Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında qətllər törədən Fərda Qədirov ötən ilin payızında Rusiyadan Gürcüstana qayıtdıqdan sonra milliyətcə erməni Sergey Qriqoryanla mütəmadi olaraq telefon əlaqəsi saxlayıb. Bu barədə Azərbaycan Daxili İşlər nazirliyinin və Baş Prokurorluğunun məlumatında deyilir.
“Gürcüstanın hüquq mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiyadan Gürcüstanın Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında milliyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə “Makarov” tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Törədilmiş ağır cinayətdə Sergey Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhəddindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır.
Bundan başqa, Fərda Qədirovun Gürcüstanın Marneuli rayonun Daştəpə kəndində yaşadığı evdə aparılmış axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə “Kula ARMS Corciya” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə və giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkili aşkar edilib.
Fotoşəkillərdən ikisinin arxasında “24 fevralə 2009 q. Qadirov Farda Odinokiy Volk”(Fərda Qədirov yalquzaq), digərində isə “U menya kacdıy şaq smertğ. 10 noyabr 2008 q. Qadirov Farda” (Mənim hər addımım ölümdür) sözləri yazılıb. Əşyaların içində, həmçinin, müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokasset, üzərində rus dilində “Telefonun kamerasına bax, görərsən mən kiməm” yazısı olan kağız parçası, telefonunda isə “Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam” deməsini, canavar maskası taxmasını və tapançadan atəş açmasını nümayiş etdirən video görüntülər aşkar edilərək götürülüb.
Hadisənin şahidi olmuş Dövlət Neft Akademiyasının müəllim və tələbələri, o cümlədən Fərda Qədirovun Gürcüstandan Bakı şəhərinə gəldiyi avtobusun sürücüsü və sərnişinləri, paytaxtda olduğu müddətdə ünsiyyət saxladığı şəxslər, hərəkət marşrutu, yaşadığı binanın sakinləri və ətraf ərazilərdəki obyektlərdə işləyənlər dindirilib. Həmçinin, cinayətdə iştirakı ehtimal edilənlərin telefon danışıqları təhlil edilib, eləcə də onların mənzillərində, müxtəlif saxlanc yerlərində axtarışlar aparılıb, digər zəruri tədbirlər həyata keçirilib.
Fərda Qədirovun cinayəti törətdiyi gün yaşadığı ünvandan Dövlət Neft Akademiyası istiqamətində keçdiyi yolu qeydə almış videokameraların görüntüləri, habelə onun hərəkət trayektoriyası öyrənilməkdədir.
Bununla bərabər, Fərda Qədirovun əvvəllər Rusiya Federasiyası və Gürcüstanda yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi və iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədilə həmin ölkələrə istintaq qrupunun üzvləri ezam olunub.