Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə xidmətinin şəxsi heyəti ilə görüşündə əsasən
neft-qaz icrac boru kəmərlərinin təhlükəsizliyi, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarınrın qaytarılması və ordu quruculuğu məsələlərinə toxunub. Dövlət başçısına mühafizə xidmətinin şəxsi heyətinin istifadəsində olan silahların, terror zamanı istifadə oluna bilən qurğuların nümunələri nümayiş etdirilib. İ.Əliyev eyni zamanda Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru kəmərinin qorunması məqsədilə alınmış maşınlar, texniki vasitələrlə də tanış olub.
Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov bildirib ki, son 12 ildə mühafizə xidmətinin şəxsi heyətinin sayı 3 dəfə artırılıb. «Onun yerinə yetirdiyi vəzifələrin əhatə dairəsi xeyli genişlənib. Əvvəllər ali dövlət hakimiyyət və idarəetmə orqanlarının obyektləri və qorunan şəxslərin fiziki mühafizəsi ilə məşğul olan şəxsi heyət hazırda başqa mühüm vəzifələri də yerinə yetirir. Bu gün xüsusi dövlət mühafizə xidməti əks-kəşfiyyat, əməliyyat-axtarış, terrorizmə qarşı mübarizə fəaliyyətinin subyektidir. Xidmətimizin tərkibində milli qvardiya və ixrac neft-qaz kəmərlərinin təhlükəsizlik idarəsi kimi iri hərbi qurumlar fəaliyyət göstərir"-deyə o qeyd edib.
V.Axundovun sözlərinə görə, prezident Heydər Əliyevin 2003-cü il 31 mart fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlüksizliyi idarəsi yaradılıb. "8 aprel 2004-cü ildə Səngəçal terminalı, 27 sentyabr 2004-cü ildə uzunluğu 457 km. olan Bakı-Supsa, 21 fevral 2005-ci ildə uzunluğu 230 km. olan Bakı-Novorossiysk, 20 sentyabr 2005-ci ildə uzunluğu 443 km. olan Bakı-Tbilisi-Ceyhan İxrac Boru kəmərinin Azərbaycanın quru ərazisindən keçən hissəsi və onların infrastruktur obyektləri xidmətimiz tərəfindən mühafizəyə götürülüb. Bu məqsədlə 18 ay ərzində 8 regional şöbə yaradılıb. 800 azərbaycanlı gənc xüsusi hazırlıq keçərək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilib"-deyə xidmətin rəisi vurğulayıb.
O, həmçinin Xüsusi Dövlət Mühafiəz Xidmətinin xüsusi rabitə və telekommunikasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində ən müasir texnologiyalar tətbiq edərək prezident rabitəsi və dövlət orqanaları arasında xüsusi rabitə sistemini yaratdığını deyib. Mütəxəsislərimiz hazırda dövlət orqanlarının internet şəbəkələrinin sistemləşdirilməsi ilə məşğuldur.
Prezident İlham Əliyev xüsusi dövlət mühafizə xidmətinin və milli qvardiyanın
müstəqilliyin və sabitliyin qorunub saxlanmasında mühüm rolunu qeyd edib. Onun fikrincə, hazırda ölkədə ictimai-siyasi vəziyyət çox müsbətdir. "Sabitliyin qorunması hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycan çox sürətlə inkişaf edir. Ölkədə gedən proseslər bu gün və gələcəyimizi müəyyən edəcək. Azərbaycanın xalqının rifahının yaxşılaşması istiqamətində böyük addımlar atılır. Eyni zamanda, bütün başqa vasitələrlə də müstəqilliyi, yaranmış sabitliyi, əmin-amanlığı qorumalıyıq və bu işdə milli qvardiyanın da rolu çox yüksəkdir"-deyə o qeyd edib.
Prezident Bakı-Tbilisi-Ceyhan Əsas İfrac Boru kəmərinin regionda sülhün, təhlükəsizliyin bərpa olunmasını təmin edəcəyini bildirib. "Azərbaycan neftini dünya bazarlarına çıxaran bütün neft kəmərləri qorunur. Onların təhlükəsizliyini özümüz təmin edirik. Əminəm ki, bu kəmərlərin gələcəkdə də təhlükəsiz şəraitdə işləməsi tam təmin olunacaq. Bunun üçün lazımi avadanlıq və texnika alınıb. Bütövlükdə Dövlət Xüsusi Mühafizə Xidmətinin maddi texniki bazası gücləndirilib"-
Dövlət başçısı Azərbaycanda ordu quruculuğu prosesinin sürətlə aparıldığını da bildirib. Onun sözlərinə görə, ordu quruculuğu istiqamətdə atılan addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. "İldən-ilə artan hərbi büdcəmiz imkan verir ki, ordu potensialımızı ən yüksək səviyyədə saxlayaq. 2004-cü ildə hərbi büdcə 175 milyon, 2005-ci ildə 300 milyon, 2006-cı ildə isə 600 milyon dollara çatacaq. Bu ordu quruculuğuna göstərilən qayğının əyani sübutudur".
Dövlət başçısı müdafiə potensialının bundan sonra da gücləndiriləcəyini bəyan edib. "Çünki müharibə şəraitində yaşayırıq. Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi qarşımızda duran ən başlıca məsələdir. Biz problemi sülh yolu ilə həll etmək istəyirik. Danışıqlar gedir, ancaq nəticə yoxdur. Belə olan halda güclü ordu potensialının yaranması zəruridir. Bu milli maraqlarımıza cavab verir. Azərbaycan regionda böyük gücə çevrilir. Gələckədə də ordu potensialını gücləndirəcəyik, hərbi büdcəni artıracağıq və torpaqların azad olunmasına nail olacağıq. Bunun üçün iqtisadi inkişaf, sabitliyin və ictimai asayişin qorunması mühüm rol oynayır".