Accessibility links

Azərbaycanın məşhur www.day.az saytı bağlanıb


Azərbaycanın ən çox oxunan saytlarından olan www.day.az İnternet saytı bu gün fəaliyyətini dayandırıb. Səhifədə qısa olaraq layihənin başa çatması qeyd edilir. Səbəblər barədə izahat verilmir.

“Turan” agentliyi bildirir ki, www.day.az saytı Rusiyanın hakim dairələrini qıcıqlandırırdı. Gürcüstanda avqust münaqişəsi zamanı Rusiya diplomatik dairələri Azərbaycan hakimiyyətinə bu saytın Gürcüstandakı hadisələri işıqlandırması ilə bağlı etirazını bildirib.

Agentlik yazır ki, bu günlərdə sayt Boris Berezovski ilə müsahibə dərc edib. Müsahibədə cənab Berezovski Rusiyanın baş naziri Vladimir Putini korrupsiyada ittiham edib, onun xarici banklardakı hesablarında 40 mlrd. dollar vəsait olmasından, Qafqazdakı münaqişələrdə maraqlı olmasından danışıb.

Respublika Alternativ (REAL) ictimai birliyinin məlumatına görə, sayt Azərbaycan hakimiyyətinin təzyiqi altında bağlanıb.

“Əminik ki, bu addım bir daha hökumətin ölkədə fikir azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, sahibkarlıq fəaliyyətinin bütün əsaslarını tapdalayan monarxiya qurmaq niyyətini nümayiş etdirib” - deyə REAL-ın bəyanatında qeyd edilir.

Rəsmi hakimiyyət deyilənləri təkzib edir. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli HəsənovDay.Az saytının Azərbaycan hakimiyyətinin təzyiqi ilə bağlanması barədə məlumatları ANSPRESS agentliyinə təkzib edib:

“Mən bu saytın niyə bağlanmasından məlumatsızam. Hər halda, səbəblərini sayt rəhbərliyi daha yaxşı bilir. Amma Azərbaycan hökuməti internet saytını necə bağlaya bilər?”.

O ki qaldı Boris Berezovskinin müsahibəsinə, Prezident Aparatının rəsmisi deyib ki, Azərbaycan hakimiyyəti yerli KİV-də Rusiyanın dövlət və hökumət başçıları barəsində böhtan və təhqir xarakterli məlumatların yayılmamasında maraqlıdır:

“Biz Rusiya ilə dost dövlətik. Onun dövlət və ya hökumət başçısı ilə bağlı yayılan məlumatlara biganə qalmırıq. Amma düşünmürəm ki, belə bir materiala görə hansısa sayt bağlana bilər”-deyə cənab Həsənov agentliyə bildirib.

Saytın sahibi, Milli Məclisin deputatı Anar Məmmədxanov isə “Media forum” saytına açıqlamasında bildirib ki, “Day.Az” saytı bir həftədən sonra fəaliyyətini bərpa etdirəcək. “Day.Az” saytı üzərində rekonstruksiya işləri gedir: Saytın yenilənmiş variantı üzərində iş aparılır. Bir həftədən sonra “Day.Az” işə düşəcək”.

Cənab Məmmədxanov əlavə şərh verməkdən imtina edib.

Day.az saytı 2003-cü ildən fəaliyyət göstərir. Sayt obyektiv və qərəzsiz xəbərlər yayması ilə tanınıb. Regionda və dünyada çoxsaylı oxucuları var. Rusiya-Gürcüstan qarşıdurması zamanı Gürcüstan xəbərləri dünyaya əsasən bu sayt vasitəsi ilə çatdırılıb.


XS
SM
MD
LG