Accessibility links

Novruz Məmmədov: Azərbaycanın maraqlarına zidd addımlar atılarsa, buna adekvat reaksiyamız ola bilər



Azərbaycan Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə Ermənistan-Azərbaycan danışıqları, Türkiyənin Ermənistanla sərhədləri açması mümkünlüyü, Azərbaycan - ABŞ münasibətləri, Nabucco layihəsi ilə bağlı məsələlərdən danışılır.

Sual: Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar hazırda nə yerdədir? Tərəflər münaqişənin nizamlanma prinsipləri ilə bağlı razılığa gəlibmi?
Cavab: Ermənistanla-Azərbaycan arasında münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda hələlik konkret bir müəyyənlik yoxdur. Azərbaycanın, həmsədr ölkələrin nümayəndələrinin və həmsədrlərin özünün ötən vaxtlarda göstərdiyi səylərə baxmayaraq, hər dəfə görüşdən-görüşə Ermənistanın mövqeyi məlum olmayan səbəblər üzündən ya dəyişir, ya da yeni element ortaya atılır. Beləliklə də danışıqlar prosesi uzadılır. Baxmayaraq ki, həmsədrlər baza prinsipləri üzrə razılaşdırmanı yaxınlaşdırmaq istəyir. Amma, hər dəfə ortaya bir məsələ çıxır. Görünür Ermənistan rəhbərliyinin əsas məqsədi münaqişəni indiki səviyyədə saxlayıb və bundan istifadə edərək hakimiyyətdə qalmaqdır.
Sual: Çərçivə sazişi ilə bağlı razılıq əldə edilə bilərmi? Ekspertlər qeyd edir ki, bu ilin mayında və ya iyununda çərçivə sazişi imzalana bilər. Münaqişənin mərhələli nizamlanması prosesini necə görürsünüz?
Cavab: Azərbaycanın və həmsədrlərin irəli sürdüyü variant münaqişənin mərhələli həll prosesidir. Bu da tamamilə düzgündür, məntiqidir və ədalətlidir. Həmsədr dövlətlər, dünya ictimaiyyəti, BMT Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini bilir. İşğalın səbəbi Ermənistanın Azərbaycan ərazilərini qopararaq öz ərazisinə qatmaqdır. Ermənistan iddialı olduğu Dağlıq Qarabağdan əlavə daha yeddi rayon işğal edib. Bu ərazilərdən 760 min azərbaycanlı qaçqın düşüb.
Mərhələli həllin üstünlüyü odur ki, dünya birliyinin, beynəlxalq təşkilatların qarşısında məsuliyyət qoyur və həm də onların mövqeyini gücləndirir. Tutaq ki, Ermənistan Dağlıq Qarabağa müəyyən bəhanələrlə iddia edir, bu ərazini öz ərazisinə qatmaq istəyir və ya müstəqil dövlət yaratmaq istəyir, hansı ki, bu heç vaxt mümkün olmayacaq. Bəs, digər ərazilərin, yeddi rayonun 20 il müddətində işğal altında saxlanmasını nə adlandırmaq olar? Mənə elə gəlir ki, konkret münasibət bildirilməlidir. ABŞ da, Rusiya da, Fransa da, başqa dövlətlər də münasibətini bildirməlidir. Çünki bu ərazilərə Ermənistanın heç bir iddiası yoxdur və ola da bilməz. Buna baxmayaraq Ermənistan çox asanlıqla, kimlərinsə himayəsi ilə bu əraziləri hələ də işğal altında saxlayır və mərhələli həll prosesini bu ərazilərin boşaldılmasından başlamağa heç cür razılıq vermir.
Sual: Hazırda vəziyyət necədir? Prinsiplərlə bağlı razılıq əldə edilibmi? Ermənistan danışıqları hansı vasitələrlə uzadır? Prinsiplərlə razılaşmır?
Cavab: Ermənistan danışıqlar prosesi ilə özünə bəraət qazandırmaq istəyir. Əslində “biz münaqişənin həllini istəyirik, ona görə də danışıqlar aparırıq” deyə-deyə vaxtı uzadır. Vaxt isə uzandıqca onlar dünyada və regionda baş verən hadisələrdən istifadə edərək niyyətlərinə çatmaq üçün müxtəlif bəhanələrini ortaya qoyur. Çərçivə sazişinə də, müəyyən razılaşma mərhələlərinə də mane olurlar.
İndi isə Ermənistanın başı daha çox Türkiyə ilə sərhədlərin açılmasına qarışıb. Çox təəssüflər olsun ki, Ermənistan bu məsələdə dünya birliyini, Avropanı, elə Amerikanı da öz tərəfinə çəkib. Sanki bütün dünya birliyini öz tərəfində dünyanın guya yeganə məsələsi olan Türkiyə ilə sərhədlərin açılması məsələsinə yönəldib və onlar Ermənistanı dəstəkləyir. Son zamanlar diqqət bu məsələyə cəlb olunduğu üçün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələ də sanki, ikinci plana keçib. Ona görə də hələlik konkret bir münasibət bildirə bilmərəm.
