Birləşmiş Ştatlar rəsmiləri Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyətin sürətlə pisləşdiyini etiraf edir. Rəsmilər məsələ ilə məşğul olduqlarını və Taliban tərəfindən zorakılıqların qarşısını almağa çalışdıqlarını bildirir.
ABŞ rəsmiləri Birləşmiş Ştatların hərbi qüvvələrinin bu ayın sonuna qədər ölkədən çıxmağa hazırlaşdığı vaxt Əfqanıstanda xüsusilə də uşaqlara qarşı zorakılıqlar yeni səviyyəyə yüksəldikcə, təhlükəsizliklə bağlı vəziyyətin olduqca ciddi olduğunu qəbul edirlər.
“Müdafiə naziri Əfqanıstanda təhlükəsizliklə bağlı aydındır ki, düzgün istiqamətdə getməyən vəziyyətə dair beynəlxalq ictimaiyyətin narahatlıqlarını bölüşür. Müdafiə naziri hələ də Əfqanıstan qüvvələrinin döyüş meydanında böyük fərq yaratma qabiliyyətinə və potensialına malik olduğuna inanır”, Pentaqon sözçüsü Con Körbi bildirib.
Pentaqon sözçüsü ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasından sonra Əfqanıstan xalqının taleyi ilə bağlı sualı cavablandırıb.
Pentaqon sözçüsü Con Körbi: “Amma bu, onların ölkəsidir. Bu, onların hərbi qüvvələridir. Bu, onların insanlarının qorumalı olduğu vilayətlərin paytaxtlarıdır. Bu, həqiqətən də bu məqamda onların irəli çıxmasını istədiyi rəhbərliyin üzərinə düşəcək.”
Ağ Evin sözçüsü Cen Psaki prezident Co Baydenin Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin Taliban qüvvələrini geri çəkə bilmədiyinə təəsssüf edib-etmədiyi haqda suala cavab verib.
“İndi məyusluq hissi keçirib-keçirməməyə diqqət verilməli olduğunu düşünmürəm. Bizim fikrimiz və prezidentin baxışı ondan ibarətdir ki, indi onların son iyirmi il ərzində verilən təlim, yardım və təhlükəsizlik təlimatlarından istifadə etməsinin vaxtıdır.”
Bəzi ekspertlərin fikrincə, Bayden hələ vacib qərar verməlidir.
“ABŞ Talibanın ölkəni ələ keçirməsinin qarşısını almaq üçün necə çalışacağı ilə bağlı vacib bir qərar verməlidir. Fikrimcə, ABŞ-ın hərbi hava qücü 1 nömrəli variantdır, bizim qərar verməli olduğumuz bir nömrəli işdir və bunun böyük təsiri ola bilər”, Brukinqs institutunun təhlilçisi Maykl O`Hanlon bildirib.
ABŞ Dövlət Departamentinin sözçüçü Ned Prays da bu həftə brifinqdə təhlükəsizliklə bağlı vəziyyətin sürətlə pisləşdiyini etiraf edib, lakin səfir Zalmay Xəlilzad və onun komandasının Talibanla danışıqlar aparmaq üçün Qətərin Doha şəhərində olduğunu və böhrandan çıxış yolu tapmaq üçün 24 saat çalışdıqlarını deyib.
“O, hərbi hücumlarını dayandırmaq və siyasi həll yolu istiqamətində danışıqlar aparmaq üçün Taliban qüvvələrinə təzyiq göstərəcək”, Ned Prays bildirib.
Bəzi ekspertlər razılaşsalar da, böyük ümidlərlə bağlı xəbərdarlıq edirlər.
ABŞ-ın Sülh İnstitutunun təhlilçisi Skott Vorden: “Bu məqamdə böyük bir irəliləyiş gözləməzdim, amma düşünürəm ki, bu, Talibana təzyiqi artırmaq və eyni zamanda gözləntiləri tənzimləmək üçün bir imkandır.”
Talibanın Əfqanıstanı ələ keçirməsinin qarşısını almaq üçün Amerikanın son anda mümkün hər hansı səyləri ilə bağlı qərarın verilməsi bütünlüklə ABŞ-ın Ali baş komandanı, prezident Baydenin üzərinə düşür.