Accessibility links

Xələf Xələfov: Türkmənistanın iddiaları əsassızdır və danışıqların potensialı tükənməyib


Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “Amerikanın səsi” radiosuna müsahibəsində Türkmənistan Xarici İşlər nazirliyinin son bəyanatlarına cavab verib. Türkmənistan tərəfi dənizin bölünməsində Abşeron yarımadasının nəzərə alınmamasını istəyir. Cənab Xələfov həmçinin Azərbaycanın Azərbaycan-Türkmənistan əlaqələrinin perspektivləri, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar prosesi, İranın Xəzərin bölgüsü məsələsində mövqeyi, Nabucco layihəsi ilə bağlı suallara da cavab verib.

Sual:
Türkmənistan Xarici İşlər Nazirliyinin son iki bəyanatına münasibətiniz necədir?

Cavab:
Türkmənistan Xarici İşlər Nazirliyi son günlər Xəzərin hüquqi statusu ilə bağlı bəyanatlar verib, Azərbaycan-Türkmənistan danışıqları barədə müəyyən fikirlər açıqlayıb. Xüsusilə də, bu bəyanatlarda Türkmənistan danışıqlarda istifadə etdiyi mövqeyi açıqlayıb, orta xəttin müəyyən edilməsi ilə bağlı arqumentlər irəli sürüb.

Azərbaycanın isə mövqeyi belədir: Azərbaycan Türkmənistanla ikitərəfli danışıqlar mexanizmini qurub. Danışıqlar mütəmadi xarakter daşıyır və on ildən çoxdur davam etdirilir. Son görüş bu ilin iyulunda Bakıda keçirilib və qərara alınıb ki, növbəti görüş Aşqabadda keçirilsin. Danışıqlarda ikitərəfli çərçivədə Xəzərin dibinin bölünməsi məsələləri müzakirə olunur. Burada bölgü ilə bağlı prinsiplər, orta xəttin koordinatlarını müəyyən edən elementlərin müəyyən edilməsi, bazis nöqtələri və başqa məsələlər müzakirə mövzusudur ki, bunlar da iki dövlət arasında Xəzər dənizinin sektorlara bölünməsini həyata keçirə bilər.

Türkmənistan iddia edir ki, Xəzər dənizinin Azərbaycanla Türkmənistan arasında bölünməsində orta xətt prinsipindən istifadə edərkən Abşeron yarımadasının təsiri nəzərə alınmamalıdır, o cümlədən Çilov adası elementlər sırasından çıxarılmalıdır.
Azərbaycan Türkmənistanın bu mövqeyinə ikitərəfli danışıqlar zamanı dəfələrlə münasibətini bildirib. Türkmənistan mövqeyini mediada açıqladığından Azərbaycan da mövqeyini bir daha xatırlatmaq istəyir.

İlk öncə, orta xəttin koordinatlarının qurulması üçün bazis xətləri müəyyən olunur. Təbii ki, bazis xətləri hər bir ölkənin sahil ərazisinin konfiqurasiyası əsasında qurulur, həmin nöqtələrdən götürülür. Türkmənistan tərəfi isə Abşeron yarımadası və Çilov adasının nəzərə alınmaması ilə bağlı iddialar irəli sürür. Abşeron yarımadası 60 kilometr uzunluğunda Xəzərin içərisinə uzanır. Azərbaycan Respublikasının paytaxtının burada yerləşməsi, ölkə əhalisinin üçdə bir hissəsindən çoxunun yarımadada yaşaması bazis nöqteyi baxımından Abşeron yarımadası üçün dominant coğrafi xüsusiyyət yaradır. Eyni zamanda, Abşeron yarımadası Azərbaycan sahillərinin əhəmiyyətli sahil xüsusiyyətlərinin göstəricisi kimi dənizin delimitasiyası baxımından vacib coğrafi elementdir. Bu baxımdan, Abşeron yarımadası Türkmənistan tərəfinin iddia etdiyi təsadüfi və xüsusi hal deyil, Azərbaycanın təbii ərazisinə xas olan xarakterik cəhətdir. Ona görə də orta xəttin qurulmasında onun təsirinin azaldılması və ya nəzərə alınmamasından söhbət gedə bilməz.