Amma, həmsədrlər regiona səfərlərini davam etdirir. Ola bilsin ki, yaxın aylarda yüksək səviyyədə görüş də baş tutsun.
Sual: Belə bir zamanda Türkiyənin Ermənistanla sərhədlərini açacağı barədə yeni-yeni bəyanatlar səslənir. Münaqişə həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açmasının Azərbaycan-Türkiyə münasibətlərinə hansı təsiri ola bilər?
Cavab: Azərbaycan müstəqilliyini qazandıqdan bu günə kimi Türkiyənin bütün rəhbərləri birmənalı qeyd edib ki, sərhədlərin açılması üçün əsas şərtlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həllidir. Son vaxtlara qədər bu bəyanat Türkiyə xarici işlər nazirliyinin saytında da qoyulmuşdu. Burada Türkiyədən əlavə dünya birliyinin də maraqlı mövqeyi var. Sanki onlar üçün regionda bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsi deyil, Türkiyənin Ermənistanla sərhədinin açılmasıdır. Türkiyənin mövqeyi öz yerində, dünya birliyinin, ABŞ-ın, Avropanın Ermənistana bu qədər dəstək verməsi bizi təəccübləndirir. Dünyada bir haqq-ədalət də olmalıdır. Amma bunu bu gün görmək mümkün deyil. Bu qədər haqsızlıq, ədalətsizlik, qərəzli münasibət, tərəfkeşlik məni həddən artıq çox narahat edir. Bu dünya üçün də bir nümunədir. Belə halların olması düzgün deyil. Çünki bu gün beynəlxalq münasibətlərdə daha həssas olmaq lazımdır. Ədalət prinsipini heç olmazsa müəyyən nisbiliklə olsa da, saxlamaq lazımdır. Belə olmayanda müəyyən fikirlər yaranır.
Şübhəsiz ki, bu addımlar konkretləşdikdə və reallaşdıqda müəyyən nəticələr verə bilər. Azərbaycanın maraqlarına zidd addımlar atılarsa bizim də buna adekvat reaksiyamız ola bilər və bu da təbiidir. Eyni zamanda, bu regionda beynəlxalq münasibətlərin də müəyyən mərhələsində xarakterinə öz təsirini göstərə bilər. Çünki, Azərbaycan çox həssas bir regionda yerləşir. Geosiyasi cəhətdən çox vacib regiondur, qərb üçün, bütün region dövlətləri üçün çox vacibdir. Azərbaycan çox zəngin bir dövlətdir. Bu imkanlarını da qərb üçün, ABŞ üçün ortaya qoyub, nümayiş etdirir. Azərbaycan postsovet məkanında yeganə müstəqil etibarlı tərəfdaş kimi müstəqil xarici siyasət kursu həyata keçirir. Bu dövlətə qarşı bu qədər laqeydliklə yanaşmaq, nəzərə almamaq öz nəticələrini göstərə bilər. Belə hadisə mütləq regional və beynəlxalq münasibətlərə bütün sahələrdə təsirini göstərəcək.
Sual: Bəs Azərbaycan-Türkiyə münasibətlərinə necə?
Cavab: Türkiyə ilə qardaşıq, dostuq, strateji tərəfdaşıq. Bizim ölkələr, xalqlar bir-biri ilə qardaşdır, eyni kökə malikik. Bu yaxınlıq, qardaşlıq tarixidir. Türkiyə dövləti və xalqı ilə Azərbaycanın münasibətləri daim qırılmaz olaraq qalacaq. Amma, indiki məqamda doğrudan da Ermənistanla sərhədlər açılarsa, indiyədək irəli sürülən vədlər, prinsiplərdən əl çəkilərsə, bu şübhəsiz ki, münasibətlərimizə təsir göstərə bilər. Türkiyənin qarşısında türk dünyası, türk dövlətləri, eləcə də Azərbaycanla bağlı mənəvi, hüquqi və digər məsuliyyətlər var və onlar nəzərə alınmalıdır. Bu çox mürəkkəb məsələdir. Türkiyə məsuliyyəti əvvəlcədən öz üzərinə götürüb və bu prinsiplərə riayət etməsi də vacibdir. Hesab edirəm ki, Türkiyə tərəfi Azərbaycanın mövqeyini başa düşür və nəzərə alacaq. Ümumiyyətlə heç nədən Azərbaycanı Ermənistana qurban vermək əsaslı deyil və əsaslandırıla da bilinmir. Bunu başa düşmək də mümkün deyil.
Sual: Azərbaycanın münasibətlər sistemində dəyişiklik olarsa, Azərbaycan-Rusiya münasibətlərində yenilik ola bilərmi? Rusiya da Ermənistana zaman-zaman yüz milyonlarla dollarlıq silah-sursat ötürüb.
