ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanın Ağdam şəhəri üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynovla görüşmək və şəhərin vəziyyəti ilə yaxından tanış olmaq üçün Ağdama səfər edib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nümayəndə heyəti Ağdamda yerləşən Pənahəli Xan Sarayı və türbələri, Dram Teatrı, Çörək muzeyi və Cümə məscidinin dağıntıları ilə tanış olub.
“Səfirlər həmçinin şəhərin yenidən qurulması planları ilə də tanış olub. Səfir Litzenberger hər iki tərəfdən insan itkiləri ilə bağlı ailə və yaxınlarına başsağlığı verib. O həmçinin qeyd edib ki, Azərbaycan bu ərazini yenidən bərpa etmək üçün böyük çətinliklərlə üzləşir,” məlumatda qeyd edilir.
Müşahidəçilərin dediyinə görə, münaqişə dövründə Ağdam şəhəri tamamilə dağıdılıb. Bir sıra xarici jurnalistlər və ekspertlər Ağdam şəhərinin dağıntlarını Xirosima şəhərinin dağıntıalrı ilə müqayisə edərək “Qafqazın Xirosiması” adlandırıb.
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyiblər.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.