məmur və ya məhkəmənin işi deyil. Bu, məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Azərbaycan hakimiyyəti neçə illərdir ki, addım-addım söz və mətbuat azadlığını məhdudlaşdırır”.
Onun fikrincə, blogerlərin həbsi hökumətin antimilli, antihumanist və qəddar addımıdır. “Çünki hökumət gənclərdən və yeni media növlərindən qorxur. Bu səbəbdən də özü üçün qorxulu hesab etdiyi siyasi partiyaları, vətəndaş cəmiyyətlərini, mediaları zəiflədir”.
Cənab Kərimli insan haqları, həbsdə olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatların və qərb dövlətlərinin bəyanatlarının bəs etmədiyini deyib. “Azərbaycan cəmiyyətində artıq qərb təşkilatlarına münasibət dəyişib. Cəmiyyət repressiv rejimə qarşı yerli təşkilatların, siyasi partiyaların və insan haqları təşkilatlarının birləşərək mübarizə aparmasını tələb edir”, - deyə oqeyd edib.
Forumda müstəqillik dövründə ölkədə insan haqlarının vəziyyətinin ağırlaşdığı qeyd edilib. 2005-ci ildən başlayaraq, hökumət media və jurnalistlərə qarşı total hücuma başlayıb. “Bu hücumlar “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə başlayıb və hazırda da davam edir”, - deyə “Turan” Agentliyinin direktoru Mehman Əliyev bildirib.
Çıxışlarda Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası və ATƏT-in fəaliyyəti də tənqid edilib. “Avropa Şurası bu ilin aprelində Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib. Amma, indiyədək məruzəçi Azərbaycana səfər etməyib. Biz Avropa Şurasından siyasi məruzəçinin dəyişdirilməsini tələb etməliyik. Bu məruzəçi, çox yəqin ki, siyasi məhbusların həbs müddəti bitəndən sonra Azərbaycana səfər etməyi düşünür”, - deyə beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınmış “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayev bildirib.
Natiqlər Azərbaycan Mətbuat Şurasını mediaya qarşı repressiv addımlara cavab verməməkdə ittiham edib. “Mətbuat azadlığını və jurnalistləri müdafiə etmədiyinə görə Mətbuat Şurası qarşısında etiraz aksiyaları keçirilməlidir”,- deyə “Azadlıq” qəzetinin 3 il həbsdə olmuş satirik yazarı Mirzə Sakit qeyd edib.
Almaniya və Norveç hökumətləri blogerlərin həbsini pislədiyinə görə bu ölkələrin Bakıdakı səfirliklərinin müvəqqəti işlər vəkillərinin Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi də kəskin tənqidlərlə qarşılanıb. “Azərbaycan hökuməti hələ də orta əsrlərin repressiv idarəetməsi ilə yaşayır”, - deyə hüquq müdafiəçisi Leyla Yunus bildirib.
Çıxışlarda qərb dövlətlərinin və beynəlxalq təşkilatların insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə biganə yanaşdığı deyilib. Natiqlərin fikrincə, qərb dövlətlərinin Azərbaycanla bağlı siyasətində insan haqları axırıncı sırada durur. “Amerika və Britaniya hökumətləri “Amerikanın səsi”, “Azadlıq”, BBC radiolarının Azərbaycan hökuməti tərəfindən yerli FM tezliyində yayımının dayandırılması problemini belə həll edə bilmədi. Bu hökumətlər öz radiolarının müdafiəsində belə Azərbaycana qarşı sərt münasibət nümayiş etdirmədi”, - deyə “Müsavat” Partiyasının sədr müavini Qabil Hüseynli qeyd edib.
Öz növbəsində, Azərbaycan hakimiyyəti isə deyilənləri əsassız sayır. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq və yerli təşkilatların ölkədə insan haqları və media azadlığının pisləşməsi ilə bağlı bəyanatlarını əsassız adlandırıb. “Azərbaycanda insan haqları və söz azadlığı hətta Almaniya, Fransa, İtaliya kimi ölkələrdən öndədir. Azərbaycan mediası istənilən məsələni, istənilən məmurla bağlı məsələni müzakirə edə bilir. Azərbaycan həm də Avropa hüquq məkanına daxildir. İstənilən şəxs qanun pozuntusu ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə müraciət edə bilər”, deyə o qeyd edib .

XS
SM
MD
LG