Accessibility links

AXCP üzvlərinin apelyasiya şikayəti təmin edilməyib


Milli Şura Bakıda "Talana son!" şüarları ilə mitinq keçirib (arxiv)
Milli Şura Bakıda "Talana son!" şüarları ilə mitinq keçirib (arxiv)

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun apelyasiya şikayətini təmin etməyib. Məhkəmə onun barəsində birinci instansiya məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.

Məmməd İbrahimin oğlu Mehdi İbrahim Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (antiepidemiya, sanitariya-gigiyena və karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olduqda və ya buna təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunur.

Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Mehdi İbrahimin iyulun 22-də Penitensiar Xidmətin vərəm xəstələri üçün ixtisaslaşdırılmış 3 saylı müəssisəsinə (tubzon) köçürüldüyü deyilir. İstintaqın iddiasına görə, Mehdi İbrahim koronavirusa yoluxduğuna görə, ev karantinində olub, lakin qaydaları pozaraq evdən çıxıb. Atası isə deyilənləri təkzib edib.

Məmməd İbrahimin bir qədər öncə dediyinə görə, oğlu iyulun 14-də keçirilən orduya dəstək aksiyasında saxlanıb. O, oğluna ittihamın onun siyasi fəaliyyəti ilə bağlı quraşdırıldığını açıqlamışdı.

İyulun 26-da saat 12 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də saxlandığı bildirilir.

Lakin Azərbaycanın rəsmi qurumları rəsmi açlıqlama yaymayıb.

Bakı Apelyasiya Məhkəməsində həmçinin digər AXCP üzvləri - Məhəmməd İmanlı, Ramid Nağıyev, Ayaz Məhərrəmov, Baba Süleymanov və Seymur Əhmədov barədə vəkillərin verdiyi şikayət də təmin edilməyib.

AXCP mətbuat xidməti bildirib ki, təqsirləndirilən şəxslərin heç biri məhkəmə iclasına gətirilməyib, heç online da qoşulmayıblar.

Vəkillər deyir ki, apellyasiya şikayətinə baxılan AXCP üzvlərinin heç biri özünü təqsirli bilmir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

Hüquq müdafiə təşkilatının həbslərlə bağlı araşdırması

“Müdafiə xətti” hüquq-müdafiə təşkilatınının araşdırmalarından məlum olur ki, iyulun 14-15-də orduya dəstək nümayişi ilə bağlı cinayət işi üzrə 29 nəfər həbs edilib.

Həbs olunanlardan 14 nəfəri Xalq Cəbhəsi Partiyasının, 1 nəfər Demokratiya və Rifah Hərəkatının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının, 1 nəfər Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlıər naziridir. Qalanları bitərəfdir.

Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxsləri 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların hamısı barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Aksiyanın daha üç iştirakçısı Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi (karantin rejiminin pozulması, yoluxucu xəstəliklərin yayılmasına səbəb olduqda) üzrə cəlb edilib.

Onların ikisi AXCP üzvü, biri isə AXCP üzvü Məmməd İbrahimin oğludur. Bu maddə üzrə maksimum cəza 3 il azadlıqdan məhrumetmədir.

Bundan əlavə, AXCP-nin 9 üzvü inzibati qaydada həbs edilib. Daha yeddi nəfər saxlanıldıqdan sonra sərbəst buraxılıb.

“Müdafiə xətti” təşkilatı həbs olunanların sayının daha çox ola biləcəyini istisna etmir.

Rəsmi qurumlar saxlanılanlar və həbs edilənlərin sayı ilə bağlı hələ məlumat yaymayıb.

“Müdafiə xətti" bu ilin iyulunda yaradılıb. İcraçı direktoru prokurorluğun keçmiş müstəntiqi və siyasi məhbus Rüfət Səfərovdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG