ABŞ prezidenti və birinci xanım Maykl qasırğasının dağıtdığı bölgələri ziyarət edir.
Donald və Melaniya Trampların səfəri itkin düşənlərin axtarış əməliyyatlarının davam etdiyi vaxta təsadüf edir. Prezident tvit edərək bildirib ki, o, Corciya ştatına da səfər etməyi planlaşdırır.
Florida ştatının Meksika körfəzinin sahil bölgəsində yerləşən Meksiko Beach şəhərində Maykl qasırğasından sonra bərpa işləri uzun zaman aparacaq.
Qasırğa səbəbi ilə 17 nəfər həyatını itirib.
Xilas əməliyyatları davam etdikcə ölənlərin sayının artacağından ehtiyat edilir.
Alabama, Corciya, Cənubi və Şimali Karolina ştatları da qasırğanın təsirinə məruz qalıb. Corciya ştatında 11 yaşlı qız uşağı da daxil olmaqla, 6 nəfər ölüb.
Milli Qvardiya və başqa ştatlardan təcili yardım xidmətləri zərər çəkən bölgələrə xilasetmə dəstələri və təchizat göndərib.
Maykl indiyədək qeydə alınmış ən güclü üçüncü qasırğadır.
Prezident Tramp bazar günü Floridanın təmizlənməsi üçün hökumətin bütün xərcləri 100 faiz qarşılayacağını deyib. O, beləliklə ştatın maliyyə yükünün müvəqqəti yüngülləşdirilmiş olacağını bildirib.