ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Azərbaycana beş günlük səfərə gəlib. Nümayəndə heyəti iyunun 2-də Bakıda açılacaq ənənəvi neft və qaz sərgisində iştirak edəcək.
Xüsusi elçi prezident Obamanın məktubunu Azərbaycan prezidentinə çatdırıb. Prezident İlham Əliyevlə görüşdə həmçinin enerji təhlükəsizliyi məsələləri müzakirə edilib.
Cənab Əliyev Bakı – Tbilisi - Ceyhan boru kəmərinin çəkilişini böyük nailiyyət adlandırıb. “Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu digər iri enerji layihələri də enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi işinə töhfə verəcək” - deyə o qeyd edib.
Dövlət katibinin xüsusi elçisi Riçard Morninqstar bu gün Azərbaycandakı Amerika Ticarət Palatasında enerji təhlükəsizliyi məsələləri üzrə ABŞ-ın yeni administrasiyasının mövqeyini əks etdirən nitqlə çıxış edib.
O Azərbaycanı regionda enerji məsələləri üzrə lider ölkə adlandırıb. “Açıq-aşkar məlumdur ki, Azərbaycan və ABŞ bir-birinə yaxın tərəfdaş olaraq qalacaq. Prezident Əliyev yalnız Praqa Sammitində, ondan əvvəl Krakov, Vilnüs və Kiyevdə keçirilmiş sammitlərdə iştirak etməklə deyil, həmçinin burada, Bakıda ötən ilin noyabrında Enerji Sammitini təşkil etməklə bu regionun enerji məsələləri üzrə lideri olub”.
Xüsusi elçi bildirib ki, prezident Obama və dövlət katibi Klinton Azərbaycanda müzakirə edilən enerji məsələlərində şəxsən maraqlıdır. O Aşqabada, Bakıya və Ankaraya keçirdiyi hazırkı səfərləri barədə dövlət katibinə şəxsən məlumat verəcəyini deyib. “Enerji məsələlərinə beynəlxalq səviyyədə qoşulmaq yalnız Amerikanın enerji təhlükəsizliyi üçün deyil, hər bir ölkənin enerji təhlükəsizliyi üçün mühümdür. ABŞ-ın yanaşmasına görə, enerji təhlükəsizliyinin nəticəsi sıfır olan oyun deyil. Doğrudan da heç bir dövlətin enerji təhlükəsizliyi digər dövlətin onu itirməsi hesabına ola bilməz – biz bu məsələdə hamımız birlikdəyik".
O Amerikanın yeni administrasiyasının Avrasiya enerji siyasətindən danışarkən deyib ki, onun hökuməti regionda eyni zamanda bir neçə məqsədə çatmaq istəyir. “Bizim strategiyamız təchizatçı, tranzit və ya istehlakçı olmasından asılı olmayaraq bütün Avrasiya ölkələrinə fayda gətirməyi nəzərdə tutur. Belə bir strategiya balanslaşdırılmış, çoxtərəfli yanaşma tələb edir”.
Cənab Morniqstar Cənub Dəhlizi, xüsusilə Nabucco və Türkiyə - Yunanıstan - İtaliya arasında birləşdirici kəmər barədə Amerikanın mövqeyin açıq bəyan edib. “Bu layihələrin hansı ardıcıllıqla inkişaf edəcəyi kommersiya məsələsidir. Hər ikisi diversifikasiya və strateji nöqteyi-nəzərdən həddən artıq əhəmiyyətlidir. Onlar təkcə Azərbaycanda deyil, həmçinin Türkmənistan və İraqda da irəliyə doğru gələcək üçün yollar açmaqda kömək edə bilər”.
O eyni zamanda, bu layihələrin Avropanın enerji təhlükəsizliyinin bir hissəsi olduğunu yada salıb. Bundan əlavə, söhbət “Cənub Dəhlizi” layihəsindən də gedir.
“ABŞ Xəzər hövzəsindən neftin və qazın Avropa və dünya bazarına çıxarılmasının kommersiya baxımından sərfəli olan bütün yollarını bir şərtlə dəstəkləyir: biz inanırıq ki, hazırkı dövrdə İran öz beynəlxalq öhdəliklərini pozmağa, beynəlxalq sülhə və sabitliyə təhlükə olaraq qalmağa davam etdiyi bir zamanda bu ölkənin qazının hər hansı bir layihəyə daxil etməyin zamanı deyil. Ümid edirik ki, İranın davranışı elə dəyişəcək ki, biz bir gün İran qazının bu layihələrə qoşulmasını dəstəkləyəcəyik, lakin indi bunun vaxtı deyil”.
Səfir Morninqstar ümid edir ki, Azərbaycan və onun qonşuları, yeni mənbələrin inkişaf etdirilməsi də daxil olmaqla, öz neft və qaz hasilatını maksimuma çatdıracaq. Amerika bu hasilatın bazarlara çatdırılmasına kömək etməyə hazır vəziyyətdə durub. Onun fikrincə, karbohidrogen ehtiyatlarını artırmaq və onları müxtəlif marşrutlarla bazarlara çatdırmaqla Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadi inkişafını genişləndirər, eyni zamanda müstəqil dövlətlər kimi öz suverenliklərini gücləndirə bilər. “Biz prezident Əliyevi Azərbaycanın neft və qazının Avropaya çatdırılmasına həm təchizatçı, həm də tranzit potensialı haqqında öz strateji düşüncələrini davam etdirməyə səsləyirik. Boru kəmərləri əlaqə yaradan bağlardır, Azərbaycan qazının “Cənub Dəhlizi” yolu ilə Avropaya satılması bu ölkə ilə Qərb arasında möhkəm bağlılıq yarada bilər. Bundan əlavə, biz Azərbaycanı Türkmənistana öz iri qaz ehtiyatlarını inkişaf etdirmək və qazı Avropa istehlakçılarına çatdırmaqda yardımı etməyi davam etdirməyə səsləyirik”.
Riçard Morninqstar bildirib ki, Azərbaycanın Qazaxıstan neftinin daşınmasında mühüm tranzit ölkədir. “Ümid edirik ki, Azərbaycan Qazaxıstan neftinin daşınmasında etibarlı və şəffaf şərtləri təmin edəcək. Çünki Xəzərin şimal bölgəsində neft hasilatı qarşıdakı beş ildə sutkada 2 milyon barelə qədər artacaq ki, bu da ixrac imkanlarının əhəmiyyətli dərəcədə artırılmasını zəruri edəcək. Bütün bu işlərin çoxu Azərbaycan və Türkiyənin Azərbaycan qazının etibarlı, nəzərdə tutulan qiymətlərlə və həcmdə daşınması barədə razılığa gəlməsindən asılıdır və mən bu məsələni burada və daha sonra Ankarada müzakirə edəcəyəm” - deyə o qeyd edib.