Sanballı və nüfuzlu beynəlxalq məhkəmə sənədlərində, xüsusilə də Beynəlxalq Haaqa Məhkəməsinin qərarlarında verilən izahatlarda göstərilir ki, coğrafiya təftiş oluna bilməz və təbiətin yaratdığı xarakterik cəhətlərə görə güzəşt məsələsinə baxılmır. Orta xəttin çəkilməsində Abşeron yarımadasının tam təsirinin şübhə altına qoyulması beynəlxalq hüquq və beynəlxalq təcrübə baxımından əsassızdır.

Dəniz bölgüləri sahəsində yarımadaların təsirinin azaldılması və ya nəzərə alınmaması mövcud deyil. O ki qaldı Çilov adasına, bu ada sahildən 8 mil dənizin içərisində yerləşir, 7 kilometr uzunluğa və 5 kilometr enə malikdir. Ötən əsrdən başlayaraq, burada böyük sayda əhali yaşayır, iqtisadi fəaliyyətlə məşğuldur. Bu ada coğrafi yerləşməsinə və batimetriyasına görə Azərbaycanın materik sahillərinin tərkib hissəsi və davamıdır. Bu baxımdan, həmin ada Türkmənistanla orta xəttin qurulmasının əsasını təşkil edən düz bazis xətləri sisteminin bir hissəsidir və Azərbaycanın sahil konfiqurasiyasına aiddir.

Beləliklə, Abşeron yarımadası və Çilov adası Azərbaycan və Türkmənistan arasında orta xəttin koordinatlarını müəyyən edən vacib coğrafi və hüquqi elementdir. Dediklərim əsaslı şəkildə sübut edir və göstərir ki, Türkmənistanın qaldırdığı iddialar tam əsassızdır. Azərbaycan beynəlxalq hüququn normalarına, beynəlxalq təcrübəyə, Xəzər dənizində təşəkkül tapmış, uzun dövrdən bəri mövcud olan təcrübəyə uyğun olaraq, öz fəaliyyətini davam etdirir, suveren hüququnu həyata keçirir, enerji hasilatı ilə məşğul olur. Bu, tamamilə qanunauyğundur, heç bir dövlətin suveren hüquqlarına xələl gətirmir və heç bir dövlətin maraqlarına müdaxilə etmir.

Sual
: Fikrinizcə, Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət vəziyyətdən çıxış yoludurmu? Azərbaycan Türkmənistanla birgə Arbitraj Məhkəməsinə müraciət edə bilərmi?

Cavab:
Biz dəfələrlə bildirmişik və yenə bəyan edirik ki, məsələnin həllində bütün diplomatik vasitələrdən istifadə Azərbaycan üçün məqbuldur. Bu diplomatik vasitələrə beynəlxalq mexanizmlər də daxildir, o cümlədən məhkəmə mexanizmləri də daxil ola bilər. Amma məhkəmə mexanizmi bir qədər spesifik xarakter daşıyan məsələdir. Yəni, istənilən məsələnin beynəlxalq səviyyəyə və ya Beynəlxalq Arbitraj, Beynəlxalq Haaqa Məhkəməsinə çıxarılması üçün müxtəlif mexanizmlər, proseduralar var. Amma hər iki hal üçün səciyyəvi və eyni olan şərt odur ki, tərəflər məsələ ətrafında dialoqu davam etdirməli, razılaşma əldə etməlidir. Bu proseduralar tələb edir ki, əgər hər-hansı iki dövlət, hər iki dövlətin səlahiyyətlərinə daxil olan məsələlər üzrə müəyyən beynəlxalq mexanizmə müraciət etmək istəyirsə, razılığa gəlməlidir. Mövzu ətrafında və məhkəmənin proseduraları ilə bağlı razılaşma əldə olunmalıdır. Eyni zamanda, hər iki dövlət məhkəmənin bu məsələyə aid olan yurisdiksiyasını tanımalıdır və bundan sonra məhkəməyə müraciət baş tuta bilər.

