Accessibility links

ABŞ Azərbaycan və Ermənistanı Minsk Qrupunun həmsədrləri ilə əlaqə qurmağa çağırır


ABŞ Azərbaycanı və Ermənistanı “mümkün qədər tez” qeyd-şərtsiz Minsk Qrupu həmsədrlərinin himayəsi altında yüksək səviyyədə konkret danışıqlara qayıtmağa çağırır. ABŞ hesab edir ki, ATƏT bütün Qafqaz regionunda sülh, sabitlik və inkişafın möhkəmlənməsinə şərait yarada bilər.

Bu barədə ATƏT-ın Daimi Şurası yanında ABŞ-ın işlər vəkili Kortni Ostrianin mayın 25-də ATƏT-in Daimi Şurasının xüsusi iclasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun çıxışına münasibətində deyilir.

Bəyanata əsasən, Vaşinqton “münaqişənin uzunmüddətli siyasi nizamlanması haqqında danışıqlar aparmaqda tərəflərə kömək etməyə çalışır”.

Ermənistan-Azərbaycan sərhədində son hadisələr bütün həll edilməmiş problemlərin həllini əhatə edən, Ermənistan və Azərbaycan arasında barışığa və münasibətlərin normallaşmasına gətirib çıxara biləcək hərtərəfli sazişin əhəmiyyətini göstərir.

“Biz Ermənistanı və Azərbaycanı həmsədrlərin təkliflərinə baxmaq və tərəflərin prioritetlərini əks etdirən strukturlu gündəlik üzrə birgə qərarlar qəbul etmək üçün mümkün qədər tez həmsədrlərlə əməkdaşlığa çağırırıq,” Ostrian bildirib.

ABŞ tərəfləri bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qısa zamanda qaytarılması; döyüş zonasının minalardan effektiv şəkildə təmizlənməsi üçün zəruri olan bütün məlumatların mübadiləsi və beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa girişinə olan məhdudiyyətlərin aradan qaldırılması yolu ilə atəşkəs rejimini möhkəmləndirməyə çağırır.

“Hər iki tərəfi gərginlik və ya hərbi ritorika ilə ədavət salmaqdan yayınmağa və təxmin olunan insan hüquqları pozuntularını və ya beynəlxalq humanitar hüquq pozuntularını araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Bu tədbirlər sabitliyin, ədalət və məsuliyyətin ayrılmaz hissəsidir.”

Vaşinqton həmçinin Bakını “mübahisəli” ərazilərdən çıxmağa çağırıb.

“Mübahisəli ərazilərdə hərbi yerdəyişmələr həddindən artıq təxribat xarakteri daşıyır. Biz Azərbaycandan bütün qüvvələrin çıxarılmasını gözləyirik və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədlərinin demarkasiyası barədə danışıqlara başlamağa çağırırıq.”

ABŞ hesab edir ki, fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin vəziyyətin müşahidəsi üzrə işi bu prosesə şəffaflıq qatacaq və ATƏT Azərbaycan və Ermənistan üçün vacibdir. Biz Azərbaycanı və Ermənistanı onun işini dəstəkləməyə çağırırıq.

Ən qısa zamanda Vahid Büdcə üzrə konsensus əldə etmək vacibdir, onsuz ATƏT-in genişmiqyaslı və mühüm işi zəifləyir. “Minsk Qrupunun, həmsədrlərin və sədrin şəxsi nümayəndəsinin qarşılıqlı fəaliyyəti, o cümlədən onların bütün regiona tam və maneəsiz çıxışı gərginliyi azaltmağa və gələcəkdə şiddətin qarşısını almağa kömək edəcək,” Ostrianın bəyanatında bildirilir.

Azərbaycamn Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatında isə deyilir ki, xarici işlər naziri Ceyhun Bayramov çıxışında Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

“Nazir hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yarandığı, bunun hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün olduğunu diqqətə çatdırdı. Bu xüsusda, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə toxundu. Bayramov habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulandı”, Mətbuat Xidməti İdarəsinin məlumatında deyilir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bununla yanaşı, son günlər Azərbaycan-Ermənistan sərhədində delimitasiya ilə bağlı hərbçilər arasında insidentlər qeydə alınmaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG