Accessibility links

Ukraynada enerji təhlükəsizliyi Sammiti keçirilir


Prezident İlham Əliyevin Ukraynaya səfəri davam edir. İki ölkə prezidenti Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsini və “Azərbaycanla Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə” imzalayıb. Prezident Viktor Yuşenko bildirib ki, danışıqlarda siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlıq məsələlərinin geniş spektrinə toxunulub. Ukrayna prezidenti energetika sahəsində əməkdaşlıqdan danışarkən Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri və Xəzər neftinin Ukraynada emal edilməsi layihələrinin reallaşdırılmasının böyük əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişaf perspektivlərindən danışarkən dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməyə istinad edib. “Azərbaycan və Ukrayna Prezidentləri Şurasının yaradılması haqqında da qərar qəbul edilib və şura ikitərəfli əməkdaşlığın üstün istiqamətlərinin müəyyən edilməsi, qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət edilməsi üçün səmərəli orqan olacaq”. Azərbaycanın dövlət başçısı səfər çərçivəsində bu gün Kiyevdə enerji təhlükəsizliyinə həsr olunmuş Sammitdə iştirak edib. Sammitdə həmçinin Ukrayna, Gürcüstan, Latviya, Litva, Polşa , Estoniya prezidentləri, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyder Qrey, ümumilikdə, 30-dan çox ölkənin yüksək vəzifəli təmsilçiləri iştirak edir. Forumda əsasən Avrasiya neft nəqli dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması, Baltik və Qara dəniz bölgəsindəki enerji tranziti ölkələrinin qeyri-formal birliyinin yaradılması məsələləri müzakirə olunub. Müstəqil politoloqlar Odessa-Brodı-Qdansk neft kəməri marşrutuna regionda yeni iqtisadi məkanın yaradılmasının başlanğıcı kimi baxır. Ancaq, yeni layihənin gözlənilən təhlükələri də var. Politoloq Qabil Hüseynlinin fikrincə, bu Rusiyanın Azərbaycan və Gürcüstana təzyiqlərinin artmasına gətirib çıxara bilər. Ancaq yeni birlik də böyük siyasi və iqtisadi potensiala malikdir. Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti Sabit Bağırov kəmərin gələcəyinin daha çox kommersiya şərtlərindən asılı olacağını fikirləşir. Onun sözlərinə görə, Odessa-Brodı kəməri ilə APDNŞ-nin sahibi olduğu neft axıdıla bilər. Cənab Bağırov hesab edir ki, kommersiya şərtləri sərfəli olarsa gələcəkdə Türkmənistan və Qazaxıstan nefti də bu kəmər vasitəsilə nəql edilə bilər.
XS
SM
MD
LG