Accessibility links

ADR Hərəkatı Azərbaycan Prezidentinin Ehtiyat Fondunun ləğv edilməsini təklif edir


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Prezidentin Ehtiyat Fondunun ləğv edilməsini təklif edir.

Belə ki, 2006-cı ildən etibarən dövlət büdcəsinin bir hissəsi prezidentin ehtiyat fondu vasitəsilə xərclənir.

Ötən 13 il və cari il də nəzərə alınmaqla Azərbaycan prezidenti hər il orta hesabla 240 milyon manata qədər vəsait üzərində birbaşa sərəncam vermək hüququna malikdir.
ADR Hərəkatının məlumatından sitat

“Bu dövrdən indiyə qədər prezidentin ehtiyat fondu vasitəsilə büdcədən 3 milyard 347 milyon manat vəsait ayrılıb. Ötən 13 il və cari il də nəzərə alınmaqla Azərbaycan prezidenti hər il orta hesabla 240 milyon manata qədər vəsait üzərində birbaşa sərəncam vermək hüququna malikdir,” ADR Hərəkatının məlumatında deyilir.

Azərbaycanın 2019-cu il üçün dövlət və icmal büdcələrini özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” kitabında qeyd olunur ki, ehtiyat fondları dövlət büdcəsində nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün yaradılmış maliyyə mənbələridir. Ehtiyat fondlarının tərkibinə dövlət büdcəsinin ehtiyat fondu və prezidentinin ehtiyat fondu daxildir.

"Büdcə sistemi haqqında" qanuna görə dövlət büdcəsinin ehtiyat fondunun həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən, Azərbaycan Prezidentinin Ehtiyat Fondunun həcmi isə dövlət büdcəsi gəlirlərinin 2 faizindən artıq olmamalıdır.

“2019-cu ilin dövlət büdcəsində dövlət büdcəsinin Ehtiyat Fondu üzrə 100 milyon manat, Prezidentin Ehtiyat Fondu üzrə isə 300 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir ki, cari ilin büdcəsindən ehtiyat fondlarına ayrılan 400 milyon manat vəsaitin dördə üçü prezidentin, dördə biri isə dövlət büdcəsinin ehtiyat fonduna yönəldilir. Bunun özü də ədalətsiz bölgüdür.”

Prezidentin Ehtiyat Fondundan xərclənən vasitin illər üzrə göstəricisi
Prezidentin Ehtiyat Fondundan xərclənən vasitin illər üzrə göstəricisi

“Büdcə sistemi haqqında" qanuna görə, prezidentinin ehtiyat fondunun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Bu vəsait müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.

“Amma təəssüflə qeyd etməliyik ki, bununla bağlı qaydalar mövcud deyildir. Qanuna görə, prezidentin ehtiyat fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər. Hesab edirəm ki, bu da büdcə sisteminin tamlığına və vahid təqvim ilində mövcuduluğuna dair tələblərə ziddir. Belə ki, “Büdcə sistemi haqqında" qanuna görə büdcə ili - yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrü əhatə edir,” Hərəkatın lideri Qubad İbadiğlu qeyd edir.

Cari ildə prezidentin ehtiyat fondu sivil ölkələr arasında yalnız Azərbaycanda fəaliyyət göstərir.
ADR Hərəkatının məlumatından sitat

Qanunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

“Lakin ötən və əvvəlki prezident seçkilərində (2018 və 2013-cü illər) qanunun bu maddəsinin tələblərinə əməl qoyulmayıb. Hələ 2012-ci ildə Milli Büdcə Qrupunun 22 ölkənin təcrübəsinə istinadən apardığı tədqiqat göstərdi ki, Prezidentin Ehtiyat Fondu araşdırmaya cəlb edilən ölkələr arasında yalnız Azərbaycan və Gürcüstanda mövcuddur. 2018-ci ilin dekabr ayında Gürcüstan parlamenti ölkə prezidentin ehtiyat fondunu ləğv edib. Bu isə o deməkdir ki, cari ildə prezidentin ehtiyat fondu sivil ölkələr arasında yalnız Azərbaycanda fəaliyyət göstərir,” ADR Hərəkatı qeyd edir.

Odur ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı gələn büdcə ilindən etibarən prezident ehtiyat fondunun ləğv edilməsini təklif edir.

XS
SM
MD
LG