Sual:
“Kəpəz” yatağı ilə bağlı Azərbaycanın mövqeyi necədir? Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatından belə nəticə çıxır ki, bu yataq Türkmənistana məxsusdur.

Cavab:
Azərbaycanın mövqeyi açıq və şəffafdır. Hələ Sovetlər dövründə orta xətt prinsipi həyata keçirilərkən orta xətt “Kəpəz” yatağının ərazisini kəsib keçib. Yəni “Kəpəz” iki dövlətin sərhədində yerləşən strukturdur. Sovetlər dövründə qəbul edilmiş sənədlərə əsasən isə, hər bir respublika öz sektorunda fəaliyyət göstərirdi və sektorlara aid olan yataqlar müəyyən edilmişdi. Sovetlər dövründə Neft və Qaz Sənayesi Nazirliyinin bölgü sənədlərində “Kəpəz” yatağı “Aralıq” yatağı adlandırılıb və Azərbaycanın sektoruna aid idi. Başqa bir arqument isə “Kəpəz” yatağının həm geoloji tədqiqi, həm də onun qazma işlərinin hazırlanmasının Azərbaycanın neft və qaz trestləri tərəfindən həyata keçirilməsidir. Amma məsələnin tam həll olunması üçün Xəzər dənizinin delimitasiya məsələsi ölkələr arasında həyata keçirilməlidir. Delimitasiya üzrə orta xətt müəyyən edildikdən sonra Azərbaycan və Türkmənistan “Kəpəz” yatağı barədə qərar qəbul edə bilər.

Sual:
Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovdan fərqli olaraq, prezident Qurbanqulu Berdımuhəmmədovun zamanında iki dövlət arasındakı münasibətlərdə yaxınlaşma var idi. Yüksək səviyyədə qarşılıqlı səfərlər baş tuturdu. Xəzərin hüquqi statusu ilə bağlı ikitərəfli danışıqlarda ümidverici bəyanatlar səslənirdi. Türkmənistanın gözlənilmədən belə sərt bəyanatlarla çıxış etməsinin səbəbini nədə görürsünüz?

Cavab:
Bəli, əvvəlki dövrdə münasibətlərdə müəyyən soyuqluq var idi, müəyyən məsələlər öz həllini tapmamışdı. Ancaq sonrakı dövrdə, xüsusilə prezidentlərin qarşılıqlı təşəbbüsü əsasında onlar arasında dialoq yarandı. Bu dialoq dövlətlər arasında əməkdaşlığın genişlənməsinə təkan verdi. Prezidentlərin, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri bütün sahələrdə əməkdaşlığın inkişafına zəmin yaratdı. Beləliklə, vaxtilə iki ölkə arasında soyuqluğa səbəb olan borc məsələsi öz həllini tapdı, humanitar və mədəni sahədə qarşılıqlı əməkdaşlıq genişlənməyə başladı, ikitərəfli iqtisadi komissiya yaradıldı, iqtisadiyyatın bütün sahələrində əlaqələrin inkişafı üçün qərarlar qəbul edildi. Bütün bunlar iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük potensialı olduğunu bir daha göstərdi. Əlbəttə, Xəzər məsələsi də bizim ikitərəfli münasibətlərin müstəvisi üzərindədir. Amma, Azərbaycanda ən yüksək səviyyədə belə bir fikir mövcuddur ki, Xəzər məsələsi ayrıca aparılır, ikitərəfli münasibətlərin inkişafı davam etdirilir. Hesab edirəm ki, bu, ən yaxşı yoldur. Bizim xalqlarımız və ölkələrimiz tarixən bir-birinə yaxındır. İki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlıq dövlətlərimizin və xalqlarımızın mənafeyinə, əsl maraqlarına tamamilə uyğundur. Bu istiqamətdə və bu tərzdə işləri davam etdirməliyik. Xəzər dənizi ilə bağlı danışıqlar davam etdirilməlidir, mövcud potensiallardan daha geniş şəkildə istifadə etməliyik ki, məsələnin həllinə nail olaq. Eyni zamanda, ikitərəfli münasibətlər dondurulmamalıdır və ona xələl gətirən başqa faktorlardan istifadə edilməməlidir. Düşünürəm ki, münasibətlərimiz bu istiqamətdə də davam edir.

