Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının təşəbbüsü ilə “Azərbaycan hüquq-mühafizə orqanları və silahlı qüvvələrində aparılan islahatların Avroatlantik məkana inteqrasiyada rolu” mövzusunda konfrans açılıb. Forumda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Silahlı Qüvvələrdə aparılan islahatlar və NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilir.
Çıxışlarda Azərbaycan ilə NATO arasında əməkdaşlığın 15 illik tarixinə nəzər salınıb. Bildirilib ki, Azərbaycan təhlükəsizlik sisteminin və Silahlı Qüvvələrinin NATO-ya inteqrasiya prosesi davam edir.
“Azərbaycan Avroatlantik strukturlar ilə tərəfdaşlığı bütövlükdə ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Azərbaycan Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməsinə dair coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və Cənubi Qafqaz regionunda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir”, - deyə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynov qeyd edib.
Konfransda beynəlxalq təhlükəsizliyə töhfə vermək üçün Azərbaycan Silahlı Qüvvələrində Sülhməramlı birləşmə yaradılması və bu birləşmənin Əfqanıstan və İraqda xidmətləri, Dövlət Sərhəd Xidmətinin NATO standartlarına uyğunlaşdırılması, Daxili Qoşunlarda sülhməramlı bölüyün yaradılması xüsusi vurğulanıb.
“Azərbaycan təhlükəsizlik sistemində və Silahlı Qüvvələrində islahatlar davam edir. Buraya strateji sənədlərin yenidən hazırlanması, hərbi islahatlar və yeni potensialın yaradılması daxildir. Azərbaycan hərbi qüvvələrini qərb standartlarına uyğunlaşdırır”, - deyə NATO-nun Cənubi Qafqazda məsul zabiti Zbiqnev Ribatski bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc enerji təhlükəsizliyi və geosiyasi baxımdan Qafqazın və Xəzər regionunun həyati əhəmiyyətinin dünyanın diqqətində olduğunu deyib. “Cənubi Qafqazda sülh, sabitlik və rifahın bərqərar olması Türkiyə xarici siyasətində prioritet yer tutur. Bölgədəki böhran və dondurulmuş münaqişələr bölgə ölkələrinin suverenlik, müstəqillik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında sülh yolu ilə həll edilməlidir”.
Səfir bildirib ki, Azərbaycanın “Fərdi Tərəfdaşlıq” Planı silahlı qüvvələrin mülki orqanın nəzarəti altında olması effektivliyini artırır. Onun fikrincə, Azərbaycan “Hərbi doktrina” layihəsi üzərində işləri təcili başa çatdıraraq, NATO-nun bu sahədə nəzərdə tutduğu standartlar səviyyəsinə çıxmaq üçün önəmli məsafə qət etməli olacaq. “Professional Silahlı Qüvvələrin üç təməl prinsipi ətrafında rəy formalaşıb. Silahlı Qüvvələr hökumətin tələblərini və vəzifəsinə aid fəaliyyətləri effektli yerinə yetirmək imkanına və qabiliyyətinə malik olmalı, strukturu formalaşdırılmalı və komandanlıq strukturu ictimai nəzarətə tabe edilməlidir”.
Tədbirdə həmçinin beynəlxalq təhlükələr, qloballaşmanın yaratdığı yeni təhdidlər, NATO-nun yeni təhlükəsizlik strategiyası, terrorizmə, insan qaçaqmalçılığına qarşı mübarizə, orduya ictimai nəzarət məsələləri də diqqət mərkəzində olub.