Accessibility links

Amerika və Azərbaycan demokratiya sahəsində altıncı dialoq keçirir


ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kramer Azərbaycanda səfərdədir.

O insan haqları və demokratiya sahəsində Azərbaycan-ABŞ dialoqunu davam etdirir. Cənab Kramer bu gün siyasi partiya rəhbərləri, qeyri-hökumət təşkilatları ilə görüşdən sonra prezident İlham Əliyevlə iki saat, xarici işlər naziri Elmar Məmmədyarovla isə iki saat yarım müzakirələr aparıb.

Dövlət katibinin müavini görüşlərdən sonra jurnalistlərə danışıqların açıq şəraitdə aparıldığını bildirib. “Prezident seçkiləri, media azadlığı, demokratiya və insan azadlıqları ilə bağlı məsələləri müzakirə etdik. Müzakirələr çox açıq şəkildə aparıldı. Xüsusilə seçkilər məsələsinə toxunduq. Hesab edirik ki, bu seçkilər Azərbaycana misilsiz imkanlar yaradır. Narahatçılıq doğuran məsələləri də vurğuladıq. Əsas narahatçılıq doğuran məqamlardan biri media azadlığına aid olan məsələdir.

Cənab Kramer iki ölkə arasında 6-cı dialoqun aparıldığını deyib. “Bu dialoqu münasibətlərdə bir mexanizmi kimi tətbiq edə bilərik. ABŞ Azərbaycanla münasibətlərini çox güclü əlaqə kimi səciyyələndirir. Bu əlaqələr enerji və təhlükəsizlik sahəsində çox güclü və sıxdır. Bununla paralel həyata keçirilən demokratiya və insan haqları sahəsində əlaqələr də güclənməlidir. Prezident Corc Buş və dövlət katibi Kondoliza Rays bildirib ki, ABŞ üçün ən güclü tərəfdaşlar demokratiya sahəsində addım atmış tərəfdaşlardır. Azərbaycanda danışıqlarda bu sahədə anlaşmanı daha da gücləndirmək və dərinləşdirmək üçün çox geniş məsələlərə toxunduq. Bu sahədə də irəliləyişləri arzulayırıq. Bu həm də hər iki tərəfə yaxşı dialoq imkanları yaradır. Müzakirə olunun məsələlər sırasında jurnalistlərə qarşı basqılar, təhdidlər, hücumlar da müzakirə mövzusu olub. Biz düşünürük bu hadisələri törədənlər qanun qarşısında məsuliyyət daşımalıdırlar”.

Dövlət katibinin müavini “Amerikanın səsi” radiosunun sualının cavabında seçkilərin Azərbaycan üçün misilsiz imkanlar yaratdığını deyib. “Seçkilərin beynəlxalq standartlara, ATƏT-in standartlarına uyğun keçirilməsi üçün imkan yaranıb. Seçkilərin qiymətləndirilməsi yalnız səslərin hesablanması amili üzərində qurulmur. Seçkilərə ümumi qiymət kampaniyaların həyata keçirilməsi, səslərin qeydiyyatı, mediaya çıxış, medianın işlək vəziyyətdə olması meyarları üzrə veriləcək. Biz istəyirik ki, Azərbaycanda bu meyarlar olsun və qiymətləndirmə məhz bu meyarlar əsasında aparılsın. Azərbaycanda seçkiləri, - seçki gününü və seçkiqabağı vəziyyəti, - yetərincə insan nəzərdən keçirəcək. Bu kontekstdə Azərbaycanın əlində böyük imkan var”.

XS
SM
MD
LG