Accessibility links

Cəmil Həsənli: 21 Azər Hərəkatının mahiyyətini milli ideya təşkil edirdi


Tarixçi alim, Azərbaycan Milli Məclisinin deputatı Cəmil Həsənli 21 Azərdən danışarkən deyir ki, 20-ci əsrin əvvəllərindən Güney Azərbaycanında inqilabi proses gedirdi. Məşrutə və Xiyabani hərəkatlarının məntiqi davamı kimi 21 Azər hərəkatı baş verdi. Onun sözlərinə görə, həm Məşrutə hərəkatında, həm də Şeyx Məhəmməd Xiyabani hərəkatında söhbət Azərbaycanda baş verən hadisələrin İran müstəvisində izahından gedirdisə, 21 Azər hərəkatında bir qədər fərqli prosesin şahidi oluruq: bu, əvvəllərindən fərli olaraq milli hərəkat idi və millətin bütün təbəqələri burada iştirak edirdi. "Məsələn, Təbrizdə olan ingilis konsulu Londona yazdığı gizli raporların birində qeyd edirdi ki, Tude partiyasına qarşı mübarizə aparmaq asandır, çünki hər kəs bilir ki, bu partiya sinfi əsaslar üzərində qurulub. Amma Azərbaycan Demokrat Firqəsinə qarşı mübarizə aparmaq həddindən artıq çətindir, ona görə ki, bu firqə sinfi əsaslar üzərində deyil, milli əsaslar üzərində qurulmuşdur"-deyə millət vəkili bildirir.

İranda Azərbaycan Demokrat hökumətinin yaranmasında və fəaliyyətində xarici qüvvələrin, xüsusilə Sovetlərin rolu olması barədə sualın cavabında Tarixçi professor deyir ki, 21 Azər millətin dirilik nümunəsi idi ancaq 20-ci əsrdə bir xarici qüvvənin rolu, himayəsi olmadan hansısa bir hərəkat olmayıb, bir dövlət yaranmayıb. O, Polşa, Belerus, Ukrayna və Rusiya sərhədlərində Stalin dövründəki dəyişiklikləri xatırladır və soruşur ki, indi bu dəyişikliklərdə bir xarici qüvvənin ya da Stalinin rolundan kim danışır. Cənab Həsənli deyir ki, Güney Azərbaycanda azərbaycanlıların taleyi ilə dünyanın gücləri arasındakı nisbət pozulduğundan və azərbaycanlıların taleyi dünyanın qarşı-qarşı duran güclərinin əsas məsələlərindən birinə çevrildiyindən bu hərəkat məğlubiyyətə uğradı.

Hərəkatın mahiyyətini Güney Azərbaycanındakı milli ideya təşkil edirdi. Tarixçi bildirir ki, milli hökumətin ilk addımlarında biri türk dilinin dövlət dili elan edilməsi idi. 21 Azərdə qurulmuş Azərbaycan Milli hökuməti bir il ərzində elə böyük işlər gördü ki, məğlub olmasına baxmayaraq, Güney Azərbaycanında 40-60 il də sonra hansısa bir qalxınma baş verirsə, çıxış nöqtəsi kimi 21 Azər götürülür.

Cəmil Həsənli hesab edir ki, bir il hansısa siyasi planların həyata keçirilməsi üçün müstəsna dərəcədə az bir vaxt idi. "BMT-də isə Azərbaycan məsələsinin müzakirəsi hələ baş qərargah Nyu-Yorka köçməzdən əvvəl başlanmışdı.1946-cı ilin yanvarında Londonda açılan sessiya da bu məsələ qaldırılmışdı və həmin ilin yazından Nyu-Yorkda bu müzakirələr davam etdirilib. Azərbaycan məsələsi İkinci Dünya Müharibəsindən sonra başlayan Soyuq müharibənin ilk qarşıdurması idi"-deyə cənab Həsənli bildirir. Onun sözlərin görə, pərdəarxası yazışmalarda, gizli raporlarda görürür ki, Birləşmiş Ştatlar və İngiltərə çox maraqlı idi ki, bu məsələ BMT-nin müzakirəsinə çıxarılsın.

Cəmil Həsənli söyləyir ki, insafən deməliyik ki, Birləşmiş Ştatların dövlət katibi Ceyms Birnis 1945-ci ilin payızında – 21 Azər ərəfəsində - Tehranda olan Amerika səfiri Mörreyə göndərdiyi şifrəli teleqramda belə bir məsələyə toxunurdu ki, İran baş nazirinə deyin ki, azərbaycanlıların milli haqlarını, dil haqlarını versinlər. Əgər bu haqlar verilməsə və bu məsələ beynəlxalq müzakirəyə çıxarılsa, o zaman azərbaycanlılar bu məsələdə haqlı tərəf kimi görünəcək.

Cəmil Həsənlinin sözlərinə görə, sonra bu hərəkatın məğlubiyyəti insan talelərinin çox acı bir sonluğu ilə qurtardı çoxlu . O iddia edir ki, 46-cı ilin Azər ayında 30 minə qədər adam öldürüldü.

XS
SM
MD
LG