Sahibkarlığa və Bazar
İqtisadiyyatının İnkişafına Yardım Fondu ABŞ-ın Beynəlxalq Özəl Sahibkarlıq
Mərkəzinin dəstəyi ilə "Kiçik sahibkarlığın inkişafı yolları" adlı
konfrans keçirib.
Fondun prezidenti Sabit Bağırov bildirib ki, tədqiqatlar
Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması üçün bir çox imkanların
olduğunu göstərir. Onun sözlərinə görə, Sahibkarlığın və Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu, İctimai Vəsaitlərin Monitorinqi Mərkəzi, Bakı Siyasi
Tədqiqatlar və Vəkillik Mərkəzi "Azərbaycanda sahibkarlıq mühitinin
yaxşılaşdırılması üzrə milli gündəlik" adlı təkliflər paketi hazırlayıb.
"Bu sənəddə ifadə olunan təkliflər hazırlanarkən 1000 kiçik biznes
nümayəndəsi arasında sorğu, 75 biznes lideri ilə aparılmış dərin müsahibələrdə daxil
olmaqla tədqiqatlar aparılıb, eləcə də Azərbaycanda biznes fəaliyyətini
tənzimləyən qanunlar və normativ aktlar təhlil edilib".
S.Bağırov sənədin ilk növbədə prezidentliyə namizədlərə,
sonra hökumətə, parlamentə və ictimaiyyətə təqdim ediləcəyini deyib.
"Təklif edirik ki, Kiçik Biznes üzrə Milli agentlik və milli ombudsman
institutu təsis edilsin, Avropa İttifaqının bu sahə üzrə tərifləri və təsnifatı
tətbiq edilsin, regional islahatlar keçirilsin, 2009-cu ildən sadələşdirilmiş vergi
ödəmə sistemi üçün dövriyyə limiti iki dəfə artırılsın, gündəlik tələbat
malları üçün ƏDV stavkası 10 faizədək endirilsin, ƏDV ödənilməsi qaydası
təkmilləşdirilsin, sahibkarlıq fəaliyyətinin lisenziyalaşdırılması haqqında
qanun qəbul edilsin, sağlamlıq üçün təhlükə yaratmayan sahibkarlıq fəaliyyəti
üçün lisenziyalaşdırma ləğv edilsin, mülkiyyət hüququnun qeydiyyatını
tənzimləyən qanun qəbul edilsin, Mülkiyyət hüququnun qeydiyyatı üzrə
"vahid pəncərə" prinsipi tətbiq edilsin, hüquqi və fiziki şəxslərin
öz hesabına tikdiyi obyektlərin mülkiyyət hüququnun qeydiyyatı prosesində tələb
olunan 13 sənədin sayı azaldılaraq 5-ə endirilsin, böyüklüyündən və məqsədlərindən
asılı olaraq tikinti obyektlərinin təsnifatı müəyyən edilsin, tikintiyə icazə
alınması sistemi sadələşdirilsin və vahid pəncərə sistemi tətbiq edilsin,
qaiməsiz mal satışına qarşı sərt cərimələr tətbiq edilsin". Fondun
prezidentinin sözlərinə görə, müəlliflər yoxlamaların tənzimlənməsi üzrə 6
təkliflə çıxış edib. "Yoxlamalar üzrə Nəzarət kitabı təqdim edilsin,
İqtisadi İnkişaf nazirliyi altı ay ərzində 2000 sahibkarlıq subyekti üzrə
yoxlamaların lazımlılığını təhlil etsin, yoxlamalar haqqında əvvəlcədən
Sahibkarlıq Departamentinə məlumat verilsin, dövlət və özəl sektorda
yoxlamalara qeyri-bərabər yanaşma aradan qaldırılsın".
Sənəddə həmçinin sahibkarlıq fəaliyyəti ilə bağlı
işlərə baxılması üçün andlılar məhkəməsinin yaradılması, xarici ticarət
əməliyyatlarını asanlaşdıran, şəffaflığı yüksəldən və yüklərin gömrükdən
keçirmə sürətini artıran Gömrük Məcəlləsinin qəbulu, gömrükdə "vahid
pəncərə" prinsipinin tətbiqi təklif edilir.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki,
Azərbaycanın əsas məqsədlərindən biri qeyri-neft sektorunun inkişafıdır.
"İnkişaf etmiş iqtisadiyyatlarda isə kiçik və orta biznes iqtisadi artıma,
yeni iş yerlərinin yaradılmasına təkan verir. Azərbaycan iqtisadi sahədə uğurlu
nəticə əldə etmək istəyirsə, qeyri-neft sektorunda inkişafa nail olmaq
istəyirsə kiçik və orta biznesin inkişafına təkan verməlidir".
Səfir hesab edir ki, biznesin inkişafı üçün ölkədə
münbit şərait yaradılmalıdır. "Bunun üçün əsas amillərdən biri əmlak
hüququnun qorunmasıdır. Böyük amillərdən biri də rəqabət mühitinin
yaradılmasıdır. Kiçik və orta biznes məhz rəqabət mühitində inkişaf
etməlidir".
Tədqiqatların nəticələri də maraqlıdır. Bu barədə Rasim
Musabəyov məlumat verib. Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 70
faizi biznes mühitinin yaxşılaşdığını, 63 faizi isə rəqabət şəraitini ədalətli
sayır. "Bununla yanaşı, sahibkarlıq subyektlərində yoxlamaların 55 faizini
vergi orqanları aparıb, ikinci yerdə Fövqəladə hallar nazirliyi gəlir. Ədalətsiz
yoxlamalarda da vergilər nazirliyi birinci, Fövqəladə hallar nazirliyi ikinci
yeri alır. Bu bizim diqqətimizi cəlb edir və hesab edirik ki, araşdırmaya
ehtiyac var".
R.Musabəyoov bildirib ki, respondentlərin 51,5 faizi
qanun pozmadan bizneslə məşğul olmağı mümkün saymır. "Biznesmenlərin 35,7
faizi özünü məmur özbaşınalığından sığortalanmış hesab etmir". Politoloq
İlqar Məmmədov bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşı olmasına neft
pulları şərait yaradıb. "İnvestisiyalar neft pullarının bölüşdürülməsinə yönəlib.
Azərbaycanda biznesin ictimai mühitə təsiri yoxdur. Bu səbəbdən də siyasi
transformasiya baş vermir. Ölkədə lobbiçilik də icra orqanlarında edilir.
Halbuki demokratik şəraitdə lobbiçilik parlamentdə edilir".