Accessibility links

Azərbaycanda qlobal iqtisadi böhranın təsirləri az hiss edilir


Azərbaycan hökuməti parlament qarşısında hesabat verib.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, beynəlxalq maliyyə böhranının Azərbaycana təsirini azaltmaq üçün hökumətin konkret siyasəti də var. Bunlar infrastruktur layihələrinin davam etdirilməsi, istehlak bazarında qiymətlərin endiriləsi, xaricdə saxlanılan valyuta resurslarının bir hissəsinin ölkəyə gətirilərək real sektora yönəldilməsi, monopoliyaların aradan qaldırılmasından ibarətdir.
Baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib ki, neftin qiymətinin 4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycan beynəlxalq maliyyə böhranının birbaşa təsirindən yayına bilib. Onun sözlərinə görə, böhran daha da dərinləşəcək, amma hökumətin antiböhran proqramı var.
Cənab Eyyubov hökumətin son 5 ildə gördüyü işlərdən də danışıb. “2003-cü ildən indiyədək 70 Dövlət Proqramı qəbul edilib. Regionların sosial-iqtisadi inkişafı proqramı 766 min yeni iş yeri, o cümlədən 547 min daimi iş yeri yaratmağa imkan verib. Ölkədə yoxsulluğun səviyyəsi son 5 ildə 49 faizdən 13,2%-dək azalıb. 2015-ci ilədək yoxsulluğu inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq nəzərdə tutulur. Dövlət büdcəsi 2003-cü il illə müqayisədə 10 dəfə artaraq $13 mlrd.-a çatıb. Ölkənin valyuta ehtiyatları $18 mlrd. təşkil edir.”
Bir çox deputatlar hökumətin hesabatını real saymır. Müxalifətdə olan “Müsavat” partiyasının üzvü, deputat Nəsib Nəsibli hesabat edir ki, hökumətin böhranın təsirlərini qarşılamaqla bağlı tədbirlər planı hesabatda əksini tapmayıb. Sadəcə ötən ilki rəqəmlər dəyişdirilib və hakimiyyətin tərifi pafosu artırılıb.
Azərbaycanın keçmiş baş naziri, deputat Pənah Hüseyn hökumətin hesabatını sadəcə rəqəmlər yığımı adlandırıb. Onun fikrincə, hökumət iqtisadiyyatı idarə edə bilmir.
“Böyük Quruluş” partiyasının sədri Fazil Qəzənfəroğlu da hökumətin dünyanı titrədən böhrana qarşı qarşılayıcı tədbirlər planının olmamasını təəccüblə qarşılayıb.
“Ümid” partiyasının sədri, deputat İqbal Ağazadə hesab edir ki, hökumətin böhranın Azərbaycana təsir etməyəcəyi ilə bağlı bəyanatları imitasiya xarakteri daşıyır və tam yanlışdır. Böhranın təsirləri artıq hiss edilir.
“Bütöv Azərbaycan Xalq Cəbhəsi” partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, son aylarda prezidentin Nazirlər Kabinetinin iclasında böhrana qarşı mübarizə ilə bağlı irəli sürdüyü təkliflərdən başqa hökumətin fəaliyyətində heç nə görünmür.
Azərbaycanın digər keçmiş baş naziri, deputat Əli Məsimli hesab edir ki, Azərbaycan böhrana daha çox duruş gətirəcək ölkələrdən sayılır. “Belə ki, ölkənin iqtisadi inkişafı və maliyyə ehtiyatları bundan xəbər verir. Bu mənada böhran Azərbaycanda siyasi təlatümlərə səbəb olmayacaq”.

XS
SM
MD
LG