O ki qaldı Xəzər məsələsinin konkret qoyuluşuna, Türkmənistan tərəfi beynəlxalq ekspertləri cəlb etməklə məsələni araşdırmaq istəyir. Ola bilsin ki, beynəlxalq məhkəmə perspektivini araşdırmaq istəyir. Bu, əlbəttə, Türkmənistan tərəfinin hüququdur və Azərbaycan buna hörmətlə yanaşır. Amma hesab edirəm ki, iki dövlət arasında məsələnin həlli üçün potensiallar tükənməyib və bu potensiallar imkan verir ki, biz məsələnin həllinə danışıqlar yolu ilə nail olaq.

Sual:
İranın bölgü prinsipi ilə bağlı nə deyə bilərsiniz? Məlumatıma görə, İran tərəfi Astara və Atrek çaylarının mənsəbinin davamı üzrə quru sərhədlərinin kəsişmə xəttinədək davam etdirilməsində iddia edir. Çayların mənsəbi şimal istiqamətində olduğundan kəsişmə xətti Abşeron yarımadasının yaxınlığınadək uzanır. Amma Türkmənçay və Gülüstan müqavilələri İranın Xəzərdə hüquqlarını xeyli məhdudlaşdırır, 1935-ci ildə keçmiş SSRİ daxili işlər naziri Yaqodanın imzaladığı əmr isə tarixdə Yaqoda xətti kimi qalan Astara-Həsənqulu xətti üzrə sərhədin tanınmasını ehtiva edir. Azərbaycanın mövqeyi necədir? İranın iddiaları davam edərsə, orta xətt prinsipi üzrə razılıq əldə edilə bilərmi?

Cavab:
Əlbəttə, bölgü prinsipini həll etmək çətindir. İranla danışıqlar davam etdirilir. İki dövlətin müzakirə etdiyi əsas prinsip orta xətt prinsipidir ki, bu əsasla Azərbaycan, Rusiya və Qazaxstan Xəzərin şimal hissəsində artıq bölgü prinsipini həyata keçirib. Türkmənistanla da həmin prinsip üzrə müzakirələr aparırıq. O ki qaldı bu prinsipin istifadə olunmasına, onun metodik tətbiqi məsələlərinə, burada fikir ayrılıqları var. Əlbəttə, Azərbaycan danışıqlarda da dəfələrlə bəyan edib və indi də əminik ki, bütün məsələlər beynəlxalq hüquqa, beynəlxalq dəniz hüququna, beynəlxalq təcrübəyə, xüsusən də Xəzər dənizində təşəkkül tapmış təcrübəyə uyğun olaraq həllini tapmalıdır. Yəni, burada müəyyən iddiaların yeri yoxdur. Bu, hüquqi məsələdir və hüquqi çərçivədə, hüquqi müstəvidə həllini tapmalıdır, elementlər də hüquqi xarakter daşımalıdır. O ki qaldı Yaqoda xətti - Astara-Həsənqulu xətti məsələsinə, bu, tarixi bir məsələdir. Yəni, Sovetlər dövründə daxili işlər nazirinin məxfi əmri ilə Astara-Həsənqulu xətti ilə İranla Sovetlər İttifaqını şərti olaraq ayıran bir sərhəd rejimi qurulub. İqtisadi fəaliyyət də Astara-Həsənqulu xətti daxilində aparılırdı. Amma bu, beynəlxalq hüquq baxımından heç yerdə təsdiqini tapmayıb və müəyyən bir təcrübə idi. Bu gün biz qonşu, müstəqil dövlətlər kimi sivil qaydada, hüquq normaları və beynəlxalq təcrübə əsasında məsələnin həllinə nail olmalıyıq. İnanıram ki, İranla Azərbaycan arasında mövcud qonşuluq, dostluq münasibətləri, xoş məramlar, hər iki tərəfin mənafeləri nəzərə alınmaqla, məsələnin sivil qaydada, danışıqlar yolu ilə həllinə nail ola bilərik. Ona görə də, biz danışıqlar prosesinə sadiqik.

