İraq hökuməti və ölkənin şimalında kürd yarı hərbi dəstələri islamçı yaraqlılardan qaçmağa cəhd edərək, Sinjar dağında ilişib qalmış insanlara yardım göstərir. ABŞ hərbi qüvvələrinin hava hücumları nəticəsində minlərlə yəzidi qaçqını qurtarmaq üçün yollar açılıb. Yaraqlılardan qaçan insanların çoxu ailə üzvlərindən ayrı düşüb.
Sincar dağında yəzidi qaçqınlara yardım çatıdıran vertolyotlar uşaqları İraq Kürdüstanının daha təhlükəsiz yerlərinə daşıyır. Suriyaya qaçmış yüzlərlə yəzidi indi Dəclə çayını keçərək, Suriya kürdlərinin köməyi ilə geri İraqa qayıdır.
Cəlal Şamo:”Kürdüstan fəhlə partiyası bizim buraya gəlməyimizə kömək edib. Onlara bizi buraya gətirdiklərinə görə təşəkkür edirik. Sərhədə 11 saata çatmışıq. “
Nəzər Raşor: “Sincar dağından qaçıb Suriyaya ayaqla gəlmişəm. Təkcə bizdə bir şüşə suyu var idi, bəzən sudan içirdik. Təkcə mən yox, minlərlə adam.”
Körpü vasitəsilə İraqa keçəndən sonra yəzidilərin bəzisi ailə üzvlərini itirib.
Bayan Haydir: “İki oğlumu bizi aparmağa gələn maşına qoydum. Sonra getdim o biri oğlumu gətirməyə, qayıdanda gördüm maşın yoxdur. Ona görə də buraya yolun yarısını ayaqla gəlmişəm. Yolda bir maşın məni götürdü və nəhayət gəldik buraya. Üç uşağım var, amma biri mənimlədir, o biriləri burada deyi. Nə uşaqlarımı, nə də ərimi ondan sonra görməmişəm.”
Atəşpərəstliklə bağlı dini görüşlərə malik yəzidilər İraq kürdləri ilə sülh içində yaşayırıd. Yəzidilər İslam dövləti qrupunun onlar qarşısında ya islamı qəbul etmək, ya da öldürülmək kimi seçim qoyduğunu deyir.
Amerikada yaşayan yəzidilərin nümayəndə heyəti ABŞ-ın ekstremistlərə qarşı mübarizədə daha artıq yardım göstərməsi məqsədilə Dövlət Departamentində görüş keçirib.
Daxil Şammo: “Bu, çox böyük məsələdir, çünki onlar islamı qəbul etsələr də, ekstremistlər onları rahat qoymayacaq. Onlar kişilərin onlarla gedib döyüşməsini, cihadçı olmasını istəyəcək. Qadınlar qul bazarına aparılıb satılacaq. Bu işlər baş verib. Amerika hökuməti, Dövlət Departamentində bunu başa düşürlər. Görüşdüyümüz adamlar bizə onlardan istədiyimiz kimi dərhal fəaliyyətə keçmək üçün mümkün olan hər şeyi edəcəklərini deyiblər.”
Birləşmiş Ştatlar İraqı bütün qrupların təmsil olunduğu hökumət yaratmağa çağırıb. Prezident Barak Obama İraqın yeni hökumətinin lazımi dəyişiklikləri edəcəyini bildirib. İraqın Baş naziri Nuri Əl-Məlikini əvəz edəcək Hayder Əl-Abadi İraqın bütün qruplarını birliyə çağırıb .
Hayder Əl-Abadi: “Mən əminəm ki, xalq və siyasi bloklar İraq xalqına qarşı bu barbar və dəhşətli aksiyanı dəf edib İraq xalqı üçün yaxşı şərait yarada biləcəyik.”
Cənab Abadi Nuri Əl-Məliki vəfizəsindən getməkdən imtina etsə də 30 gün ərzində yeni hökuməti yaratmalıdır.