Cavab: Artıq bu gün Azərbaycan prezidentinin Rusiya paytaxtına bir neçə ay öncə planlaşdırılan səfəri ilə bağlı müəyyən məqamlar ortaya qoyulur. Bunu jurnalistlər, siyasətçilər öz istədiyi kimi yozmağa başlayıb. Burada da qərəzli münasibət özünü göstərir. Dünyada kimin təbliğat gücü varsa, öz istədiyini ortaya qoyub həyata keçirməsi düzgün deyil. Gec-tez bu bumeranq kimi qayıdıb onların özünə dəyəcək. Sadəcə, mən hələ heç nə deyə bilmirəm. Azərbaycan prezidentinin Moskvaya səfəri çox əvvəldən planlaşdırılıb və işgüzar səfərdir. Azərbaycanla Rusiya yaxın qonşular, tərəfdaş dövlətlərdir, çox gözəl əlaqələri var. Bu əlaqələrin daha da inkişaf etdirilməsi, ikitərəfli münasibətlərə bir daha baxılması, eyni zamanda Xəzərlə, Dağlıq Qarabağla bağlı məsələlərin bir daha müzakirə edilməsi tamamilə təbiidir. Bu müzakirələr hər il aparılır. Lakin məsələlərin nəticələri ilə bağlı əvvəlcədən proqnoz vermək düzgün deyil və lazım da deyil.
Sual: Belə bir zamanda Azərbaycan-ABŞ münasibətlərini necə qiymətləndirirsiniz? Ümumiyyətlə yeni administrasiyanın dövründə Azərbaycan-Amerika strateji müttəfiqliyi qüvvədədirmi?
Cavab: Strateji müttəfiqlik nə deməkdir? Bunun mənası nədir, məzmunu nədir? Bu özünü nədə göstərməlidir? Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan torpaqlarının işğalı məsələsi bizim üçün tale yüklü bir məsələdir. Azərbaycan 20 illik müstəqilliyinin bütün imkanlarını qərb istiqamətində ortaya qoyub, heç kimin düşünmədiyi layihələri həyata keçirib. Postsovet məkanında heç bir ölkə bunu etməyib. Amma əvəzində, Azərbaycan nə görür, nə alır, nə təklif edilir? Çox təəssüf ki, bütün bunların əvəzində biz gözlədiyimizi görə bilmirik. Yəni Azərbaycana olan laqeyd münasibəti biz heç cür başa düşə bilmirik. 907-ci düzəlişdən başlayaraq “Min illiyin çağrışı”, “Cekson Venik” düzəlişində Azərbaycanla bağlı silah məsələləri və bir sıra başqa məsələlərdə münasibət açıq görünür. Əvəzində, Ermənistana 2 milyard dollaradək yardım olub. Kimi cəzalandırılar? Ərazisi işğal olunmuş ölkəni həm də cəzalandırmaq lazımdır?
Sual: Yəni bu gün Azərbaycan-Amerika münasibətlərini necə qiymətləndirirsiniz?
Cavab: Bu gün Azərbaycan Amerika münasibətlərinin səviyyəsini yüksək qiymətləndirirəm. İki ölkə arasında sıx əməkdaşlıq var. Amma bu əməkdaşlıq qarşılıqlı olmalıdır. Azərbaycanın da müəyyən maraqları az da olsa nəzərə alınmalıdır. Çünki bu belə davam edəndə bizim də qarşımıza suallar çıxır. Nə üçün ABŞ müəyyən mənada bütün dövlətlərə təsir edə bilir, Əfqanıstanla bağlı 30 dövləti bir yerə yığıb bütün tədbirləri görə bilir, İraqla bağlı dəfələrlə sammitlər keçirib məsələləri həll edə bilir, Ermənistanla bağlı bu qədər işlər görülür, amma Azərbaycanla bağlı bir addım atmaq istəmir.
Sual: Belə bir vəziyyətdə Nabucco layihəsi ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik ola bilərmi?
Cavab: Nabucco Azərbaycanın layihəsi deyil. Nabucco kimin layihəsidir, qaz kimə lazımdır onlar bu layihə ilə maraqlansın, məqsədlərini ortaya qoysun və iş görsünlər. Azərbaycan sadəcə olaraq qərblə əməkdaşlığına, xüsusi əhəmiyyət verdiyi üçün həm ixracatçı, həm də tranzit dövləti kimi səylərini ortaya qoyur. Bizim mövqeyimiz dəyişməyib. Kimin qaza daha çox ehtiyacı varsa, bu işlə yaxından məşğul olmalıdır.
Sual: Azərbaycan son zamanlar Rusiyaya qaz satmaqla bağlı da memorandum imzalayıb. İran da “Şahdəniz” qazını almaq istəyini bəyan edib. Bunlar Nabuccoya alternativ ola bilərmi?
Cavab: Nabuko layihəsini istəyənlər varsa. Azərbaycan üç ildir bununla bağlı öz səylərini və təşəbbüsünü ortaya qoyub. Kimi bu maraqlandırırsa indiyədək iş görməli idi. Maraqlandırmırsa, bu bazardır, Azərbaycan da öz maraqlarını həyata keçirməlidir. Müxtəlif tərəflərlə, vektorlarla əməkdaşlıq addımları ata bilər və bu da təbiidir. Azərbaycanın qapıları əməkdaşlıq etmək istəyən bütün tərəflər üçün açıqdır.




XS
SM
MD
LG