Accessibility links

ABŞ-ın İraq kürdlərinin müstəqilliyinə etirazı Türkiyəni  ruhlandırır [Təhlil]


Birləşmiş Ştatların İraq kürdlərinin müstəqilliyə dair sentyabrda keçirdiyi referenduma etirazından sonra ruhlanan Türkiyə Vaşinqtonu Suriya kürdlərinin YPG qüvvələrinə dəstəyi geri çəkməyə razı salmağa çalışır.

Vaşinqtonun uzun müddətdir müttəfiqi olan İraq kürdlərinin müstəqilliyinə etirazı Ankara tərəfindən xoş sürpriz olaraq qarşılandı. Türkiyə müstəqil kürd dövlətinin yaradılmasının ölkənin cənub-şərqində kürd azlığın separatçı tələblərini qızışdıra biləcəyindən ehtiyat edir.

İstanbuldakı Kadir Has universitetində beynəlxalq məsələlər üzrə ekspert Soli Özel deyir ki, ABŞ-ın mövqeyi Türkiyənin Vaşinqtonun regionda mötivləri ilə bağlı geniş şübhələrin dəyişməsinə səbəb oldu.

“Türkiyədə kürd referendumu haqda söz deyə biləcək hər hansı bir şəxs 200 faiz əmin idi ki, bunun arxasında amerikalılar durur. Referendum keçirildi və amerikalılar kürdləri satdı. Bu, dialoq üçün bir şərait yaratdı ki, amerikalılar hər halda indiki mərhələdə müstəqil kürd dövlətinin yaradılmasını istəmirlər”, Soli Özel bildirir.

ABŞ etirazlarından ruhlanaraq, Türkiyə Vaşinqtonu YPG-yə dəstəyə son verəcəyinə razı salacağına ümid bəsləyir. Ankara qrupu separatçılıqda və Türkiyədə kürd üsyançıları ilə əlaqəsi olmaqda ittiham edir.

Soli Özel tarixin Türkiyənin tərəfində olduğunu deyir.

1970-ci illərdə o zaman ABŞ dövlət katibi Henri Kissincer İran və İraq arasında razılaşmadan sonra ABŞ-ın İraq kürdlərinin Bağdad əleyhinə üsyanına hərbi dəstəyə son qoyulması ilə bağlı siyasətin önündə gedirdi. Təhlilçilər bu qərarın kürdlərin çoxunda Vaşinqtona müttəfiq kimi nə dərəcədə inana biləcəkləri ilə bağlı sualın yaranmasına səbəb olduğunu bildirir.

Lakin Ankaradakı 21-ci əsr Türkiyə İnstitutunun təhlilçisi Haldun Solmaztürk deyir ki, Yaxın Şərqdə bugünkü geo-siyasi vəziyyət daha çox Suriya kürdlərinin xeyrinədir.

“İraq və Suriya ABŞ və Rusiya üçün əsas döyüş meydanlarına çevrilib. Bu elə bil ki şahmat taxtasıdır. Kürdlər burada çox qiymətlidirlər. Ona görə də hər iki tərəf onlarla yaxşı münasibətlərdə olmaq istəyir. Nə amerikalılar, nə də ruslar kürdlərdən imtina etməyəcək”, Haldun Solmaztürk bildirir.

Birləşmiş Ştatlar Suriya kürdlərini İŞİD militantlarına qarşı mübarizədə quruda ən yaxşı döyüşən qüvvə hesab edir. Lakin bu Vaşinqton bu maraqları NATO üzrə müttəfiqi olan Türkiyə ilə yaxşı münasibətlərə malik olmaqla balanslaşdırmalıdır.

Türkiyənin baş naziri Binali Yıldırımın bu həftə Vaşinqtona səfəri zamanı ABŞ-ın Suriya kürdlərinə dəstəyə son qoyması üçün təzyiq göstərəcəyi gözlənilir. ABŞ rəsmiləri Moskvanın belə bir addımdan istifadə etmək üçün gözlədiyindən yaxşı xəbərdardır.

XS
SM
MD
LG