Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistanın Rusiyadakı səfiri Armen Smbatyanla birlikdə Dağlıq Qarabağa gedib və Qarabağ separatçılarının lideri Arkadi Qukasyanın qəbulunda olub. Bu sensasiyalı xəbəri «Turan» agentliyi yayıb. Azərbaycan və Ermənistan arasında diplomatik əlaqə yoxdur və rəsmi səfərlər həyata keçirilmir. Azərbaycanın suverenliyində olan ərazilərin 20 faizinədək işğal altındadır.
Səfərdə Polad Bülbüloğlu ilə yanaşı Azərbaycan Slavyan Universitetinin rektoru Kamal Abdulla və Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də iştirak edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Qarabağa səfəri - Azərbaycan və Ermənistanın sabiq mədəniyyət nazirlərinin şəxsi təşəbbüsü ilə keçirildiyini deyib.
Ermənistanın «Armİnfo» agentliyinin məlumatına görə, tanınmamış Dağlıq Qarabağın prezidenti Arkadi Qukasyan səfirləri, erməni və azərbaycan ziyalılarını qəbul edib. Agentilk bildirir ki, Dağlıq Qarabağın ziyalılarının iştirakı ilə keçirilən söhbət zamanı münaqişə tərəflərinin xalqları və cəmiyyətləri arasında dialoq qurulması və onlar arasında qarşılıqlı etimadın bərqərar edilməsi problemi müzakirə olunub. «Qarabağ münaqişəsi tərəfləri arasında körpü qurmaq yaşlı nəsil üçün asandır.Bizim nəsil bir-birini tanıyır, ona görə də nə qədər ki, biz varıq, dialoq, əlaqələr qurmaq, öz nəzər nöqtəmizi açıq söyləmək, çıxış yolları, güzəştlər axtarmaq lazımdır", - deyə Polad Bülbüloğlu Xankəndində jurnalistlərə bildirib.
Azərbaycan və erməni nümayəndə heyətləri bu gün Xankəndindən Yerevana gedib və Ermənistan prezidenti Robert Köçəryanla görüşüb.
«Turan» Agentilyinin məlumatına görə, ictimaiyyətin nümayəndələri Dağlıq Qarabağa səfəri razılıqla qarşılamayıb. Polad Bülbüloğlunun Dağlıq Qarabağa səfərini Qarabağın azad olunması üzrə hərəkatın lideri Akif Nağı «rüsvayçılıq və biabırçılıq» adlandırıb.
Xarici siyasət üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə səfirin səfərini "yolverilməz addım" kimi qiymətləndirib. "Bu, hakimiyyətin münaqişənin həll olunmasına qədər Azərbaycan nümayəndələrinin Ermənistana və Qarabağa səfərlərinin yolverilməz olduğu haqda çağırışlarına ziddir. Amma tamamilə aydındır ki, Polad Bülbüloğlu öz istəyi ilə Qarabağa gedə bilməzdi", - deyə Quluzadə qeyd edib.
"Müsavat" partiyasının lideri İsa Qəmbər səfirin səfərindən təəccüb ifadə edib. "Kifayət qədər informasiya olmadan vəziyyəti qiymətləndirmək olmaz. Amma rəsmi qurumlar bu müəmmalı səfərə aydınlıq gətirməlidirlər".
Demokrat partiyasının sədri Sərdar Calaloğlu deyib ki, "P.Bülbüloğlu "səlahiyyət sahibi olmadığı üçün" dövlət adından danışa bilmir. Burada "qorxulu" olan Dağlıq Qarabağı tərəf kimi tanıtdırmaq istəyidir. Digər tərəfdən, Dağlıq Qarabağ erməniləri də Azərbaycan vətəndaşlarıdır və buna görə bu səfərə siyasi çalar vermək düzgün deyil. Bu məsələ əvvəl-axır həllini tapmalıdır".
Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli deyib ki, "əvvəla hesab edirəm ki, hökumət bu məsələyə təcili aydınlıq gətirərək, səfirin hansı niyyətlə bu prosesdə iştirakçı olmasını izah etməlidir. Digər tərəfdən, rəsmi Bakının nə deməsindən asılı olmayaraq, rəsmi şəxsin sepraçtı qüvvələrlə görüşərək danışıqlar aparması tədricən də olsa separatçı qüvvələri danışıqlarda tərəfə çevirmək cəhdidir. Erməni diplomatiyası bu məsələ ətrafında uzun illərdir çalışır, amma nəticə əldə edə bilmirdi. Bu Azərbaycan diplomatiyasının yeganə üsütnlüyü idi ki, onu da əldən verir. Odur ki, heç bir halda Dağlıq Qarabağ tərəf olmamalı və danışıqlar Ermənistan-Azərbaycan müstəvisində aparılmalıdır."
Hüquq müdafiəçisi Murad Sadəddinov qeyd edib ki, səfirin Qarabağa səfəri hakimiyyətin ikiüzlülüyünün təzahürüdür. Bunu hüquq müdafiəçiləri edəndə, onlara yumurta atırlar, televiziyada pərt edirlər və təhqir edirlər. "Mənə, əgər səfir Qarabağa şəxsi təşəbbüsü ilə gedibsə, indi bizim saxta patriotlarımızın necə hərəkət edəcəkləri maraqlıdır", - deyə Sadəddinov qeyd edib