Accessibility links

Türkmənistan marşrutlarının müxtəlifləşdirilməsi siyasətinin tərəfdarıdır


Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov bu gün keçirdiyi mətbuat konfransında Türkmənistan-Azərbaycan münasibətləri, türkmən qazının bazarlara çıxarılma siyasəti, Xəzərin hüquqi statusu, Nabucco layihəsi ilə bağlı məsələlərə toxunub.
Səfir bildirib ki, Türkmənistan enerji daşıyıcılarının xarici bazarlara çıxarılması marşrutlarının müxtəlifləşdirilməsi siyasətinin tərəfdarıdır və bu istiqamətdə ardıcıl addımlar atır. “Marşrutların müxtəlifləşdirilməsi siyasətinin həyata keçirilməsinə bu il yanvarın 6-da Türkmənistanın Dövlətabad yatağından İrana yeni qaz kəmərinin işə salınması parlaq bir nümunədir. Bu, Türkmənistandan İrana təbii qaz ixracı həcmini ildə 20 mlrd. kub metrədək artırmağa imkan verir. Bir müddət əvvəl 7 min km. uzunluğunda və ildə 40 mlrd. kub metr qaz ixrac etmək gücünə malik Türkmənistan-Çin qaz kəməri işə salınıb”.
Onun sözlərinə görə, ötən ilin dekabrında Aşxabad və Moskva Rusiyaya 30 mlrd. kub metr həcmində türkmən qazı ixracının bərpası haqqında razılığa gəlib. “Bununla yanaşı, Aşxabad «Türkmənistan – Qazaxıstan -Rusiya», «Türkmənistan – Əfqanıstan – Pakistan -Hindistan» qaz kəməri, habelə «Nabucco» da daxil olmaqla, digər magistral layihələrin həyata keçirilməsi mümkünlüyünü araşdırır”.
Eyni zamanda, cənab Məmmədov Nabucco layihəsinin bir hissəsi ola biləcək Transxəzər qaz kəmərinin tikintisi ideyası haqqında suala cavabda bildirib ki, Türkmənistan Nabucco da daxil olmaqla ixrac marşrutlarının çoxistiqamətliliyinin tərəfdarıdır. “Aşxabad enerji daşıyıcılarının öz sərhədində satışı mövqeyinə riayət edir. Faydalı təkliflər olarsa, biz onlara baxmağa hazırıq. Enerji nəqliyyatı infrastrukturunun yaradılması qaz alıcılarından asılıdır”, - deyə o qeyd edib.
Suallara cavabda səfir Xəzərin delimitasiyasiı ilə bağlı Türkmənistanla Azərbaycan arasındakı problemə də toxunub. «Problem varsa, onu sivil metodlarla, beynəlxalq hüquq normaları əsasında həll etmək lazımdır. Bakı və Aşxabad ikitərəfli əsaslarla və sahilyanı dövlətlərlə 5 tərəfli formatda işi davam etdirir. Azərbaycan və Türkmənistan delimitasiyanı qonşuluq, qardaşlıq münasibətlərinin inkişafına təsir etməyən ayrıca mövzu kimi müzakirə edir”.
Aşxabadın Xəzərdə mübahisəli hesab etdiyi bir sıra yataqlarla bağlı beynəlxalq arbitraj məhkəməsinə müraciət etmək planları barədə suala cavabdan yayınan səfir qeyd edib ki, Türkmənistan bu məsələni həm danışıqlar, həm də beynəlxalq arbitraja müraciət etməklə həll edə bilər.
Yeri gəlmişkən bildirim ki, Aşxabad Xəzərdə Azərbaycanın «Kəpəz», Türkmənistanın isə Sərdar adlandırdığı yatağa iddia edir. Azərbaycanın yatağın birgə işlənməsi ilə bağlı təklifinə cavab olaraq Türkmənistan beynəlxalq arbitraja müraciət edəcəyini bəyan edib.
Cənab Məmmədov bu barədə suala cavabda deyib ki, hökumətə arbitraj məhkəməsinə müraciət imkanlarını araşdırmaq tapşırılıb. “Ancaq hələ Beynəlxalq Arbitraja belə bir müraciət olunmayıb”
Səfir ikitərəfli əlaqələrə toxunarkən bildirib ki, tərəflər arasında turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq haqqında sənədlər üzərində iş aparılır. “Həmçinin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeni görüşü hazırlanır və növbəti görüş Bakıda keçiriləcək”.

XS
SM
MD
LG