Accessibility links

ABŞ-da yaşayan jurnalist telefon danışığının dinlənildiyini iddia edir


Aprelin 9-da ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı Almaniyadakı həmkarı Çingiz Sultansoyla telefon danışığının Azərbaycanda dinlənildiyini iddia edən video müraciət yayıb. Video müraciətdə Osmanqızı Real televiziyasında “Mirşahinin vaxtı” verilişində efirə gedən telefon danışığının audio-yazısına istinad edir.

Osmanqızı audio yazının həqiqətən ona məxsus olduğunu təsdiq edib və bir ay öncə Almaniyadakı həmkarı ilə danışdığını bildirib. O, telefon danışığının Azərbaycan hökuməti tərəfindən yazıldığını güman edir və həyatı üçün təhlükə olduğunu bildirir.

Bu, açıq bir mesajdır ki, İlham Əliyev hökuməti öz vətəndaşlarını ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da təqib edir, onları dinləyir, onlara pusqu qurur, onların özəl həyatına müdaxilə edir və onlara qarşı casusluq fəaliyyəti ilə məşğul olur. Burada istifadə olunan texnologiya da çox vacibdir.
Sevinc Osmanqızı, jurnalist

“Əsas məsələ bu audio yazının necə ələ keçirilməsidir. Mən təsdiq edirəm ki, bu, həqətən də mənin səsim olub. Bu audio yazını ABŞ-dan Almaniyada yaşayan bir jurnalistlə telefon söhbəti zamanı səsləndirmişəm. Bu o deməkdir ki, burada ABŞ-ın və Almaniya Federativ Respublikasının mobil operatorlarının iştirakı ilə baş tutmuş bir söhbətdən gedir. Bu söhbəti ən azı bir ay bundan əvvəl etmişik” , o qeyd edib.

Osmanqızı sual edir ki, bu iki qərb ölkəsində telefon danışığının sızdıdırılması necə baş verib?

“Biz bu audio yazının sızdırılmasında İlham Əliyevin komandası və onun kəşfiyyat və xəfiyyə orqanlarının olduğunu təxmin edə bilrərik.”

Sevinc Osmanqızı qeyd edir ki, burada Azərbaycandan kənarda yaşayan jurnalistin təhlükəsizliyindən söhbət gedir.

“Təsəvvür edin ki, 19 yanvar mitinqindən sonra (Milli Şuranın mitinqindən söhbət gedir-red) yüzlərlə vətəndaşımızın bu cür özəl həyat qanunlarının pozulması, onların telefonunda olan səs yazılarının götürülməsi, onların öz aralarında söhbərlərin, ismarışların götürülməsi, onların polisə çağırılması, onlara zəng edilməsi barədə sizi məlumatlandırmışdıq. Burada isə söhbət ABŞ-da, Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan vətəndaşlarından gedir. Əlbəttə, bu, açıq bir mesajdır ki, İlham Əliyev hökuməti öz vətəndaşlarını ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da təqib edir, onları dinləyir, onlara pusqu qurur, onların özəl həyatına müdaxilə edir və onlara qarşı casusluq fəaliyyəti ilə məşğul olur. Burada istifadə olunan texnologiya da çox vacibdir. Bu texnologiyanı İlham Əliyevin ölkəsinə kimlər satıb, hansı ölkə əldə etməyə imkan verib. Onlar bilirlərmi ki, bu texnologiya nədən ötrü, hansı məqsədlə istifadə olunur.”

Osmanqızı bildirir ki, hazırda söhbət onun təhlükəsizliyindən gedir.

“Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının da telefonu aylarla diktator rejimi tərəfindən dinlənilib. Onun ölümünün həyata keçirilməsində telefonunun ələ keçirlməsi vacib rol oynayıb” , o qeyd edib.

Jurnalist hesab edir ki, Azərbaycan hökuməti xaricdə yaşayan jurnalistlərə qarşı belə hərəkətlər edirsə, bunu ölkədə yaşayan azad jurnalistlərə, azad fikir daşıyıcılarına, siyasi fəallara, müxalifətə qarşı da edir.

Şəxslərin icazəsi olmadan telefon danışığının yazılması və ya yayılması Cinayət Məclləsində təsbit olunduğu kimi insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlərə daxildir.
Ələsgər Məmmədli, media məsələləri üzrə hüquqşünas

“Həyəcan təbili çalmaq lazımdır. Xahiş edirəm mənə dəstək olasınız. Biz bir yerdə İlham Əliyev hökumətindən cavab tələb edək ki, siz hansı məqsədlə, hansı texnologiyadan istifadə edərək və hansı məqsədlə mənim telefonumu yarıbsınız, mənim akauntlarımı izləyirsiniz, casusluq fəaliyyəti həyata keçirirsiniz” , o qeyd edib.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, şəxslər arasında telefon danışığının onların icazəsi olmadan yazılması və yayılması Azərbaycan qanunvericiliyinə görə hüquqi məsuliyyət yaradır.

“Şəxslərin icazəsi olmadan telefon danışığının yazılması və ya yayılması Cinayət Məclləsində təsbit olunduğu kimi insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlərə daxildir. Bu səbəbdən fərqi yoxdur, telefon danışığı yazılıb və ya yayılıb, bu, Cinayət Məcəlləsinin 155-ci maddəsi (Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma) ilə məsuliyyət yaradır. Sadəcə tərəflər bu hadisə ilə bağlı vəkilləri vasitəsi ilə prokurorluğa müraciət edərək cinayət işi açılmasını tələb etməlidir. Bunu kim edib, necə edib, bu başqa məsələdir, amma danışığın dinlənilib, yayılması cinayət məsuliyyəti yaradır” , o qeyd edib.

Hüquqşünas hesab edir ki, “WhatsApp üzərindən olan telefon danışığının dinlənilməsi, yazılması, burada böyük ehtimalla tərəflərin hər hansı birinin olduğu ofisdə dinləmə cihazının olma ehtimalı var."

“Hər halda WhatsApp üzərindən şifrələnmiş danışıqların bir formada yazılması mümkün olmaz. Böyük ehtimalla danışılan məkanda yazılma ehtimalı daha çoxdur. Əlbəttə, bu mənim müəyyən edəcəyim məsələ deyil. Bu, texniki və işin istintaqını aparacaq qurumun müəyyən edəcəyi məsələdir” , o əlavə edib.

Azərbaycanın rəsmi orqanları jurnalistin video müraciətinə hələ münasibət bildirməyib. Bununla yanaşı, dövlət rəsmiləri bir qayda olaraq ölkədə medianın və jurnalistlərin azad və təhlükəsiz şəraitdə fəaliyyətinə hər cür şərait yaradıldığını buildirir.

XS
SM
MD
LG