Rəsmilər cümə axşamı gecə saatlarında Denver yaxınlığında külək səbəbindən yayılan meşə yanğınları zamanı təxminən 580 ev, bir mehmanxana və ticarət mərkəzinin yandığını, on minlərlə insanın təxliyə edildiyini bildirib.
Boulder qraflığının şerifi Co Pelle küləyin sürəti saatda 169 km-ə çatdığı üçün, güclü yanğınların bölgəni tez bir zamanda bürüdüyünü deyib.
6,5 kvadrat kilometr ərazini əhatə edən meşə yanğınları zamanı sakinlər təhlükəsizliyə qaçmağa çalışırkən, ərazinin bəzi hissələrini böyük alovlar bürüyüb.
Təxminən 21 min əhalisi olan Luisvill və 13 min sakini olan Superior şəhərlərinin sakinlərinə təxliyə əmri verilib. Bu qonşu şəhərlər Denverdən təxminən 32 kilometr şimal-qərbdə yerləşir.
Cümə axşamı başlayan yanğınlardan bəziləri bölgənin bir neçə yerində elektrik xətlərinin aşması nəticəsində yaranıb.
Mətbuat katibi Kelli Kristensenin bildirdiyinə görə, yanğın zamanı xəsarət alan 6 nəfər UCHealth Broomfield Xəstəxanasında müalicə olunur. ABŞ-ın 36 saylı magistral yolunun da bağlandığı bildirilib.
Ştat əhalisinin əksəriyyətinin yaşadığı Koloradonun Front Renc ərazisi son dərəcə quru və mülayim bir payız havası yaşayır və qış indiyə qədər əsasən quru keçir. Cümə günü bölgədə qar gözlənirdi.
Superiordakı Costco mağazasının yaxınlığında çəkilmiş bir videoda boz səma, dumanlı günəş və yerə səpələnmiş kiçik alovlarla əhatə olunmuş ağac budaqlarının olduğu apokaliptik mənzərəni görmək olub.
Yanğınlar qubernator Cared Polisi fövqəladə vəziyyət fondlarına çıxış əldə etmək üçün ştatda fövqəladə vəziyyət elan etməyə vadar edib.
Mütəxəssislərin dediyinə görə, iqlim dəyişikliyi hava şəraitinin daha ekstremal olmasına, meşə yanğınlarının tez-tez və dağıdıcı olmasına səbəb olur. Tarixi quraqlıqlar və isti hava dalğaları ABŞ-ın qərbində meşə yanğınları ilə mübarizəni çətinləşdirib.