Sual:
Xəzərdə Azərbaycan, Rusiya və Qazaxstan arasındakı həm ikitərəfli, həm də üçtərəfli təcrübədə mövcud olan bölgü prinsipindən istifadə etməklə, İran və Türkənistanla da problemi həll etmək mümkündürmü?

Cavab:
Bu, nəinki mümkündür, həm də labüd və vacibdir. Məsələnin həlli bu sazişlərdən keçir. Biz Qazaxstan və Rusiya ilə bu sazişləri imzalamışıq. Sazişlər ölkələrimiz arasında enerji sahəsində, neft-qaz hasilatı, kəşfiyyatı, istismarı sahəsində əməkdaşlığın həyata keçirilməsinə çox yaxşı şərait yaradıb, heç bir problemimiz yoxdur. İnanıram ki, belə sazişlər Türkmənistan və İranla da imzalanmalıdır, Xəzərin dibinin mərkəzi və cənub hissəsində də bölgü başa çatmalıdır.

Sual:
İranın “Alov” strukturu ilə bağlı iddiaları nədən qaynaqlanır? İran bu strukturdan birtərəfli qaydada istifadə edəcəyi ilə bağlı bəyanatla çıxış edib. Azərbaycanın buna münasibəti necədir?

Cavab:
Azərbaycan bu strukturu kəşf edib, geologiyasını işləyib. Azərbaycanın strukturda fəaliyyətini davam etdirməsi çərçivəsində bir qarşıdurma yaranmışdı, amma biz qarşıdurmanı münaqişəyə çevirməmək üçün orada fəaliyyətimizi dayandırdıq. Təbii ki, tərəflər arasında xoş məram nümayiş etdirilərək, anlaşma əldə olundu ki, bölgü prinsipi başa çatdırılmayınca həmin strukturda nə İran, nə də Azərbaycan birtərəfli qaydada iş aparmayacaq.

Sual:
Nabucco layihəsinin gələcəyinə necə baxırsınız? Xüsusilə, Xəzər hövzəsində layihənin gələcəyini necə görürsünüz?

Cavab:
Nabucco çox böyük, geostrateji layihədir. Bunun arxasında böyük dövlətlər durur. Azərbaycan regionun digər dövlətləri kimi layihəni dəstəkləyib və layihənin həyata keçirilməsində öz mümkün iştirakını təmin edəcək. Layihənin həyata keçiriləcəyinə nikbin baxıram. Çünki Xəzər regionunda lazımi qədər ehtiyatlar var ki, dünyanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər və bu region resursların Avropa məkanına ötürülməsi imkanlarını özündə saxlayır.

Sual:
Xəzərdə təhlükəsizlik məsələlərinin müzakirəsi ilə bağlı Bakıda sammitin keçiriləcəyi gözlənilir. Belə qarşılıqlı bəyanatların mövcudluğu şəraitində sammit baş tuta bilərmi?

Cavab:
Burada söhbət sammitdən getmir. Biz təhlükəsizlik məsələləri üzrə ekspertlərin toplantısını keçirməliyik. 2007-ci il Tehran Sammitində Xəzəryanı dövlətlərin başçıları Azərbaycanın bu təşəbbüsü üzərinə götürməsini xahiş edib. Biz Sammitdəki təklifləri toplayıb layihə şəklinə gətirmişik. Layihə Xəzərdə təhlükəsizlik məsələləri ilə əlaqədar, xüsusilə sərhəd, gömrük, daxili işlər və digər orqanların qarşılıqlı fəaliyyətini nəzərdə tutur. Hazırda Saziş layihəsi ilə bağlı ölkələrin təkliflərini almışıq və ümumiləşdirmə işlərini tezliklə başa çatdıracağıq. İnanıram ki, 2009-cu ilin sonunadək Bakı şəhərində bu sahədə ekspertlərin toplantısını təmin edəcəyik.

XS
SM
MD
LG