Prezident İlham Əliyev Azərbaycanın cənub şərq bölgəsinə səfər edib. Səfər zamanı o məcburi köçkünlər üçün yeni tikilmiş 10 qəsəbənin açılış mərasimində, Beyləqan şəhərinə 20 ildən sonra təbii qazın verilməsi ilə bağlı yeni kəmərin açılışında iştirak edib, bir sıra müəssisələrin işi ilə tanış olub, ictimaiyyət qarşısında çıxış edib.
Dövlət başçısı Füzuli rayonu ərazisində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində cəbhədə əsgər və zabitlərlə görüşüb, onlara medallar və mükafatlar təqdim edib.
Cənab Əliyev hərbiçilərlə görüşdən sonra məcburi köçkünlər qarşısında çıxışında Azərbaycan ordusunun yüksək döyüş hazırlığı olduğunu bəyan edib.
Dövlət başçısı Azərbaycanın hərbi büdcəsinin yaxın zamanda 2 milyard dollaradək artırılacağını da bildirib.
Prezident Ermənistan-Azərbaycan münaqişəsini ölkənin ən mühüm problemi adlandırıb. Onun sözlərinə görə, münaqişənin həlli təkcə Azərbaycanın fəaliyyətindən asılı deyil. Dövlət başçısı beynəlxalq ictimaiyyəti Azərbaycan torpaqlarının işğalı məsələsinə biganəlikdə ittiham edib. “Azərbaycan əraziləri danışıq vasitəsilə işğal olunmayıb, beynəlxalq dəstək nəticəsində işğal olunub”.
Cənab Əliyev hesab edir ki, danışıqlar məsələsinə növbəti aylarda aydınlıq gətirilməlidir.
Sonra o, Ermənistanı "qeyri-səmimilikdə" və danışıqların süni şəkildə uzadılmasında ittiham edib. "Sözdə onlar beş rayonu, bir az sonra isə Qarabağ ətrafında iki digər rayonu da azad etməyə razılaşıblar. Lakin əməldə Laçında əhali məskunlaşdırırlar. Bu, əldə olunmuş razılıqları yerinə yetirməyən ermənilərin qeyri-səmimiliyinə dəlalət edir".
Dövlət başçısı beynəlxalq ictimaiyyətin Azərbaycanı müdafiə etdiyini də bildirib. Onun fikrincə, Minsk Qrupunun həmsədr dövlətləri Azərbaycanın haqq mövqeyini dəstəkləməsə də beynəlxalq ictimaiyyət BMT-də bir daha Azərbaycan tərəfindən irəli sürülən qətnaməyə səs verdi. Onun fikrincə, Minsk Qrupunun həmsədrləri ən azı bitərəf qalmalı idi. Prezident hesab edir ki, Ermənistanın qeyri səmimiliyini Minsk Qrupu və eyni zamanda beynəlxalq ictimaiyyət bilir, sadəcə göz yumur.
O bunun müqabilində bir sıra dövlətləri Azərbaycanda hətta xırda bir hadisə ilə bağlı da hay-haray qaldırmaqda ittiham edib.
Dövlət başçısı həmçinin geosiyasət məsələsinə toxunaraq, regiona təsir uğrunda dövlətlər arasında mübarizə getdiyini bildirib. Bununla belə, ölkələrə müəyyən təzyiq göstərilir. Biz müstəqil dövlətik və təsir altına düşən deyilik. O Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı təzyiqlərə baxmayaraq öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini deyib. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.