Accessibility links

Bolqarıstan prezidenti Bakıda enerji ilə bağlı danışıqlar aparır


Bolqarıstan prezidenti Georgi Pirvanovun Azərbaycana üç günlük səfəri başlayıb. Səfər çərçivəsində iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı məsələlər müzakirə olunub. Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Onun fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişlərin olması üçün Avropa işğalçı tərəfə Dağlıq Qarabağın heç zaman müstəqil olmayacağı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı ilə bağlı açıq mesaj verməlidir. Prezident enerji məsələsi ilə bağlı müzakirələr aparıldığını da deyib. Onun sözlərinə görə, müzakirələr Xəzər və Qara dəniz regionları arasında əməkdaşlıq konteksində aparılır. Dövlət başçısı Azərbaycanın 2 trilyon kubmetr qaz ehtiyatının olduğunu və Avropa bazarında çox zəruri ölkəyə çevriləcəyini bildirib Cənab Pırvanov isə yaxın zamanda Bakıda Qara və Xəzər dənizi regionları arasında enerji daşıyıcıları sahəsində əməkdaşlıqla bağlı konfrans keçiriləcəyini deyib. O həmçinin Bolqarıstanın Azərbaycandan 1 milyard kubmetr qaz almaq istədiyini bildirib. Dövlət başçısı Azərbaycanın Burqas-Aleksandropolis (Bolqarıstan-Yunanıstan) marşrutunda iştirakını da vacib sayır. «Bu, yeni marşrutdur və mən bu layihəni müzakirə etməyi Azərbaycan prezidentinə təklif etdim. Hesab edirəm ki, Burqas-Aleksandropolis layihəsinə Azərbaycanın qoşulması vacibdir». Bolqarıstan prezidenti bildirib ki, Avropanın enerji təminatı baxımından NABUCCO layihəsini də reallaşdırmaq vacibdir. Cənab Pırvanov həmçinin deyib ki, Bolqarıstan Kosovonun müstəqilliyini tanımasa da, onun unikal xarakter daşıması və presedent yarada bilməyəcəyi barədə Avropa İttifaqının rəyini bölüşür.
XS
SM
MD
LG