Accessibility links

Səfir Enn Dersi: `İslam dünyasına əl uzadaraq...`


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi aşağıdakı məqalə ilə çıxış edib. Məqaləni "Amerikanın səsi" radiosuna ABŞ-ın Azərbaycandakı səfirliyi təqdim edib. Məqaləni olduğu kimi diqqətinizə çatdırırıq.

Prezident Barak Obama prezidentliyinin ilk anlarından İslam dünyasına əlini uzadaraq, onlara rəğbətə əsaslanan dialoq aparmağı, anlaşılmazlığı və inamsızlığı aradan qaldırmaq üçün əməkdaşlığı təklif etmişdir. "Müsəlman aləmi üçün biz qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq", - Prezident Obama bu sözləri andiçmə mərasimində səsləndirmişdir.
Yeni administrasiyanın ilk günlərindən etibarən Prezident əməllərini dedikləri ilə uzlaşdırmağa başladı: o, dünyada mənfi rəmzə çevrilən və Kubada, Quantanamo Beydə yerləşən saxlama məntəqəsini bağlamaq üçün addımlar atmışdır. Əlavə olaraq, o, Amerikanın iki ən mötəbər dövlət xadimlərindən olan keçmiş Senator Corc Mitçelı Yaxın Şərq üzrə, uzun illər diplomat kimi çalışan Riçard Holbruku isə Əfqanıstan/Pakistan üzrə xüsusi Səfir olmağa dəvət etmişdir.
O, elan etmişdir ki, Prezident kimi fəaliyyətinin ilk 100 günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcək. Müsəlman aləminə açıq ismarıc olaraq, Prezident Obama mətbuat üçün ilk müsahibəsini ABŞ-dakı əsas xəbər qurumlarına deyil, Əl-Ərəbiyya şəbəkəsinə vermişdir.
Müsahibəsində o belə fikir söyləmişdir: "mənim vəzifəm Amerikalılara aşılamaqdır ki, müsəlmanlar arasında müstəsna insanlar çoxdur və onlar öz həyatlarını yaşamaq, uşaqlarına daha yaxşı həyat qurmaq istəyindədirlər." "Mənim işim Müsəlman aləminə amerikalıların onların düşməni olmadıqlarını çatdırmaqdır. Biz, bəzi hallarda, səhvlərə yol veririk. Biz təkmil olmamışıq."
Amerika ilə İslam dünyası arasında körpü rolunu oynamaq üçün Prezident Obama çox münasib şəxsdir. Afrika mənşəli atanın və Kanzaslı ananın oğlu olaraq o, öz uşaqlığı haqqında bəhs edəndə, tez-tez İndoneziyanı, dünyada ən çox müsəlman əhalisinə malik olan ölkəni, xatırlayır. O, amerikalılara öz müsəlman qohumlarını, Şərqlə Qərbin, Cənubla Şimalın kəsişməsində olan irsini yada salır.
Bu gün Birləşmiş Ştatlar fəxrlə yaşayan bir ölkədir. Doğurdan da, Amerikalılar özləri ilə fəxr edir, çünki, ölkəni qurub-yaradan atalarımızın ali idealları və arzuları reallığa çox yaxınlaşıb. Bir millət olaraq, biz həmin, o "daha təkmil birlik" istiqamətində, yəni hər bir oğulun, qızın prezident olmaq imkanını açan mərhələyə qədəm qoymuşuq. Tariximizin köləlik və ayrı-seçkilik (seqreqasiya) kimi kədərli tərəflər tariximizdəki faktlar kimi qalır, lakin bu hadisələri keçmişdə qoymaq naminə atdığımız addımlar bizim gücümüzün rəmzidir və sevincimizin səbəbidir.
Bu sevincimizi Amerikanın sərhədlərindən uzaqlarda bölüşənlər də olub. Barak Obama Amerikanın xarici siyasətinin Amerikanın dəyərlərinə sadiq qalacağı haqqında vəd vermişdir. "Ümumi müdafiəmizə gəldikdə isə, biz təhlükəsizliklə ideallarımız arasında seçim etməyi yanlış hesab edirik. Qurub-yaradan atalarımız bizim təsəvvür etməkdə çətinlik çəkəcəyimiz bəlalarla üzləşiblər, qanunun aliliyi və insan hüquqlarını təmin etmək üçün xartiya tərtib ediblər, o xartiya ki, nəsillərin tökdüyü qanla genişləndirilib. Həmin ideallar hələ də dünyamıza işıq saçmaqdadır və biz onlardan rasionallıq xatirinə imtina etməyəcəyik," - bu fikirləri o andiçmə mərasimində söyləmişdir.
"Və mən həmçinin, ən böyük paytaxt şəhərlərindən atamın doğulduğu kiçik kəndə kimi, bu gün bizi izləyən bütün insanlara və hökumətlərə də üzümü tutub deyirəm: bilin ki, Amerika sülh və şərəfli həyat axtarışında olan hər bir xalqın, kişinin, qadının və uşağın dostudur. Və biz bir daha liderlik etməyə hazırıq."
Amerika Birləşmiş Ştatları Azərbaycanla yanaşı çalışaraq, ekstremist və nifrət daşıyan ideologiyalarla mübarizə aparır. Kosovodan İraqa və Əfqanıstana kimi bizim qoşunlar çətinliklərlə üzləşən xalqlara sülh və ədalət qurmaqda kömək edir. İslam Konfransı Təşkilatında müqəddəs islamın adından ekstremist planları naminə istifadə edənləri ifşa etmək üçün biz birgə mövqe nümayiş etdirmişik.
Qəzzadan Kabula gədər qızğın münaqişələr və ümumi maliyyə böhranı kimi dünyadakı çağırışların saysız-hesabsız olmasına baxmayaraq, biz birgə işləsək, inkişafa nail olacağıq. Bu Amerikada yeni günə olan ümidlərdir.


XS
SM
MD
LG