Amerika Beynəlxalq Təhsil Şurası (ACCELS) Amerikada bir il pulsuz təhsil almaq üçün orta məktəb proqramını elan edib. .
Səfir Enn Dersi bildirib ki, müsabiqələrdə 9, 10, 11-ci sinif şagirdləri iştirak edəcək. Müsabiqədən keçmiş şagird bir il müddətində ABŞ-da ailələrdə yaşayacaq və orta məktəblərin birində təhsil alacaq. Xanım Dersi hesab edir ki, bu şagirdlər mədəniyyət səfirləri kimi də iki ölkə mədəniyyətinin öyrənilməsində vacib rol oynayır.
Səfir bildirib ki, son həftələr ərzində Lənkəran, Şəki, Mingəçevir, Gəncədə testlər keçirilib. Növbəti testlər isə oktyabrın 9-da Naxçıvanda və oktyabrın 18-19-da Bakıda keçiriləcək. “Son 17 ildə bu proqram çərçivəsində 700 şagird Amerikada təhsil alıb”-deyə o qeyd edib.
ACCELS proqramının Azərbaycan üzrə direktoru Emi Piterson bu il 45-dək şagirdin Amerikaya göndərilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, Amerikada təhsil alan şagirdlər Azərbaycana qayıtdıqdan sonra da onlar üçün proqramlar hazırlanır.
Amerikada təhsil alıb qayıtmış şagirdlər isə öz təhsillərindən çox razıdır. Onlar Azərbaycan və Amerika təhsil sistemində xeyli fərqlərin olduğunu deyir.