İranda tanınmış amerikalı tele-aparıcı Mərziyə Haşemi Amerikada nəzarət altına alınıb. Hüquq-mühafizə orqanları onun nə səbəblə saxlandığına dair şərh verməyib.
Əsl adı Melani Franklin olan Press TV-nin aparıcısı Nyu-Orleansda dünyaya gəlib. Haşeminin Birləşmiş Ştatlara “xəstə qardaşını və digər qohumlarını görməyə” gəldiyi bildirilib.
İranın dövlət yayım şirkəti ABŞ və Qərbin texnikasından istifadə edərək, mətbuat konfransı təşkil edib, haştaq kampaniyasına başlayıb.
Press TV Haşemiyə istinadən onun başını örtməsinə icazə verilmədiyini və müsəlmanlarda yasaq olan donuz əti yeməyə məcbur edildiyini bildirib.
“Biz ona yardım etmək üçün hər bir qanuni əməldən istifadə edəcəyik” - deyə, dövlət yayım şirkətinin direktor müavini Peyman Cebeli bildirib.
Haşeminin saxlandığı St. Luis Lambert beynəlxalq hava limanının sözçüsü Ceff Li “The Associated Press”in telefon zəngləri və mesajlarına cavab verməyib. Federal Təhqiqat Bürosundan da şərh almaq mümkün olmayıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi qaradərili müsəlman qadının həbsini Tramp administrasiyasının “apartheid və irqçi siyasəyinin” nümunəsi adlandırıb.
Ötən həftə İran ABŞ-ın dəniz piyadası veteranı iyul ayından İranda həbsdə saxlandığını etiraf edib.
46 yaşlı Maykl R. Uaytın Kaliforniyada yaşayan ailəsi bildirib ki, o, İranda olan sevgilisi ilə görüşdükdən sonra iyulun 27-də vətəninə dönəcəkdi.O, Tramp administrasiyası dövründə İranda həbs edilən ilk amerikalıdır. .
Vaşinqton dəfələrlə Tehranı amerikalı məhbusları azad etməyə çağırıb. Onlar arasında iranlı-amerikalı Siyamək Namazi və onun qardaşı Bağır Namazi, çinli-amerikalı Ksiyu Vanq və livanlı-amerikalı Nizar Zakka da var.
Ötən ay İranda həbsdə olan 7 siyasi məhbusun ailəsi dünya liderləri, insan haqları təşkilatları və media qurumlarına açıq məktub ünvanlayaraq, onların həbsdən azad edilməsi üçün təcili addımlar atılmasına çağırıb.