Accessibility links

QHT-lər parlament qarşısında etiraz piketi keçirməyə cəhd edib


Milli Məclis bugünki iclasında “Qeyri hökumət Təşkilatları (QHT) haqqında” və bir sıra digər qanunlara düzəlişlər paketini qəbul edib. Yekun variantda vətəndaş cəmiyyətinin etirazlarına səbəb olan normalar sənəddən çıxarılıb. Xüsusən, qeydiyyatı olmayan QHT-lərin fəaliyyətinin qadağan edilməsi, QHT-lərin xarici mənbələrdən maliyyələşməsinin məhdudlaşdırılması haqqında müddəalar aradan qaldırılıb.
”Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında” qanuna təklif edilən və narazılıqlara səbəb olan müddəalar da ləğv edilib. İki il ərzində üç dəfə məhkəmə məsuliyyətinə cəlb edilmiş çap orqanının bağlanmasını nəzərdə tutan norma qəbul edilməyib. Son redaksiyada qanuna cəmi bir əlavə saxlanılıb, Azərbaycanın dahi şəxslərinin adına onların yaxınlarının icazəsi olmadan çap orqanı yaratmaq qadağan edilir. KİV orqanı əvvəllər təsis edilmiş çap nəşriyyatları ilə eyni ada, habelə vətəndaşların milli və dini hisslərini təhqir edən adlara malik ola bilməz.
Bununla belə, “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər, inanclı şəxslərin etirazlarına baxmayaraq, olduğu kimi qəbul edilib. Yeni düzəlişə əsasən, xaricdə dini təhsil alan şəxslər dini ayinlərin icra edildiyi yerlərə rəhbərlik edə bilməz və islam dini ibadət yerlərinə rəhbərlərin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılaraq həyata keçirilməlidir.
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qanuna dəyişikliyi müsbət qarşılayıb. Onun fikrincə, sənədin yeni redaksiyada qəbulu dövlətin vətəndaş cəmiyyəti siyasətinin təntənəsidir.
Müxalifətdə olan “Müsavat” deputat qrupu adından danışan Nəsib Nəsibli sənədin ictimai narazılığa səbəb olan birinci variantını müdafiə edən deputatların eyni pafosla yeni redaksiyasını da müdafiə etdiyinə təəccübünü ifadə edib. O qeyri hökumət təşkilatlarını cəmiyyətin siyasi vicdanı adlandırıb.
Deputat qadağa metodu ilə qanunsuzluğun qarşısının alınması praktikasına son qoyulmasını tələb edib. Onun fikrincə, qadağa institutu bir qayda olaraq qanunsuz əməllərin genişlənməsinə yol açır. Deputat dini rəhbərlərlə bağlı nəzarət mexanizmini gücləndirmək əvəzinə ölkədə daxili demokratiyanı gücləndirməyin vacibliyini önə çəkib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov hesab edir ki, zəif dövlətlərdə demokratiya olmur. Bu səbəbdən də qanunlarda qeyri-hökumət təşkilatlarına qarşı tələblər gücləndirilməlidir.
Sənədin müzakirəsi zamanı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də iclas zalında olub. O sənədin qəbulundan sonra jurnalistlərə bildirib ki, güclü vətəndaş cəmiyyəti demokratik dövlətin inkişafında mühüm vasitədir. Bu isə həm Azərbaycan, həm də Amerika hökumətlərinin marağına cavab verir. “Çox fəal və çox güclü olan vətəndaş cəmiyyəti demokratiyanın çox vacib və ayrılmaz bir hissəsidir. Müstəqil, azad və obyektiv tərzdə fəaliyyət göstərən media və demokratik təsisatlarla yanaşı müstəqil olan vətəndaş cəmiyyətinin yaradılması çox vacibdir. Baklıda və regionlarda çoxsaylı qeyri hökumət təşkilatları fəaliyyət göstərir. Onların işinə daim dəstək vermək lazımdır. Bu insanlar çox vətənpərvərdir”.
Milli Məclisin qanunu yeni redaksiyada qəbul edəcəyinə əmin olmayan bir qrup qeyri-hökumət təşkilatı fəalı isə parlamentin qarşısında etiraz piketi keçirməyə cəhd edib. Piketin qarşısı alınıb və etirazçılar parlamentin qarşısına buraxılmayıb.

XS
SM
MD
LG