Çərşənbə günü dörd mənbədən alınan məlumata görə, Avropa Birliyinin daxili mübahisənin həlli yolunu tapacağına və bunun ABŞ və birliyin koordinasiyalı sanksiyalarına yol açacağına ümid edən ABŞ Belarusa qarşı sanksiyalar tətbiq edən Britaniya və Kanadaya qoşulmayacaq.
Avqustun 9-da keçirilən seçkilərdə saxtakarlığa yol verildiyini və insan haqlarının pozulduğunu deyən Avropa Birliyi Belarusa sanksiya tətbiq edəcəyinə söz vermişdi. Lakin onun ən kiçik üzvlərindən biri olan Kipr bunun qarşısını alıb.
Kipr Avropa Birliyi Aralıq dənizinin şərqində mübahisəli neft və qaz hasilatı ilə əlaqədar Türkiyəyə sanksiya tətbiq etmədiyi təqdirdə Belarusa sanksiyalar tətbiq edilməsinə razı olmayacağını deyib.
Altı mənbə Reuters xəbər agentliyinə keçən həftə Britaniya, Kanada və ABŞ-ın koordinasiyalı şəkildə Belarusdakı ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını, lakin bunu çərşənbə axşamı yalnız London və Ottavanın həyata keçirdiyini bildirib.
Adlarının açıqlanmaması şərti ilə üç mənbə Vaşinqtonun bu həftə keçiriləcək Avropa Şurasının iclasında Avropa İttifaqının konsensus əldə edə biləcəyinə inandığı üçün geri çəkildiyini deyib.
Vaşinqtondakı mənbələrdən biri Reuters xəbər agentliyinə bildirib ki, insan haqlarının pozulması da daxil olmaqla, ABŞ sanksiyalar paketi hazırlayıb, lakin bunu nə vaxt elan edəcəyi məlum deyil.
Sanksiyalar müxalifətin saxtalaşdırıldığını dediyi mübahisəli seçki və prezident Aleksandr Lukaşenkonun 26 ildir hakim olduğu Belarusda etirazçılara qarşı zorakılıqlara görə tətbiq edilir.
Seçkilərdə saxtakarlıq olduğunu inkar edən Lukaşenkonun seçkilərin qalibi elan edilməsindən bəri 12 mindən çox insan həbs olunub. Müxalifətin əsas üzvləri ya həbsdə, ya da sürgündədir.
Kiprdən bir mənbə Avropa Birliyi xarici işlər nazirlərinin avqust ayında Berlində keçirilən qeyri-rəsmi görüşündə Türkiyəyə qarşı sanksiyalara dair "siyasi bir razılaşma" olduğunu və Kiprin bunu həyata keçirməyə hazır olduğunu bildirib.
Görüşdən sonra Almaniyanın Xarici İşlər Nazirliyi nazirlərin "Yunanıstan və Kiprlə həmrəylik" mövzusunda razılığa gəldiklərini bildirsə də, "Aralıq dənizinin şərqindəki mübahisəli məsələlərdə" Türkiyə ilə konstruktiv dialoqun vacibliyini vurğulayıb.