Accessibility links

Dünya Bankı Azərbaycanda təhsil islahatlarına 25 milyon dollar  kredit ayırıb  



Bakıda “Təhsil sektorunun inkişafı üzrə ikinci layihə ” mövzusunda seminar keçirilir. Tədbirdə təhsil naziri, dövlət qurumlarının nümayəndələri, Dünya Bankının mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edir.

Təhsil naziri Misir Mərdanov bildirib ki, Dünya Bankının krediti ilə həyata keçirilən təhsil islahatları sahəsində 2003-2008-ci illəri əhatə edən birinci layihə başa çatıb. Hazırda ikinci layihə imzalanıb. Yeni layihənin əsas məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi, təlim nəticələrinin yaxşılaşdırılması və xərclərin səmərəliliyinin artırılmasıdır.

Baş nazirin müavini Elçin Əfəndiyev son beş ildə dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin beş dəfə artdığını deyib. “Hazırda təhsilin yeniləşməsini nəzərdə tutan 14 dövlət proqramı həyata keçirilir. Cənab Əfəndiyevin dediyinə görə, Azərbaycan hökuməti Dünya Bankı ilə birgə işləməyə böyük önəm verir.

Dünya Bankının Azərbaycandakı nümayəndəsi Qreqori Yedjeyçak hesab edir ki, Azərbaycan təhsilində tarixi islahatlar aparılır. “Bəlkə də hələ Azərbaycan təhsilində baş verən islahatlar başa düşülmür. Ancaq Azərbaycanda təhsilin məzmununda çox radikal dəyişikliklər baş verib. Azərbaycan Sovet təhsil məzmunundan milli təhsil məzmununa keçib. Əlifba dəyişdirilib. Təlim prosesinin məzmunu dəyişib. Mühazirə oxuyan müəllim, artıq iştirakçı müəllimə çevrilib. Təlimin texnologiyaları isə daha sürətlə dəyişir. Bəzən şagirdlər yeni məlumatlara müasir texnologiyalarla müəllimdən də tez çatır. Belə dəyişikliklər hər bir ölkədə baş vermir. Bu tarixi, əsaslı və inqilabi dəyişikliklərdir”, - deyə o qeyd edib.

Q.Yedjeyçak “Amerikanın səsi” radiosunun sualının cavabında bildirib ki, təhsil islahatları sahəsində Dünya Bankının krediti ilə reallaşan islahatların birinci mərhələsi çox uğurla başa çatıb. O Dünya Bankının kreditləri ilə maliyyələşən layihələrin həyata keçirilməsi zamanı sui-istifadə halları barədə media məlumatlarını qəti təkzib edib. “Yox, Yox. Qəti belə hallar olmayıb. Dünya Bankı ayırdığı kreditin xərclənməsinə tam nəzarət edir. İndiyədək bu sahədə hər hansı sui-istifadə halı ilə rastlaşmamışıq” - deyə o qeyd edib.

XS
SM
MD
LG